DİN PƏRDƏSİNƏ BÜRÜNMÜŞ RƏZİLLİK

İran kimi teokratik dövlətin müasir dünyada mövcudluğu zamanın inkişaf istiqaməti ilə üst-üstə düşmür.

Müasir İranın həm daxili, həm xarici siyasəti ikili standartlar, bəzən isə hətta riyakarlıq üzərində qurulub. İran İslam Respublikası çoxmillətli ölkədir və burada böyüklü-kiçikli 80-dən çox xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta dini məzhəb cəhətdən biri digərindən, o cümlədən farslardan fərqli olsalar da, onların hamısı “iranlı” və ya “İran milləti” adlandırılır. Farslardan əlavə, bu ölkədə 40 milyona yaxın Azərbaycan türkü, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və sair millətlər yaşayır, ancaq İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dilində bir məktəbi belə yoxdur.

Halbuki bu ölkənin Konstitusiyasının 4-cü maddəsində aydın yazılıb ki, “İran xalqı hansı etnik qrup (qövm), qəbilədən olmasından asılı olmayaraq, bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir”.

Ermənilərdən başqa, onların sayı 120-150 min arasında göstərilir, qeyri-müsəlmanlar təqib olunur, onlara qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini və məzhəb ayrı-seçkiliyi ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Rəsmi Tehran Əsas Qanunun 11-ci maddəsini də – “Bütün müsəlmanlar bir ümmətdir və İran İslam Cümhuriyyəti öz ümumi siyasətini islam xalqlarının birlik, vəhdət və həmrəyliyi əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi və mədəni vəhdətin gerçəkləşməsi üçün ardıcıl səy göstərməyə borcludur” prinsipini  də kobud surətdə pozur. Halbuki müsəlman Azərbaycan Respublikasına qarşı düşmən olan, onun ərazisinin 20 faizini işğal edən, 1 milyona qədər azərbaycanlını öz doğma yurdundan qaçqın və köçkün salan ermənilərə qonşu İran İslam Respublikasında geniş meydan verilib.

Ermənilərə İranda 30-dan çox məktəbdə ana dilində təhsil almaq şəraiti yaradılıb, həmçinin İsfahan və Tehran universitetlərində erməni dilində fakültələr fəaliyyət göstərir. Azərbaycanın tarixi, ədəbiyyatı, milli varlığı əleyhinə erməni müəlliflərinin çoxsaylı kitab, dərgi və qəzetlərinin çapına icazə verilib. İran nəşriyyatları türk dünyası, o cümlədən Azərbaycan əleyhinə yazılmış erməni müəlliflərinin əsərlərini məmnuniyyətlə çap etdikləri halda, azərbaycanlı müəlliflərin milli ruhlu yazıları basqılara məruz qalır. Qara Kilsə adlanan Güney Azərbaycanın qərb bölgəsindəki yerdə erməni keşişinin “tarixi” qəbri İran və dünya erməniləri tərəfindən hər il iyun ayının 24-də təntənəli ziyarət olunduğu halda, Azərbaycan xalqının milli qəhrəmanı Babəkin adını daşıyan “Babək qalası”na ziyarətə getmək, orada kütləvi görüşlər keçirmək neçə ildir yasaq edilib, buna təşəbbüs göstərənlər isə təqib olunurlar. BMT tərəfindən elan olunmuş “Ana dili günü”nün Güney Azərbaycanda və digər qeyri-fars əyalətlərində qeyd olunmasına icazə verilmir. Təbrizdə, Urmiyada, Ərdəbildə azərbaycanlılar tərəfindən çap olunan dərgi və qəzetlərin redaksiyaları (ofisləri) bağlanmış, yazarlarından bir qismi həbs olunmuş və ya böyük məbləğdə cərimələnmişlər. Mədəni və milli hüquqlarını tələb edən azərbaycanlı fəallar təqib edilir və qondarma ittihamlarla həbs olunur, işgəncələrə məruz qalır, edama məhkum edilirlər.

İran qapalı ölkədir. Belə ölkələrdə həmişə çalışırlar ki, daxildəki informasiyanı gizlətsinlər. İrandakı son zəlzələ zamanı tələfatın gizlədilməsi cəhdləri, dünya ölkələrinin yardım istəklərindən imtina edilməsi bu rejimin öz xalqına qarşı sərt mövqe sərgilədiyini nümayiş etdirir. İnsanlar tələf olub. İlk növbədə düzgün məlumat verməlidirlər. Kömək əlini uzadan ölkələrin yardımını qəbul etməlidirlər. Bu da çətin vəziyyətə düşən insanlara bir qədər kömək olar. Amma, təəssüf ki, İran rəhbərliyi həmişə əks mövqe tutur. Hesab edirəm ki, İran kimi teokratik dövlətin müasir dünyada mövcudluğu zamanın inkişaf istiqaməti ilə üst-üstə düşmür. Molla rejimi özü köhnəliyin qalığı kimi görünür. 1979-cu ildən bu yana bu rejimin başında duranların əsas məqsədi sistemin həyatını uzatmaqdır. Amma tarixin axarına qarşı getmək mümkün deyil. XXI əsrdə Orta əsrlər qayda-qanunu ilə yaşayan dövlətin mövcudluğu nonsensdir. İnanıram ki, İranda gec-tez müəyyən dəyişikliklər olacaq. Ölkə modernləşməlidir. Hər seçki zamanı İranda çox böyük mübarizə gedir. Elə sonuncu prezident seçkiləri zamanı mühafizəkarlarla islahatçılar arasında gərgin mübarizə getdi. Silah və zor gücünə etirazlar yatırıldı. Amma bu, müvəqqəti xarakter daşıyır. Hesab edirəm ki, İran kimi böyük dövləti bu şəkildə idarə etmək uzun sürməz.

İranın Azərbaycanda təsir göstərmək imkanına gəldikdə, bu sahədə çox diqqətli olmalıyıq, çünki bu bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən İranın rəsmi siyasəti ilə gücləndirilir. Lakin bu təsir elə bir uğur qazanmayıb və qazanmayacaqdır. Bu, hər şeydən əvvəl İranın özündə dini hakimiyyətin və bu hakimiyyətin daşıyıcıları olan ruhanilərin hakimiyyətinin sonunun başlanması ilə izah oluna bilər. İranda 43 illik dini, ruhani hakimiyyəti islamın irəli sürdüyü sosial ədalət prinsiplərini reallaşdıra bilmədiyindən indi, necə deyərlər, geri çəkilmək mərhələsinə qədəm qoymuşdur.

İranda ruhanilərin hakimiyyəti uzun illər xalqın xatirində insanların şəxsi həyatı üzərində amansız və sərt nəzarət və bu nəzarəti təşkil və icra edənlərin özbaşınalıqlarının acı təcrübəsi kimi qalacaqdır. Geyimə nəzarət, adət-ənənələrin yerinə yetirilməsinin islam normalarına tabe etdirilməsi, hətta ev şəraitində bu normaların pozulmasının qarşısının alınması, dini ayinlərin yerinə yetirilməsinə sərt nəzarət və sairə buna tutarlı sübutdur. Hətta parlamentə seçkilər zamanı deputatlığa namizədin cümə namazlarında və dövlətin təşkil etdiyi nümayişlərdə iştirak etməsi seçilmək şərtlərindən biri kimi qeyd olunmuşdur. Gənclərin həyat tərzi onların yaş və psixoloji xüsusiyyətlərinin – özünüdərk, özünütəsdiq, kiçik qrupların maraq prinsipi ilə formalaşması və s. tələblərinin ziddinə qurulmuşdur. Əsas diqqət dini ayinlərin yerinə yetirilməsinə yönəldilmişdir. İranda əhalinin orta təbəqələri, xüsusən tələbə gənclər və qadınlar ilk növbədə nəzarətdən xilas olmağa cəhd edərək bu sahədə hər hansı bir müsbət addım atmağa hazır olan qüvvələri dəstəklədiyini nümayiş etdirməyə çalışırlar.

İranda keçirilən hər üç seçkidə (prezident, şuralar və parlament) islam dəyərlərini qoruyub saxlamaq və insanları bu dəyərlərə, xüsusən də ikinci dərəcəli davranış normaları ilə bağlı dəyərlərə riayət etməyə məcbur etmək istəyən və mühafizəkar adlanan qüvvələrin həqiqətdə ağır məğlubiyyəti məhz həmin faktorla, gənclərin (seçicilərin az qala yarısı) və qadınların onlara yox cavabı ilə bağlı olmuşdur.

Gövhər BAXŞƏLİYEVA,
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik

Şərhlər bağlıdır.