Türkiyənin hakim partiya rəsmisi: “Co Bayden kürddür”

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının üzvü, keçmiş millət vəkili, hazırda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin üzvü olan Orxan Miroğlu ABŞ prezidenti Co Baydenlə bağlı maraqlı iddia ortaya atıb.
Yerli “Hürriyət” qəzetinin məlumatına əsasən, Orxan Miroğlu Birləşmiş Ştatların dövlət başçısı Co Baydenin kürd olduğunu söyləyib.
“Doğrudur bu informasiyanın ciddiliyinə inanmaq çətindir. Amma mənim bir dostum Co Baydenin kürd əsilli olduğunu dedi. Üstəlik onun əsl adı Simoy Bahəddin Ağa olub, özü də Buruki aşirətindən (tayfa-red.) imiş. Co Baydenin ailəsi isə vaxtilə İrəvandan ABŞ-a köçüb”,-deyə o bildirib.
Qeyd edək ki, Orxan Miroğlu bu iddiasını “tvitter” hesabından yayıb. AKP-li siyasətçinin tviti böyük marağa, hətta məsxərəyə səbəb olub.
Çünki məlum olduğu kimi III Co Bayden Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib.
Sonradan Orxan Miroğlu niyə belə bir tvit atdığına aydınlıq gətirib. Onun sözlərinə görə, burada əsas məqsəd kürdləri Co Baydenə əbəs yerə ümid bəsləməkdən çəkindirməkmiş. O bildirib: “Əvvəllər “Obama gələcək, dərdlər bitəcək” deyilirdi. Amma sonradan nə olduğu bilinir. İndi də Bayden haqqında “kürdlər və Yaxın Şərqlə bağlı mühüm addımlar atacaq” deyirlər. Mən ona görə belə bir cümlə yazdım. Ona qalsa hətta Elvis Preslini də “midiyalı kürd” çıxarmışdılar”.
Qeyd edək ki, Co Baydenin həqiqətən kürd qrupları ilə sıx əlaqələri var. 2003-cü ildə o, Ərbildə Bərzaninin liderliyindəki muxtar vilayətin parlamentində çıxışında belə bir cümlə ilə yadda qalmışdı: “Dağlar kürdlərin yeganə dostu deyil”.
P.S. musavat.com saytında gedən bu yazı bir çox mətbu orqan tərəfindən yayımlanıb. Materialda yer alan fikirləri dünyanın bir sıra ölkələrinin tanınmış KİV-ləri də yayımlayıblar. Görünür Co Baydenin hansı millətə mənsubluğu barədə hələ çox ehtimallarla qarşılaşacağıq. Lakin hesab edirik ki, yeni prezidentin mütərəqqi bəşəriyyət üçün hansı millətə mənsubluğu deyil, sivil dəyərləri nə dərəcədə qoruyacağı maraqlıdır. Hələlik ona kimi ABŞ-a rəhbərlik edənlər bu etimadı doğrultmayıblar. Müharibələr, münaqişələr, çevrilişlər, dünya ağalığına iddialar siyasətin aparıcı xəttini təşkil edib. İstərdik C.Bayden sələflərinə nümunə göstərsin.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.