ÜÇÜNCÜ ÇƏRŞƏNBƏ – YEL ÇƏRŞƏNBƏSI

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN TƏBRİKİ

Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”,”Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn, küləknən gedər”… İnanclara görə, “Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o – Yel havamızı təmizləyir, yeniləyir, dəyişir”. “Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur”.

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. İnancalara görə, əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN TƏBRİKİ

Yel çərşənbəsinin digər üçündən fərqi həmin gün niyyət tutulmasındadır. Əzizlərimiz, doğmalarımız gəlin bu gün niyyət tutarkən xırdaçılığa varmayaq, sayımızın 50 milyon olduğunu unutmayaq. Bu taydan o taya, o taydan bu taya ürək duyğularımızı yel özü bizlərə yetirəcək. Bu işdə, diləkdə, əməldə vəhdətdə doğan arzulardır. Qoy Bakımız kimi, Təbrizimizin də başı üstündəki buludları küləklər qovsun. Yel çərşənbəniz mübarək!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.