TEHRAN-TƏBRİZ YOLUNDA

4. 9 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə

 BÖYÜK HƏRƏKƏT

1946-cı ilin aprel ayının 28-də sübh saat 4.30 sıralarında Təbzin Səttarxan xiybanında böyük bir hərəkət müşadidə olunmaqda idi. Bu hərəkət axşam Təbriz radiosunda Qəvvamüssəltənə hökumətinin dəvəti əsasında nümayəndə heyətimizin Tehrana səfərini eşidən fabrik-zavod fəhlələri, firqə üzvləri, şəhərin müxtəlif təbəqələri və xalq qoşunlarından ibarət idi.

Nazirlər Kabinetinin binasından təyyarə meydanına kimi, yəni ən azı 8 kilometrlik yolun hər iki tərəfində xalq qoşunlarının vahidləri düzülüb səbirsizliklə sevgili hökumət başçılarından ibarət Tehrana gedən nümayəndələrin yolunu gözləyirdilər. Təbriz əhalisi, xüsusən bazar əsnafları (tacirləri – red.) axşamdan əyləşdikləri döşəkçələrilə təyyarə meydanına tərəf hərəkət edirdilər. Saat 6.45 dəqiqədə Baş nazir cənab Pişəvəri Nazirlər Kabinetinin binasına daxil olanda oradakı müsiqi dəstəsi cənab Pişəvərinin gəlişini gözəl bir marş çalmaqla qarşıladı. Bu vaxt sair nazirlər də Nazirlər Kabineti salonunda cənab Pişəvərini gözləyirdilər. Cənab Pişəvəri yarım saata qədər lazımi göstəriş verəndən sonra nazirlər və şəhərin hörmətli şəxsləri ilə birlikdə Milli Məclisə təşrif apardılar. Orada Azərbaycan Milli Məclisin rəisi cənab Şəbüstəri, Məclisin sair nümayəndələri Tehrana gedən nümayəndə heyəti ilə görüşdülər. Səfərə gedən heyət Məclisdən çıxıb təyyarə meydanına doğru hərəkət etdiyi zaman cənab Şəbüstəri əmr etdi, Quran gətirdilər və onları Qurani-Məcidin altından keçirdilər. Nümayəndə heyəti getdikcə sıraları artan müşayiət edənlərin, əlavə olaraq onlara qoşulan 30 süvarinin, içəriləri fəhlələrlə dolu olan hesaba gəlməz yük maşınlarının, Səttərxan xiyabanından Münsəcim körpüsünə kimi olan yolun hər iki tərəfində səf bağlayan camaatın arasından keçib təyyarə meydanına getdilər. Təyyarə meydanında cürbəcür şüarlarla oraya toplaşan camaatın sayı 20 mindən artıq idi. Əksəriyyətin əlində gül dəstələri olduğundan nümayəndə heyətinin maşınları keçdikdə onları gülə bürüdülər.

Hörmətli Baş nazir və nümayəndələr təyyarə meydanında maşınlardan endikdən sonra onlardan çoxlu sayda filmlər və əkslər götürüldü. Bu zaman Kürdüstan Demokrat Firqəsinin sədri və kürd millətinin hörmətli rəhbəri cənab Məhəmməd Qazi təşrif gətirdilər. Əhali tərəfindən cənab Pişəvəri və cənab Qazi Məhəmmədə arasıkəsilmədən gül dəstələri təqdim olunurdu.

Sonra cənab Şəbüstəri, cənab Pişəvəri və cənab Məhəmməd Qazi çıxış edib böyük coşqu ilə nitqlər söylədilər. Onların nitqləri xalqın gurultulu alqışları ilə qarşılandı. Saat 10 sıralarında hörmətli nümayəndələr təyyarəyə minib fəzanı dolduran ura səsləri və əl işarələri ilə Tehrana tərəf yola düşdülər.

Ə. Pənahi.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

 

 

 

Şərhlər bağlıdır.