“Şərqşünaslıq” jurnalının səhifələrində
Şərqşünas alimlərimiz ərəb və farsdilli KİV-də iyul hadisələrindən yazıblar
Akademik Ziya Bünyadav adına Şərqşünaslıq İnstitutu 2020-ci il ilə eyni adlı jurnalın nəşri ilə yekun vurdu. Orada elmi ictimaiyyəti maraqlandıran yazılar içərisində alimlərdən Əkrəm Rəhimlinin (Bije) “Seyid Cəfər Pişəvərinin İran Xalq Partiyasına üzvlüyünə dair”, Pərvanə Məmmədlinin “Xalqının bədii salnaməsini yazan şair” (Bulud Qaraçöp-Səhənd), Lətifə Mirzəyevanın “Həsən Məcidzadə Savalanın əsərlərində xalq adət və ənənələrinin əksi” və sair Güney Azərbaycanla bağlı yazılar diqqəti çəkir. 21 Azər hərakatının iştirakçısı olmuş Soltanəli Mirzəzadənin vəfatına nekroloq həsr olunub.
Redaksiyamız hələlik həmin materiallardan ilk olaraq filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun “Şərqşünas alimlərimiz ərəb və farsdilli KİV-də iyul hadisələrindən yazırlar” sərlövhəli yazını təqdim etməyi məqsədə müvafiq bildik. Axtarış və tədqiqatların nəticəsi olan materialı sizlərin mühakimənizə veririk.
Şərqşünas alimlərimiz ərəb və farsdilli KİV-də iyul hadisələrindən yazıblar
Cari ilin iyul ayında Ermənistan hərbi qüvvələrinin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atmaqla silahlı hücuma keçməsi və Azərbaycan şanlı ordusunun qətiyyətli cavabı dünyanın nüfuzlu mətbu orqanlarında və sosial şəbəkələrdə marağa səbəb olub. Xüsusi ilə ermənilərin təkcə hərbi təxribat deyil, həmçinin informasiya müharibəsi çərçivəsində müxtəlif platformalarda Azərbaycanla bağlı dezinformasiyalar yayması azərbaycanlı ziyalıları hərəkətə gətirib və ermənilərin təcavüzkar siyasətini ifşa edən elmi və publisistik məqalələrin dünyanın nüfuzlu xəbər agentliklərində dərc edilməsinə zəmin yaradıb. Məhz bu istiqamətdə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, t.ü.f.d., dosent Sübhan Talıblı və elmi işçi Elnur Mustafayevin birlikdə bir ay ərzində Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Dağlıq Qarabağın işğalı, habelə ermənilərin törətdiyi soyqırım və hərbi təcavüzlə bağlı hazırladıqları ondan çox məqalə ərəb və fars dillərində olmaqla Misir Ərəb Respublikası, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Livan Respublikası, İran İslam Respublikasında 60-dan çox nüfuzlu qəzet, sayt, xəbər agentlikləri və informasiya portallarında yayımlanıb.
İlk öncə tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının iyul hadisələri ilə bağlı “Azərbaycanın şanlı ordusu layiqli cavab verdi”, “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni köçürmə siyasəti həyata keçirir”, “ASALA terror təşkilatının Azərbaycanda törətdiyi terror hadisələri”, “Qara Yanvar”, “Qubadlının işğalı” adlı məqalələri ərəb dilində Misir Ərəb Respublikasının “əl-Diplomasi”, “Şabab əl-Nil”, “Asiya əl-youm”, “əl-Vəsilə”, “əl-Daulə”, “əl-ümmət”, “Səda” xəbər agentlikləri və informasiya portallarında, İordaniya Haşimilər Krallığının “Neyruz”, “Nəbz”, “Şərq” informasiya portallarında yerləşdirilib.
Bundan başqa dos. S.Ə.Talıblının Özbəkistan Respublikasının “orol24.uz” portalında rus dilində “Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, Dağlıq Qarabağın və ətraf rayonların işğalı”, fikr.uz portalında rus dilində “Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti”, “fikr.uz” portalında rus dilində “Xocalı faciəsi”, orol24.uz” portalında rus dilində “20 Yanvar faciəsi”, “orol24.uz” portalında rus dilində “Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən faciə” və s. haqqında məqalələri yayımlanıb.
Şərqşünas-alim S.Talıblının həmçinin Qazaxıstanda https://ea-news.kz və https://qazaquni.kz xəbər portallarında rus dilində “Bəşəriyyət tarixində ən qorxunc faciə: Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım”, eləcə də https://ea-news.kz- xəbər portalında rus dilində “20 Yanvar faciəsi”, “Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, Dağlıq Qarabağın və ətraf rayonların işğalı”, “Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti”, “Xocalı faciəsi”, “Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən faciə” və s. mövzularda məqalələri yayımlanıb.
Müəllif məqalələrdə Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasəti, ermənilərin böyük dövlətlərin gücü ilə tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi, ASALA terror təşkilatının Azərbaycanda törətdiyi terrorlar, Xocalı soyqırımı, Azərbaycan Ordusunun ermənilərə layiqli cavab verməsi və s. məsələlər bərədə faktlar əsasında ətraflı məlumat verib. Məqalələrdə, həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırma aparmasına, Azərbaycan xalqına məxsus maddi mədəniyyət abidələrini təhrif və məhv etməsinə, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatların bir sıra beynəlxalq və regional təşkilatların qərar və hesabatlarında, xarici və yerli KİV-də, bir çox tədqiqatlarda əksi, beynəlxalq və regional təşkilatların mövqeyi, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə olunması, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirməsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərarı”, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyinin müəyyən edilməsi, Azərbaycanın məlumatlarına görə isə bu rəqəmin 13 mindən artıq olması barədə də məlumatlar verilib.
Sübhan Talıblı və Elnur Mustafayevin birgə hazırladıqları geniş həcmli “Bəşəriyyət tarixində ən qorxunc faciə: Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım” adlı məqalə ərəb dilində Misir Ərəb Respublikasının “əl-Diplomasi”, “Şabab əl-Nil”, “Asiya əl-youm”, “əl-Vəsilə”, “əl-Daulə”, “əl-Ümmət”, “Səda” xəbər agentlikləri və informasiya portallarında, İordaniya Haşimilər Krallığının “Neyruz”, “Nəbz”, “Şərq” informasiya portallarında dərc edilib. İnstitutun əməkdaşları məqalədə ermənilərin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən bəhs edib, xüsusi ilə 1992-ci il 26 fevralda Xocalıda törədilmiş insanlıq faciəsi barəsində ətraflı məlumatlar veriblər. Belə ki, Sübhan Talıblı məqalədə ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırım haqqında mötəbər mənbələrə əsaslanmaqla faktları və statistik məlumatları qeyd edib. “Din və ictimai fikir tarixi” şöbəsinin elmi işçisi Elnur Mustafayev məqalədə ermənilərin keçən əsrin 80-ci illərinin ikinci yarısından Azərbaycanın tarixi ərazilərinə irəli sürdüyü torpaq iddiaları haqqında məlumat verib. Həmçinin müəllif məqalədə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycanın maddi və mənəvi aləminə, həmçinin iqtisadiyyatına dəymiş zərərlər haqqında məlumatları paylaşıb.
Sübhan Talıblı və Elnur Mustafayevin birgə hazırladıqları “Azərbaycan Respublikasının enerji diplomatiyası” adlı məqalə bir neçə Ərəb ölkəsinin məşhur xəbər agentlikləri və informasiya portallarında yerləşdirilib. Birləşmiş Ərəb Əmirliklərinə məxsus, geniş oxucu kütləsinə malik gündəlik “əl-Fəcr” qəzetində yuxarıda qeyd edilmiş məqalə ərəb dilində nəşr olunub və məqalədə Azərbaycanın neft və qaz istehsalının tarixi əsaslarından, habelə Azərbaycan müstəqillik əldə etdikdən sonra enerji sahəsində həyata keçirdiyi layihələr haqqında bəhs edilib. Bundan başqa, Sübhan Talıblı və Elnur Mustafayevin birgə hazırladıqları “Azərbaycan Respublikasının enerji diplomatiyası” adlı məqalə Birləşmiş Ərəb Əmirliklərinə məxsus “dubaiiconiclady”, “Emirates-torism”, “dubaihospitalitynews” xəbər portallarında yerləşdirilib.
Şərqşünas alimlərin hazırladığı məqalə həmçinin Misir Ərəb Respublikasının məşhur xəbər portalı “əl-Diplomasi”də “Azərbaycanın enerji diplomatiyası dünyanın diqqət mərkəzində” başlığı altında nəşr edilib. Məqalədə azərbaycanlı mütəxəssislər “Əsrin müqaviləsi”, “TANAP” və “TAP” layihələri haqqında ətraflı məlumat verib və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolundan söhbət açıblar. O cümlədən, məqalə Misir Ərəb Respublikasının digər xəbər portalı “Şəbab əl-Nil”də “Azərbaycanın yüksəlişi və enerji sahəsində regional mərkəzə çevrilməsi” başlığı ilə yayımlanıb. Məqalədə Azərbaycanın neft və qaz strategiyasında ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi addımlardan və neft və qaz sektorunun inkişafında oynadığı roldan söhbət açılıb. Şərqşünaslıq İnstitutunun əməkdaşlarının yazdıqları “Azərbaycanın enerji diplomatiyası” adlı məqalə Misir Ərəb Respublikasının “Deyra nyus” xəbər portalında yerləşdirilib. Məqalədə Azərbaycanda neft istehsalının tarixi ənənələrindən, həmçinin müstəqillikdən sonra lokal, regional və qlobal müstəvidə bağlanılmış neft müqavilələrindən geniş şəkildə bəhs olunub. Həmçinin, müəlliflər Azərbaycanın neft strategiyasında regionun, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu, eləcə də digər məsələləri qeyd ediblər. Bundan başqa mütəxəssislərimizin yazdığı məqalə Misir Ərəb Respublikasının “əl-Daulə”, həmçinin “əl-Vəsilə” xəbər portallarında da yayımlanıb. Məqalə digər ərəb ölkəsi İordaniya Haşimilər Krallığının məşhur “Neyruz”, “Nəbz”, “Şərq” xəbər agentliyi və xəbər portallarında nəşr edilmişdir.
Vüqar Məmmədov,
filologiya üzrə fəlsəfə doktoru
Şərhlər bağlıdır.