Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin
“Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan”
bəyanatını pisləyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına
dair şərhində bildirilib.
“Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrın
tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə
rədd edirik”, – şərhdə vurğulanıb.
Bildirilib ki, Kanadanın baş diplomatı “beynəlxalq hüququn
norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla
Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı
reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya
və faktları təhrif etməklə məşğuldur”:
“O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin
qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib
saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi
üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması
faktından da xəbərsizdir”.
Ayxan Hacızadənin sözlərinə görə, Jolinin “Qarabağ bölgəsi
ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici
siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu”
göstərir.
“Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə
yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi
etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər
barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren
ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata
keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu
tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar”, – XİN-in
mətbuat katibi bildirib.
Kanadalı diplomatın Qarabağdan olan “1 milyona yaxın
məcburi köçkünün və Ermənistandan zorla deportasiya
edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç
vaxt dəstək və maraq göstərmədiyini” xatırladan XİN rəsmisi
“regionda humanitar böhranla bağlı iddiaların Kanadanın
Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisi”
olduğuna diqqət çəkib:
“Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar
olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur”.
“Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar
regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında
gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey
deyil”, – o əlavə edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.