Vladimir Putin və Aleksey Navalnı
1953-1964-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş Nikita Xruşşovun nəvəsi, Nyu-Yorkdakı Dünya Siyasəti İnstitutunun baş elmi işçisi Nina Xruşşova “Project Syndicate” beynəlxalq media təşkilatının saytında “Navalnı Putini aşıra bilərmi?” başlıqlı məqalə ilə çıxış edib. Məqalə saytda ingilis və rus dillərində yerləşdirilib.
Azerbaycan-ruznamesi.org -un oxucuların mühakiməsinə təqdim etdiyi yazı novator.az saytı tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Ötən əsrdə Rusiyada siyasi rejim iki dəfə süquta uğrayıb. 1917-ci ildə bolşevik inqilabı uçurumun kənarından asılı qalmış monarxiyanı devirib. 1991-ci ildə isə sərt marksizm-leninizm tərəfdarlarının islahatçı Mixail Qorbaçova qarşı uğursuz üsyanı laxlayan SSRİ-nin dağılmasını sürətləndirib. Son zamanlar Rusiyanı bürüyən etiraz dalğası yeni bir rejim dəyişikliyinə dəlalət edirmi?
Çətin. Əlbəttə, 2011-2012-ci illərdə Vladimir Putin üçüncü dəfə prezident kimi and içərkən Rusiyanı sarsıdan etirazlardan fərqli olaraq indiki hərəkatın rəğbət doğuran, xarizmatik lideri var. Aleksey Navalnı artıq bir neçə ildir korrupsiya ilə yorulmadan mübarizə aparır. Putin rejiminə qarşı mübarizəsini davam etdirdiyinə görə onu bu ilin yanvarında Almaniyadan qayıdarkən həbs ediblər. Navalnı Kremlin sevdiyi “Noviçok” maddəsi ilə zəhərlənəndən sonra bir neçə ay Almaniyada müalicə almışdı.
Çar və sovet rejimlərinin qaranlıq günlərindən fərqli olaraq Putin rejimi nə laxlayır, nə də sarsılır. Son 10 ildə Putin polis dövləti formalaşdırıb və o, hakimiyyətini saxlamaq üçün istənilən vasitədən istifadə etməyə hazırdır. 2014-cü ildə Ukraynaya soxulan və Krım bölgəsini qanunsuz zəbt edən Putin ömür boyu prezident postunda qalmaq üçün 2020-ci ildə konstutusiyanı dəyişdirməyə nail oldu. İndi o, hakimiyyətini həftənin sonlarında – istirahət günlərində etiraz aksiyaları keçirən hərəkatçıların təzyiqi altında itirməyə hazırlaşmır.
Aleksey Navalnı Aleksey Navalnı
Ancaq Putinin Navalnıya, habelə onun həmkarlarına və tərəfdarlarına qarşı repressiyalarında xüsusi dözümsüzlük və məntiqsizlik var. Hüquq mühafizə orqanlarının əməkdaşları qəddar taktikalardan istifadə edərək jurnalistlər də daxil olmaqla minlərlə insanı tutur. Hökumət də sosial şəbəkə platformalarını bloklayır – guya sosial şəbəkələr iğtişaşlara zəmin yaradır.
Eyni zamanda Kremlin nəzarətində olan telekanallar davamlı olaraq Putinin xidmətləri haqda süjetlər yayımlayır və etiraz hərəkatını nüfuzdan salmaq üçün bacardığını edir. Hakimiyyətin Moskvanın mərkəzi küçələrini bağlaması, mərkəzə gedib-gələn əsas nəqliyyat vasitələrinin hərəkətini əngəlləməsi bir çox vətəndaşa ciddi narahatlıq yaradıb. Hakimiyyət özünü elə aparır ki, guya bütün bu narahatlıqların səbəbkarı Aleksey Navalnıdır. Bu məntiqə görə, hökumət “dinc sakinlərin” istirahət günlərində rahat şəkildə alış-veriş etməsini istəyir, ancaq “terrorçu” etirazçılar “qanunları pozur” və israrla “normal” həyata problem yaradırlar.
Kremlin məntiqinə görə, əcnəbi liderlərin, jurnalistlərin və siyasətçilərin müxalifətin xeyrinə çıxış etməsi Navalnının Rusiyada sabitliyi pozmaq istədiyinə sübutdur. Rusiya Xarici İşlər Nazirliyinin bu yaxınlarda üç avropalı diplomatı ölkədən çıxarması da bunun sübutu kimi təqdim edilir. Onlar Navalnıya dəstək mitinqlərində iştirak etdiklərinə görə Rusiyadan qovulublar. Diplomatların qovulma xəbəri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Moskvada səfərdə olduğu vaxt yayılıb.
Kreml Navalnı ilə dövlətin düşməni kimi davranır. Almaniyadan dönən kimi tutulan Aleksey Navalnıya qarşı qurulan məhkəmə məzhəkəsi 1930-cu illərin Stalin metodlarını xatırladır. Amma burada bir önəmli fərq var: Navalnı öz “cinayətlərini” etiraf etmir, diktatora təslim olmur. Məhkəmə dinləmələrində o, dövlətin özbaşınalığını ifşa edir, 2 il yarımdan çox müddətə azadıqdan məhrum edilməsini qanunsuzluq adlandırır.
Üstəlik, bu yaxınlarda Navalnı Putinin Qara dəniz sahilində qanunsuz yolla əldə olunmuş vəsait hesabına, milyard dollara tikdirdiyi sarayla bağlı ifşaedici video paylaşıb. Rusiyalılar rəhbərliyin korrupsiyalaşmasına vərdişkar deyillər, Navalnı isə inadkarlıqla korrupsiyanın yaratdığı sərvətin miqyasına diqqət çəkir. (O, 2017-ci ildə baş nazir postunda olan Dmitri Medvedyev haqda da oxşar material yaymışdı).
Navalnının hücumları Putin hakimiyyətini birbaşa zəiflədir. Ona görə də Navalnı Stalinin təqib etdiyi trotskiçilərə bənzəmir. Onun özü Trotskidir, buna görə rejimin onun özünü cəzalandırmasına ehtiyac yaranıb.
Putinin qorxusunu gücləndirən altdan-altdan saray çevrilişinin başlana biləcəyi ehtimalıdır. Krımın ilhaqından sonra Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür. Bu da İsveçrədəki bank hesablarına və İtaliyadakı villalarına sərbəst şəkildə qovuşmağa can atan siyasi elitanın narazılığını artırır. Onlar 1964-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovu devirdikləri kimi, bu gün Putini də devirə bilərlər. Alçaldılmış Putini devirmək isə populyar Putini devirməkdən yəqin daha asandır.
Baxıcıların, görücülərin ortaya atılıb proqnozlar verməyə başlaması qartımış Rusiya rejiminin dağılmaqda olduğuna daha bir sübutdur. Vaxtilə çar Rusiyası dövründə özünü müqəddəs elan etmiş Qriqori Rasputin çürük imperiya monarxiyasını basdırmağa yardımçı oldu. 1980-ci illərdə – artıq sovet imperiyasında islahatlar aparmağın mümkün olmadığı vaxtlarda isə psixiatrların televiziya çıxışları dəbə minmişdi.
Bu gün kommunistlərdən tutmuş millətçilərə qədər bütün təbəqələrdə populyarlıq siyasi şamanlara keçib. Onlar Putinin yaxın vaxtlarda öləcəyini deyirlər, Qərbin və Çinin təcavüzü haqda xəbərdarlıqlar edirlər, Navalnının Rusiyanın xüsusi xidmət orqanlarının nazarətdən çıxmış layihəsi olduğunu vurğulayırlar.
Ancaq Kremlin etirazlara reaksiyası göstərir ki, Putin – dövlət, dövlət – Putin deməkdir. Bu, onun devrilməsini bir az da çətinləşdirir, ən azı hələ ki, çətinləşdirir.
P.S: yazıdan da göründüyü kimi ABŞ və Qərb Rusiyada hakimiyyət başına öz adamlarını gətirənə qədər hələ çox navalnılar yetişdirəcək. Yəni bu cəhdlərin sonu görünən deyil.
Şərhlər bağlıdır.