Süleyman Rüstəm Yenə Araz qırağında (şeir)

Ömür keçdi, hicran quşu can evimdən köçmədi,
Arazından iki qardaş yan-yana su içmədi.
Heç özüm də bilmirəm ki, necə oldu, qardaşım,
Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi.
Dəli könlüm istəyəntək buz bulaqlar başında
Ocağımız tüstülənib kababımız bişmədi.
Şair könlüm qızılgülü, qərənfili, laləni
O sahildə, bu sahildə bir-birindən seçmədi.
Niyə mənim bu əllərim məhəbbətin bağından
Tikanları oraq kimi öz vaxtında biçmədi.
Mən mücahid qardaşımın gözlərindən öpürəm,
Al bayrağı güllələrdən çoxdan deşmə-deşmədi.
Qanlı döyüş meydanında, qara gündə, dar gündə
Əcdadımın həm Qıratı, həm Bozatı kişnədi.
Dağ gövdəli hansı igid hər savaşın sonunda
Babək kimi, Koroğlutək bığlarını eşmədi?!
Qan qardaşım, bir zamanlar sənin, mənim qılıncım
Dəstəyədək cəlladların ürəyinə işlədi.
Şöhrətini ulduzlara, aya, günə yazdılar,
Heyrətindən qoca dünya barmağını dişlədi.
Hanı sənin o çağların? Yox, yox, görüb duyuram
Azadlığın sorağında sinən, bağrın təşnədi.
Çox dolaşdım dağda-daşda, şimşək çaxan gözlərim
Qəmli yollar gödəkmidir, uzunmudur ölçmədi.
Yaxdı məni hicran dərdi, bu dərdimin yanında,
Özün yaxşı bilirsən ki, başqa dərdlər heç nədi.
Dərdli Araz sahilində uzun yollar boyunca
Qana dönmüş ürəyimdən nələr gəlib keçmədi?!
Qan qardaşım, gəl, üzünə bir də baxım doyunca
Bəlkə bir də bu yerlərdən mənim yolum düşmədi…

Şərhlər bağlıdır.