Trampla Putinin sammiti – beynəlxalq münasibətlərdə əldə olunacaq uğur – ŞƏRH
Analitika . 21 Yanvar , 2025
Donald Tramp ABŞ-nin 47-ci prezidenti olaraq and içib. Onu yenidən bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin də var.
O, Təhlükəsizlik Şurasının müşavirəsi zamanı bildirib ki, rəsmi Moskva danışıqlardan heç vaxt imtina etməyib, ABŞ-nin yeni administrasiyası ilə dialoqa, o cümlədən strateji sabitliyin möhkəmlənməsi və Ukraynada münaqişə ilə bağlı məsələləri müzakirə edə bilərlər.
Rusiya lideri ABŞ-nin dövlət başçısını müşavirədə təbrik edib. O bildirib: “Donald Tramp və komandası Rusiya ilə birbaşa təmasların bərpasını istəyir. Hərçənd, bu əlaqələr bizim deyil, Ştatların ötən administrasiyasının günahı səbəbindən pozulmuşdu”.
Yeri gəlmişkən, Rusiyanın dövlət başçısı ABŞ-nin 46-cı Prezidenti Cozef Baydenə 2020-ci il dekabrın 15-də seçkidə qazandığı qələbə, dekabrın 30-da Yeni il münasibəti ilə təbrik teleqramı göndərmişdi. 2021-ci il yanvarın 26-da isə Baydenlə Putin arasında telefon danışığı olub. Bunu o vaxt işgüzar telefon söhbəti kimi qələmə verdilər.
Ötən ilin yayında Cozef Baydenin Rusiyanın dövlət başçısını “qatil” adlandırması diplomatik qalmaqala səbəb olmuşdu. Putin onda buna cavab olaraq bildirmişdi ki, Baydenə cansağlığı arzulayır: “Başqalarına qiymət vermək güzgüdə özünə baxmağa oxşayır” .
Prezident səlahiyyətlərinin başa çatdığı günlərdə isə Bayden Putin haqqında belə deyib: “Bu, yaxşı oğlan deyil”.
Onun yenidən seçilməsində artıq bu kimi iddialar irəli sürülmür. Donald Tramp üçüncü dünya müharibəsinin baş verməməsi üçün Rusiya Prezidenti ilə görüşmək istədiyini, hətta Rusiya-Ukrayna müharibəsini bir günə həll edəcəyini bildirmişdi.
Andiçmə mərasimindən sonra isə o, Qəzza zolağından bəhs edərək deyib: “Qəzzada atəşkəsin davam edib-etməyəcəyindən əmin deyiləm. HƏMAS çox zəiflədi. Ancaq bu müharibə bizimki deyil. Bu, onların savaşıdır”.
Donald Tramp bununla administrasiyasını HƏMAS-İsrail qarşıdurmasından sığortalamaq cəhdi edib. O, ABŞ-nin “yaxasını” müharibədən kənara çəkməklə həm də Cozef Baydenin Yaxın Şərqdə yürütdüyü müharibə siyasətinə qarşı çıxıb.
Hazırda dünya güclərinin maraqları daha çox Ukrayna və Fələstin məsələsində toqquşur.
Donald Trampla Vladimir Putin arasında hansı məsələlər müzakirə oluna bilər? Onları aşağıdakı kimi sıralamaq olar:
Birincisi, Ukraynada sülh əldə etmək cəhdi. Rusiya-Ukrayna müharibəsinin başlamasının əsas səbəbləri Ukraynanın Qərbə, NATO və Avropa İttifaqına inteqrasiya olunması istəyidir. Başqa tərəfdən isə bu əsasda ABŞ-nin Avropada genişlənməsi, regiona raketlər yerləşdirməsi kimi məsələlər də Rusiyanın qıcıqlanmasına səbəb olan amillərdən sayılır.
Odur ki, Ukraynada sülh əldə etmək elə də tez başa gəlməyə bilər. Çünki bu məsələdə rəsmi Kiyevin müharibəyə yanaşması fərqlidir. Onlar ərazi bütövlüyü məsələsini əsas göstərirlər. Bu tələb, şərt təmin olunduğu halda danışıqların aparılacağını bəyan edirlər.
ABŞ-nin maraqlarından biri də Avropanı Rusiya təhlükəsindən qorumaqdır.
Ukraynanın ərazi itkisi ilə razılaşıb, rəsmi Kiyevi Moskva ilə sülh, yaxud ona oxşar razılaşmaya getməyə məcbur edərsə, onda Vaşinqton postsovet məkanında nüfuzdan düşəcək. Deməli, Rusiya-Ukrayna məsələsində sülhünəldə olunması həm də Qərblə Kreml arasında razılaşmalar anlamına gəlir. O zaman Qərbə inteqrasiya üçün ərazi itkisi mübadiləsi ilə razılaşmaq mümkünsüz, ən yaxşı halda çətin olar. Bu, Qərbin onunla tərəfdaşlıq etmək istəyən dövlətlərin Ştatlardan uzaqlaşmasına səbəb ola bilər.
Habelə, Rusiyanın Ukraynadan ilhaq etdiyi əraziləri geri qaytarması da ağlabatan görünmür.
Odur ki, ABŞ-Rusiya münasibətlərinin perspektivi həm də Ukraynadakı müharibənin istənilən nəticəsindən asılıdır.
Tramp Ağ evdəki çıxışında bildirib ki, Volodimir Zelenski Rusiya ilə sövdələşməyə hazırdır. ABŞ Prezidenti əlavə edib ki, münaqişənin mümkün başa çatması müddətini Vladimir Putinlə danışıqdan sonra anlayacaq.
İkincisi Qəzza zolağının gələcəyi ilə bağlıdır. HƏMAS-İsrail müharibəsində Rusiya, demək olar ki, görünmədi. Çünki Təl-Əvivlə Moskva arasında İsrailin Ukraynaya silah verməməsi qarşılığında RF-nin də HƏMAS-ı silahla təchiz etməyəcəyinə dair yazılmamış anlaşma olduğuna dair xəbərlər var. Bu halda bölgənin gələcəyi Rusiya üçün də az maraq kəsb etmir. Çünki bu, Fələstinin dövlət olaraq gələcəyinə təsir edə biləcək başlıca amil sayılır.
Üçüncüsü, Fələstin dövlətinin ABŞ tərəfindən tanınması. İran və Rusiyanın strateji müttəfiqliyi də bu məsələdə nəzərə alına bilər. Çünki həmin müqavilədə Cənubi Qafqaz, Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə ərazi bütövlüyü məsələsi də vurğulanıb. Bu baxımdan, Suriya, İraq, Fələstinin gələcəyi liderlərin müzakirə mövzularından sayıla bilər.
Dördüncü Cənubi Qafqaz regionunda toqquşan maraqların nizamlanması barədə ola bilər. Bura Orta Dəhliz, Zəngəzur yolu, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Gürcüstanın ərazi bütövlüyünü daxil etmək olar.
Beşinci, münaqişələrdə kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istənilən formasının tətbiqinin yolverilməzliyi. Son zamanlar hər iki ölkə bu istiqamətdə olan müqavilələrdən çıxdıqlarını elan ediblər. Odur ki, liderlərin danışığında bu istiqamətdə mümkün atılacaq addımların da nəzərdən keçiriləcəyi ehtimal edilir.
Altıncı terrora qarşı birgə mübarizə ilə bağlı əməkdaşlığa sadiq qalmaq, onu dialoqun əsas mövzularından saymaq.
Yeddinci, Moldovanın ərazi bütövlüyünə maneələrin aradan qaldırılması.
Səkkizinci, Şimali Koreyanın Ukraynadakı müharibəyə cəlbinin yolverilməzliyi.
Doqquzuncu, İranın perspektivi. Rusiya ilə islam respublikası yaxınlaşmasının regional hadisələrə təsiri və başqa məsələlər dövlət başçılarının müzakirə mövzusu ola bilər.
ABŞ və Rusiya liderləri arasında dörd ildir danışıq olmur. Ukraynadakı müharibə Vaşinqtonla Moskvanı bir-birindən uzaq salıb. Bu baxımdan, tərəflərin müzakirə etməsi üçün ikitərəfli əlaqələrə və başqa istiqamətlərə dair çoxsaylı məsələlər də var.
Donald Trampla Vladimir Putin arasında zirvə toplantısının bu ilin martında keçiriləcəyini ehtimal edənlər də var.
Əsas məsələlərdən biri də görüşün keçiriləcəyi yerlə bağlıdır. Sammit harada keçirilə bilər? İsveçrə hökuməti bu görüşə ev sahibliyi etməyə hazır olduğunu artıq bildirib. Bosniya və Herseqovina, İspaniya, Malta, San-Marino və İsveçrənin Roma statutunu ratifikasiya etmədiklərini nəzərə alsaq, görüş bu ölkələrdən birində keçirilə bilər.
Türkiyənin hər iki ölkə ilə münasibətlərinin normal olduğuna görə, tədbir ölkədə də keçirilə bilər. Birləşmiş Ərəb Əmirlikləri də sammitə ev sahibliyi edə bilər. Bakının da ABŞ və Rusiyanın yüksək vəzifəlilərini qonaq etmə təcrübəsi var. Odur ki, Azərbaycan da Tramp-Putin görüşünü təşkil edə bilər.
ABŞ ilə SSRİ arasında zirvə toplantıları bir qayda olaraq dünyada baş verən hadisələrə təsir edirdi. O gücdə olmasa da, Rusiya sovetlərin varisidir. Bu baxımdan, sözügedən ölkələrin liderlərinin görüşü hadisələrə əsaslı təsir göstərə bilməsə də, müəyyən məsələlərdə razılığın əldə olunacağını az da olsa ehtimal etməyə əsas verir.
Liderlərin üz-üzə görüşü müxtəlif tədbirlərdə “kölgə qılınclamaqdan” daha yaxşıdır. Harada keçirilməsindən, müzakirə olunacaq məsələlərdən asılı olmayaraq, bu görüş beynəlxalq münasibətlərin, əlaqələrin və münaqişələrin həlli baxımından uğur sayıla bilər.
Şərhlər bağlıdır.