GƏNCƏDƏ YAZIÇI ÜMBÜLBANU HACIYEVANIN YUBİLEYİ

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Ümbülbanu İmani Hacıyevanın 60 illik yubileyi qeyd edilib.

Yubiley tədbirini AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi şair-dramaturq Xəzangül çıxış edərək istedadlı yazıçı Ümbülbanunun həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verib. O bildirib ki, indiyədək “Qarımış qızlar”, “Ötən ilin şaxta babası”, “Qırmızı nöqtələr”, “Ağlayaq yoxsa gülək” və sair kitabları çıxmış yazıçı öz əsərlərində həyat reallıqlarını bədii təsvir vasitələrilə qələmə almağı ustalıqla bacarır. Onun əsərləri oxunaqlı və düşündürücüdür. Çıxışının sonunda Xəzangül yubilyara AYB Gəncə bölməsinin fəxri fərmanını təqdim edib.

Yubiley tədbirində şair-dramaturq, tərcüməçi, İctimai TV-nın əməkdaşı İmir Məmmədli də çıxış edərək Ü.İmani Hacıyevaya təbdirklərini və xoş arzularını çatdırıb.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva həmin universitetdə fəaliyyət göstərən yubilyara rektor Yusif Yusifovun təbriklərini çatdıraraq universitetin fəxri fərmanını ona təqdim edib.

Ağsaqqal yazıçı Qərib Mehdi yubilyarı təbrik edərək “Yüksəliş” qəzetinin əməkdaşı kimi onun fəaliyyətindən söz açıb.

Şair və yazıçılardan Bayram Apoyev, Sahib İbrahimli, Aydın Murovdağlı, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zəfər Abbasov, Zülfiyyə Yaqub, Maqbet Əhmədov, Minayə Abdullayeva, Eltun Türkel də yubilyar haqqında ürək sözlərini söyləyiblər.

Gəncə Dövlət Universitetinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mir Cəlal Paşayev ev muzeyinin əməkdaşları da təbriklərə qoşulublar.

Ü.İmani Hacıyeva tədbirin təşkilində zəhməti olanlara təşəkkürünü bildirib.

Nurlana

Şərhlər bağlıdır.