3 MART-BEYNƏLXALQ YAZIÇI GÜNÜDÜR

YÜKSƏK İSTEDAD İLAHİ VERGİDİR

Yazıçılıq… Bu sənətdir, yoxsa istedad? Yalnız öz istedadına güvənərək, ölməz kitab yazmaq mümkün deyil. Amma günlərlə masa arxasında əyləşib, özünü yazmağa məcbur etməklə də milyonların ağlını və qəlbini fəth edəcək sətirlər yaratmaq mümkün deyil. Müəllif eyni zamanda üç kainatda yaşayır və bu dünyaları birləşdirməyə çalışır – bizi əhatə edən material aləm, bizim daxilimizdəki məni aləm və bunların sərhəddində yaranan bizim şəxsi aləmimiz. Hər bir insanın da öz aləmi, həyata, incəsənətə, əxlaqa öz baxışı var. Hər kəs bu dünyanı oxşar, eyni zamanda da, özünəməxsus görür.

Söhbət minlərlə, milyonlarla oxucudan gedirsə, əsər yaratmaq, insan fikrinin gedişini öncələmək çətin məsələdir. Eyni zamanda, bir neçə əsrdən sonra əxlaq və başqa ictimai anlayışların necə dəyişəcəyini də əvvəlcədən bilmək mümkün deyil. Amma əgər tarixin gedişini öncədən qiymətləndirə bilmirsənsə, kitab yazmağın heç mənası da yoxdur. Əlinə qələm almağına görə sənə haqq qazandıran yeganə amal – zamanı və insan qəlblərini fəth etməkdir. Və bu, ölümsüzlüyü sübut edən yeganə maddi dəlildir.

Kitabı satıb, milyonlar qazanmaq xətrinə yazmaq isə heç peşə də deyil, xalturadır. Belə müəlliflərin adları unudularaq, dəyişiklik küləyi ilə tarixin sonsuz çölündə səpələnəcəklər. Onların qranit baş daşları quma, əlyazmaları külə çevriləcək. Onların adları dalğanın yuduğu qumlu sahildə yazılan ad kimi yoxa çıxacaq.

Kitablar insanları böyük əməllərə ilhamlandırır, həyatdan küsmüşlərə ümid və məskən verir, xilas edir, istiqamətləndirir. Gözlərini açır və yol göstərir. Kitab – ən böyük həmsöhbətdir.. Onun müəllifi isə – sənin yaxınına, ən anlayışlı dostuna çevrilən dahidir.

Azerbaycan-ruznamesi.org-dan: bloger Eldar Səidovun 6 il əvvəl urban.az saytında Beynəlxalq Yazıçı Gününə həsr olunan yazısı bizi elə tuttu ki, olduğu kimi təqdim etməyi qərara aldıq. Qələm əhli içərisində şairin , yazıçının, publisistin, jurnalistin hərəsinin öz yeri var. 3 mart yazıçılar üçün təsis olunub. Bu gündə milli və dünya ədəbiyyatı üçün misilsiz  incilər miras qoyan bütün şəxsiyyətləri xatırlayır və onların ənənəsini davam etdirənlərə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Şərhlər bağlıdır.