İsraillə əməkdaşlıq xəyanətdirsə, İrəvana qardaşlıq nədir?

İranda teokratik rejimin rəhbəri Əli Xamenei İsraillə əməkdaşlıq edən İslam
ölkələrini xəyanətkar adlandırıb. İddia edib ki, “onlar İslam ümmətinə xəyanət
edirlər”.
Xameneinin “onlar” deyə nəzərdə tutduğu ölkələr İsraillə bu və ya digər formada
əlaqələrə malik olan ölkələrdir. Molla rejimində “onlar İsraillə düşmənçilik
edirsə, bütün ölkələr etməlidir” kimi siyasi narsizm mövcuddur. Lakin İslam
ölkələrini “satqın” adlandıran Xameneinin bu açıqlaması açıq suallar da yaradır:
– İran rejimi doğrudanmı İslam ümmətinin maraqlarını düşünür?
– İslam ümmətinə gerçəkdə xəyanəti hansı ölkə edir?
Xamenei bu sözləri ilə Fələstini düşündüklərini göstərsə də, əslində İranın
İsrailə qarşı siyasətdə Fələstin məsələsindən sui-istifadə etdiyi gerçəyi heç vaxt
dəyişməyib. Hazırda Qəzzada baş verənləri tətikləyən Həmasın 7 oktyabr
hücumunun arxasında İranın dayandığı, yaxud molla rejiminin bu müharibəni
ən azı körüklədiyi reallığı ortadadır. Çünki 7 oktyabr 2023-cü il hücumundan
öncə Tehrana səfər edən Həmas qruplaşmasının liderlərinin əsas müzakirə
mövzusu İsraillə ərəb ölkələrinin normallaşan münasibətlərinin qarşının
alınması idi. Bu səfərdən sonra Həmasın hücuma keçməsi diqqəti İranın
üzərinə yönəltdi. Hazırda Qəzzada mülki insanların öldürülməsinə heç kim
haqq qazandıra bilməz, amma vəziyyətin bu həddə çatmasında bu gün İsraillə
əlaqələri “xəyanət” adlandıran Xameneinin rəhbərlik etdiyi rejimin də payı var.
Və bu gerçəkdir ki, Qəzzada bombalar altında qalan fələstinlilər İran üçün siyasi
vasitədən başqa bir şey deyil. Belə olmasaydı, hər gün fələstinlilərdən danışan
İran sözdə deyil, əməldə hərəkətə keçər, ən azı mülki fələstinlilərin müdafiəsi
üçün praktiki müstəvidə nəsə edərdi. Baş verənlər İranın İslam ümmətinin yox,
öz maraqlarını düşündüyünü təsdiq edir. Yoxsa, SEPAH tərkibində yaratdıqları
“Qüds” adlı elit qüvvə Ermənistan üçün yox, Qüds uğrunda mübarizə aparardı.
Artıq sirr deyil ki, Yaxın Şərqdə silahlı qruplaşmalar yaradan və öz maraqları
naminə döyüşdürən İran İslam ümmətinə istismar etdiyi “kütlə” kimi baxır.
Və bütün bunlar İslam ümmətinə xəyanət edən ölkənin İranın özü olduğunu
deməyə əsas verir. Çünki İran təkcə dəstəklədiyi silahlı qruplaşmalarla İslam
ölkələrində “qan tökmür”, fələstinliləri öz siyasətinin qurbanına çevirmir, həm də
əli müsəlman qanına batan ölkələrlə, konkret desək, Ermənistanla qardaşlıq
münasibətlərinə malikdir.
Birinci Qarabağ müharibəsində – Ermənistan Azərbaycan torpaqlarını işğal
edəndə, azərbaycanlılara qarşı soyqırımılar törədəndə adında İslam sözü olan
İran müsəlmanların ölkəsi olan Azərbaycanı yox, müsəlmanları qətlə yetirən
Ermənistanı dəstəklədi. “Azərbaycana saqqız, Ermənistana silah” – bu, İranın
1990-cı illərdə Qarabağ müharibəsi zamanı həyata keçirdiyi siyasətin əsas
devizini təşkil edirdi. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistan kimi ölkələr
Qarabağda İslam ümmətinə edilən zülmə görə Ermənistanla əlaqələri kəsəndə,
İran işğalçı Ermənistana da, onun Qarabağda yaratdığı separatçı-terrorçu
rejimə də hərtərəfli dəstək verirdi.
– Azərbaycana məxsus maddi-mədəni abidələri və sərvətləri erməni
separatçılarla birlikdə talayır;
– Separatçılara siyasi-iqtisadi dəstək verir, media vasitəsilə onları legitimləşdirir;
– Məscidlərdə donuz saxlayan, İslam abidələrini təhqir edən ermənilərlə
“qardaşlaşırdı”;
Bu, molla rejiminin gerçək üzüdür. Bu üzü 44 günlük müharibədə daha aydın
gördük. Azərbaycan torpaqlarındakı işğala son qoyanda İran bütün vasitələrlə
işğalçının yanında oldu. Təkcə siyasi-iqtisadi dəstəklə kifayətlənmədilər, həm
də birbaşa döyüş əməliyyatlarında bu və ya digər formada Ermənistan
tərəfindən iştirak etdiklərinə dair faktlar var.
– Xudafərin körpüsünün yaxınlığında quraşdırdıqları radar sistemləri və dinləmə
stansiyaları vasitəsilə Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları,
əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda topladıqları
məlumatları Ermənistanın Baş Qərargahına ötürüblər;
– Döyüşlərin getdiyi vaxt Azərbaycan ərazisinə müdaxilə edərək, ordumuzun
hərəkət sürətini azaltdılar və bununla işğalçı Ermənistan ordusuna vaxt
qazanmaq, həm də daha çox əsgərimizi şəhid etmək şəraiti yaradıblar;
– Ermənistana silah-sursat daşınmasında tranzit rolunu oynayıblar;
44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı siyasəti daha da
aqressivləşdi və Ermənistana dəstəyi daha açıq müstəviyə keçdi. Ermənistan
sərhədini “qırmızı xətt” elan edən və erməni maraqlarının müdafiəsi məqsədilə
Azərbaycan sərhədinə ordu yeridən İranın İslam ümmətindən danışması
ironikdir. Bu gün bölgədə Ermənistanı dəstəkləyən, erməniləri Azərbaycana
qarşı silahlandıran, bu ölkəyə silahların daşınmasında tranzit rolunu oynayan
da İrandır.
Tehranın İslam düşməni olan Ermənistana sevgisi o qədərdir ki, bu ölkənin
Cənubi Qafqazı poliqona çevirmək siyasətinə, Qərb qüvələrini bölgəyə
gətirməsi faktına və İran sərhədlərinin dibində hərbi baza yaratmasına belə göz
yumur. Məsələ Ermənistan olanda molla rejimi “üç meymunu” oynayırlar:
görmürlər, eşitmirlər, danışmırlar.
Bütün bunların fonunda Xameneinin İsraillə əlaqələr quran İslam ölkələrini
“xəyanətkar” adlandırması gülünc olduğu qədər, məkrlidir də. Və bu faktlar
İranın ünvanına suallar yaradır:
– Ağaye Xamenei, İsraillə əlaqələr quran ölkələr “xəyanətkardırsa”, bəs İslam
dinini təhqir edən, əli müsəlman qanına batmış Ermənistanla əməkdaşlıq edən
İslam ölkələrinə nə ad verək? 30 ildən artıqdır Ermənistanı dəstəkləyən İran
İslam hümmətinə xəyanət etmirmi?
İran bu suallara cavab verməlidir, çünki Ermənistanı dəstəkləyən Xameneinin
İsrail məsələsində İslam ölkələrini “satqın” adlandırması və bunu İslam
hümmətinin maraqları naminə etdiyini iddiası etməsi yalandan başqa bir şey
deyil. Həzrət Əli yalanı xəyanətə bərabər tutur və bunu imansızlıq adlandırırır.
Bu gün Ermənistanı dəstəkləyən İranın timsalında xəyanətkar da, imansızlıq
edən də ortadadır.
Axar.az-ın mövqeyi

Şərhlər bağlıdır.