Mərsiyə məclislərində Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar səslənir

İranda keçirilən mərsiyə məclislərində Azərbaycana, eləcə də Türkiyəyə qarşı
səsləndirilən siyasi çağırışlar bir daha İranın riyakarlığını və ikiüzlülüyünü göstərir.
Belə görünür ki, Azərbaycan Prezidentinin regionda, xüsusilə Güney azərbaycanlılar
arasında artan nüfuzu İranı ciddi şəkildə narahat etməkdədir.
İranın Ərdəbil şəhərində din xadimi Həsən Amelinin keçirdiyi dini məclisdə
Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar səsləndirilib.
Məlum məsələdir ki, belə dini tədbirlər İran dövləti və SEPAH tərəfindən təşkil və
idarə olunur. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal
yaradardılar. Bəs Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Yoxsa,
bu, elə onların öz təşkil etdikləri bir oyundur? Əslində, bu ritorik sualdır.
ABŞ Süleymanini öldürəndə heç bir reaksiya verə bilmədilər. Suriyadan onları
qovdular, amma yenə də bir addım ata bilmədilər. Nəsrullahı İsrail məhv etdi, yenə
də səssiz qaldılar. Əgər cəsarətləri varsa, gedib İsrailə cavab versinlər.
Ümumiyyətlə, bu, İranın uzun illərdir yeritdiyi ikiüzlü siyasətin daha bir nümunəsidir.
Tehrandakı molla rejimi üzdə özünü “yaxşı qonşu” kimi təqdim etsə də, faktiki
görünən odur ki, daxildə insanları Azərbaycan və Türkiyə əleyhinə körükləyir və
bunun üçün dindən istifadə etməkdən də çəkmir.
Digər tərəfdən isə, molla rejiminin demək olar bütün məsələlərə yanaşması bundan
ibarətdir. Biz bunun həm birinci, həm də ikinci Qarabağ müharibələrində şahidi
olmuşuq. Xüsusilə, İkinci Qarabağ müharibəsində İranın Ermənistana silah
ötürülməsində rol oynaması, müharibədən sonra Zəngəzur dəhlizinə qarşı çıxması
deyilənləri sübut edir.
Belə görünür ki, İranın gücü yalnız Azərbaycanın səfirliyinə hücum etməyə çatır. Bu
hücumun arxasında SEPAH dururdu və həmin terrorçu-agent hələ də edam
edilməyib. Baxmayaraq ki, artıq iki il keçib. Azərbaycan bu addımı gözləyir və əgər
İranda kimsə düşünürsə ki, Bakı bu tələbdən geri çəkiləcək, ciddi yanılır. Bu,
diplomatik münasibətlərin normallaşması üçün əsas şərtdir. Abdullahian Bakıda
olarkən söz vermişdi ki, bu adam edam ediləcək. Belə addımlar İranın əsl niyyətlərini
və davranışlarını bir daha ortaya qoyur. Azərbaycan öz mövqeyindən çəkinməyəcək.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.