Dərdimi necə deyim, vallah deyə bilmirəm,
Mən necə üsyan edim yerə, göyə bilmirəm.
Başıma qara salıb, qara geyə bilmirəm
Bu şəhid balaların ölən çağı deyildi.
Ağlattılar daşı da, torpağı da, ay Allah,
Sındırdılar bir körpə budağı da, ay Allah
Bağlı qaldı neçə bəy otağı da, ay Allah,
Bu şəhid balaların ölən çağı deyildi.
Bir gəlinin əlindən getməmişdi hənası,
Bir gülləyə dağıldı onun ömür dünyası,
İndi analar tutur oğul yası, qız yası,
Bu şəhid balaların ölən çağı deyildi.
Bu zamanın hökmünə, inana bilmirəm mən,
Bu dərdlərin önündə yenə əyilmirəm mən.
Sənə təsəlli sözüm niyə çatmır ey Vətən,
Bu şəhid balaların ölən çağı deyildi.
Dayanmışam kədərlə məzarların önündə,
Dönür göz yaşlarına göydə duman da, çən də
Dünya mənə dar gəlir, elimin dar günündə,
Bu şəhid balaların ölən çağı deyildi.
Hələ çoxlu fidanın boy atası vaxtıdır,
Quşların körpələri oyadası vaxtıdır.
Çox anannın kam alıb, toy tutası vaxtıdır,
Bu şəhid balaların ölən çağı deyildi…
Şərhlər bağlıdır.