ŞƏHİD YOLDAŞIMIZ RƏSUL ƏMİRİ HAQQINDA XATİRƏ

Xalqımız azadlıq uğrunda apardığı mübarizələrdə böyük qurbanlar verib. Mən son on illərdə milli azadlığımız yolunda şəhid olmuş, Azərbaycan Demokrat Firqəsində fəaliyyət göstərmiş məsləkdaşlarımızla birlikdə çalışdığımdan  çoxunu yaxından tanıyıram. Təbii ki, vaxt gələndə onların haqqında və sədaqətli apardıqları mübarizə barəsində danışmaq borcumuzdur. Onlardan  Ənuşirəvan İbrahimi, Mirvəhab Əfxəm, Məhəmməd Hüseyn Əmir Haşımi, Rəsul Əmiri, Məhəmməd Hüseyn Qədəmgahi, Əzim Mühəqqiq və başqaları firqəmizin yolunda canlarından keçmiş insanlardır ki, hər birinin xüsusilə 1979-cu il inqilabından sonra Azərbaycanda firqənin fəaliyyətinin yüksək səviyyəyə qaldırmasında xüsusi payları olmuşdur. Barələrində danışmaq və yazmaq, onların xatirəsini həmişə əziz tutmaq Azərbaycan xalqının üzərinə düşür.

Bu yazımızda onlardan biri – şəhid Rəsul Əmiri haqqında qısa da olsa danışmaq istərdim.

Əmiri Güney Azərbaycanın Astara şəhərində firqəçi ailəsində 1337-ci (1958-ci) ildə dünyaya göz açıb və orada Həkim Nizami mədrəsəsində ibtidai və orta təhsilini alıb. Astaranın mübariz kişilərindən olaran atası Məhəmməd Rza şah Pəhləvinin istibdadına qarşı vuruşaraq dəfələrlə həbsə alınmışdı. Uzun illər atasının həbsdə qaldığı müddətdə  zəhmetkeş, xəstəxana işçisi olan anası övladlarını Rəsul ilə bərabər boya-başa çatdırmaqda əlindən gələni əsirgəməmişdir. Bu acınacaqlı həyat Rəsul Əmirinin həssas ürəyi və düşünən beynindən bir an kənarda qalmamış, özünün, ailəsinin və xalqının düşdüyü əsarətli, hüquqsuz və solğun həyatın nicatı barədə düşüncələrini formalaşdırmışdı.

Yoldaş Rəsul elə həmin səbəbdən 1357-ci (1979) il inqilabının ərəfəsində şah diktatorluğunun zəifləşmə vaxtında atasının yolunun davamçısı kimi yola düşmüşdür. Belə ki, onunla birinci dəfə Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin yeni açdığımız idarəsində bərabər çalışdığı T.-nın da iştirakı ilə görüşdüm. Tanış olduq Astara şəhərindən Azərbaycan Demokrat Firqəsi ilə əlaqə saxlamaq niyyəti ilə evimə apardım. Söhbətimiz, müzakirələr iki gün çəkdi. Rəsulun atasının həyat yolu və Astara şəhərindəki vəziyyət barədə ətraflı danışdıq. Burada firqənin ofisinin açılmasına qərar verildi. Həmin dövrdə Rəsulgillə ilə birlkidə şəhərdə bir qrup müxtəlif fikirlər tərəfdarı olan siyasi xalq mübarizlər qrupu adlı dəstə fəaliyyət göstərirdi. Rəsul Astara şəhərində Azərbaycan Demokrat Firqəsinin şəhər komitəsini təsis etdi, ozünün başçılığı ilə bu komitə ətrafına xeyli çoxsaylı həmfikirlini  ətrafında topladı. Cəmi, bir il sonra Astara şəhərində firqənin 33 şəhid zabitinin xatirəsini Həkim Nizami mədrəsəsində qeyd etdiyim zaman yüzlərcə astaralı həmin mədrəsənin zalında toplaşmışdı. Az çəkmədi Astara komitəsi 30-dan artıq ətraf kənddə və Ənzəliyə qədər firqənin özəklərini və səmpaklarını yaratdı və mütəşəkkilləşdirdi.

Bu fəaliyyətlərin hamısında Rəsulun xüsusi bacarığının rolu olmuşdur. Xatırladım ki, Astara şəhər komitəsi və onun ofisi Cumhuri İslaminin son hücumunadək fəaliyyətini davam etdirdi. Baxmayaraq ki, dəfələrlə orada tədbir keçiriləndə müxtəlif təzyiqlərə məruz qalırdıq və hətta bir neçə dəfə ofisə bomba qoymaqla, tərəfdaşları döyməklə. vurmaqla, qazet jurnal köşklarini qırıb dağıtmaqla üzləşdik. Buna baxmayaraq Rəsul və onunla bərabər çalışan mübariz astaralılar fəaliyyətlərini davam etdirirdilər. O bir neçə dəfə həbs olundu və sonuncusu1362-ci (1983) ilin ordubheşt ayına təsadüf etdi. Yenilməz gənc ağır işgəncələrə məruz qaldı. Onu Ərdəbil şəhərində gecə-gündüz tutduğu yoldan çəkindirmək üçün cismani və mənəvi təzyiqlərə məruz qoydular. Rəsul isə atasının yolun, firqənin məramın üstün tutaraq canından keçməyə hazır olduğunu bildirirdi. Rejimin onun haqqında müxtəlif şayələr yaymasına baxmayaraq R.Əmirinin şəhadəti rejimin rüsvayçılığına, inqilaba xəyanətinə və verdiyi vədlərə əməl etməməsinə böyük bir sübut oldu.

Rəsul Əmiri Astara əhalisinin igid və sevimli övladı olaraq Azərbaycan Millətinin və Azərbaycan Demokrat Firqəsinin tarixində unudulmaz iz qoydu. Vaxt gələcək Azərbaycanda inqilab dalğaları yenidən yüksələcək. Vətənimizin üstünü almış qara buludlar çəkiləcək və xalqımız yenidən azad olacaq. Rəsul Əmirinin əziz xatirəsi bu dəfə Həkim Nizami mədrəsəsində təntənəli şəraitdə Astara əhalisinin iştırakı ilə qeyd ediləcəkdir.

Abdulla Əmir Haşımi Cavanşir

Şərhlər bağlıdır.