ƏRDƏBİL 1945-CI İLİN DEKABR GÜNLƏRİNDƏ

BALAŞ AZƏROĞLUNUN XATİRƏLƏRİNDƏN

1945-ci ilin payızı idi. Ərdəbil kəndlərində biçin qurtarmışdı, taxıl döyülür, xırmandan anbarlarlara daşınırdı. Kəndlilər öz taxılını xırmandan daşıyandan sonra kəndlərdəki Firqə təşkilatı nümayəndələrinin göstərişi ilə ağanın taxılını anbara daşımaqdan boyun qaçırdılar. Ağanın kənddəki mübaşiri, hətta, kəndxudalar da kəndliləri bu işə məcbur edə bilmədilər. Vəziyyəti belə görən bəzi ağalar kəndə jandarm göndərsələr də, bir nəticə vermədi. Kəndlərdə özbaşınalığa adət etmiş məmurlar kəndlilərin üstünə silah qaldıranda camaat jandarmların silahını əlndən alır, özlərini kənddən qovurdular.

Belə həyacanlı günlərin birində Ərdəbilə xəbər gəldi ki, Yurdçu kəndlərinin birində ağa, onun göstərişini yerinə yetirməkdən boyun qaçırmış Müseyib adlı bir nəfəri güllə ilə vurub öldürüb. Bu həyacanlı xəbərdən qəzəblənmiş Ərdəbildəki firqəçilər bir avtobusa dolub haman kəndə getdilər. Ancaq avtobus kəndə çatana qədər qatil etdiyi cinayətin nəticəsinin ağırlığını başa düşüb kənddən qaçmışdı.

Günorta vaxtı Museyibin cənazəsi Ərdəbilə gətirildi və şəhərin ən böyük meydanı olan Alaqapı meydanında mitinq təşkil olundu. Mitinqdə şəhərin firqə nümayəndəsi, ziyalılar, yaxın kəndlərdən gəlmiş adamlar çıxış edib ağaların, şahların üsuli-idarəsinin əleyhinə şüarlar irəli sürür, Müseyibin qanının yerdə qalmayacağına and içirdilər. Sonra cənazəni başları üstünə qaldırmış camaat küçələrdən keçdikcə şəhərin dükanları boşalır, bazar əhli də nümayişçilərə qoşulurdu. Bu həyacanı görən Fərmandar polis rəisi idarəsini qoyub qaçmışdı. Cənazə dəfn olunandan sonra Museyibin kəndlilərindən bir dəstə teleqrafxanaya gedib Tehrana teleqram vurub bəstə oturdular… Tehrandan nümayəndə istədilər.

21 Azər qabağı hadisələr tufandan qabaq dəryada sahilə hücum çəkən dalğalar kimi bir-birini əvəz edirdi. Müseyibin ölümündən bir neçə gün sonra şəhərdə xəbər yayıldı ki, Tasta bazarda (şəhərin üstü örtülü bazarında) bir nəfəri güllə ilə vurub öldürüblər. Öldürülənin şəxsiyyəti məlum oldu: Astara şəhərinin polis rəisi idi. Görənlər nəql edirdilər ki, zahiri geyimindən talış kəndlilərinə oxşayan bir nəfər adam başını və üzünü şərflə sarımışdı, ancaq gözləri görünürdü. O, bazarda rəisin qabağını kəsib uca səslə:-Etdiyin namussuz hərəkətlərin cavabını al-deyib, onu güllə ilə vurub qaçdı…

Demək olar ki, hər gün ətraf kəndlərdən gələn həyacanlı xəbərlər şəhəri vahimə içərisinə salmışdı. Meşkində, Biləsuvarda, Germidə və ətraf kəndlərdə hər gün jandarm postlarının tərk-silah edilməsi xəbəri eşidilirdi. Bu silahlanmış kəndlilərə Ərdəbildən başqa Təbriz, Urmiyə, Zəngan, Sərab, Meşkinşəhr, Astara və s. şəhərlərdə, onların kəndlərində də rast gəlinirdi. Bu zaman ölkədə silahlı dəstələri bir yerə yığıb “Fədai dəstələri” yaratmaq ən mühüm tapşırıqlarından idi. Bu fədai dəstələrinə hər yerdə Azərbaycanın adlı-sanlı, fədakar oğulları başçılıq edirdi. Ərdəbil fədailərinin başçısı Məcid Məhəmmədivənd idi.

Məcid Məhəmmədivəndin başçılığı ilə Ərdəbil fədailəri vilayətin Meşkinşəhr, Muğam, Biləsüvar, Germi, Nəmin jandarm postlarını tərkisilah edəndən sonra Ərdəbil şəhər jandarmlarını tutdular. Dekabr ayında hadisələr elə sürətlə inkişaf etdi ki, az müddətdə şəhərin postları teleqraf, polis və dövlət idarələri də fədailəri əlinə keçdi. Təbrizdə qoşun fədailərə təslim olduqdn sonra bütün şəhərlərdəki, o cümlədən Ərdəbildəki qoşun hissələri də təslim oldu.

Yadımdadır ki, qoşun təslim olanda firqə və fədai nümayəndələri qoşun hissələrində olan azərbaycanlı əsgər və zabitlərə müraciət edirdilər ki, qalıb fədailərlə birlikdə fəaliyyət etsinlər. Onlardan qalıb fədailərə qoşulanlar da oldu, çıxıb Tehrana gedənlər də. Beləliklə ötən hər gün Güney Azərbaycanın qurtuluş günü olan 21Azərə yaxınlaşdırırdı…

Təqdim etdi: Namiq Kamal

Şərhlər bağlıdır.