-
- Vaşinqtonun İrandan yazılı öhdəlik tələb etməsi yeni nüvə sazişinə gedən yolun başlanğıcıdır, yoxsa Tehrana qarşı növbəti təzyiq mərhələsi?
Siyasi şərhçi Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin İrandan tələbləri dəyişməz olaraq qalır: “Yəni İranın nüvə proqramı ilə bağlı ABŞ əsas olaraq Tehranın atom silahı əldə etməsinə qarşı çıxır və bu məsələ indiyə qədər tərəflər arasında irəli sürülən təkliflərin ana xəttini təşkil edib. Eləcə də İranın regionda silahlı qüvvələr və təsir imkanları saxlaması, terrorçu qrupları dəstəkləməsi və raket istehsalını dayandırması Vaşinqtonun əsas şərtləri sırasında qalmaqdadır. Bu baxımdan İranla ABŞ arasında problemlərin hərbi yolla həlli variantı da hələ də gündəlikdə qalır.
Həm İran, həm də ABŞ məsələ ilə bağlı sərt mövqe nümayiş etdirir. ABŞ problemin hərbi yolla həllinə hazır olduğunu göstərməyə çalışırsa, İran da cavab tədbirləri görmək gücündə olduğunu bildirir. Belə bir şəraitdə region ölkələri – Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri – yeni hərbi əməliyyatların baş verməməsinə üstünlük verir. Xüsusilə ötən fevralın 28-dən başlayan hərbi əməliyyatlar zamanı bu ölkələrin ərazilərinin raket hücumlarına məruz qalması Körfəz dövlətlərini daha ehtiyatlı davranmağa vadar edib və onlar problemin diplomatik yollarla həllinə üstünlük verdiklərini açıqlayıblar.
Hətta bir müddət əvvəl Səudiyyə Ərəbistanı ərazisindən və ümumilikdə Körfəz ölkələri ərazilərindən İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmaması ilə bağlı müəyyən təşəbbüslərin irəli sürüldüyünə dair məlumatlar yayılmışdı. Bu isə onu göstərir ki, region ölkələri, xüsusilə ABŞ-nin strateji tərəfdaşları İranla birbaşa hərbi qarşıdurmanın əleyhinədir və öz ərazilərinin hücum platformasına çevrilməsini istəmirlər”.
Sədrəddin Soltan hesab edir ki, bu vəziyyət perspektivdə ABŞ-nin regiondakı təhlükəsizlik problemlərini hərbi yolla həll etməsini çətinləşdirən amillərdən biri kimi çıxış edir. İranın öz daxilində də vəziyyət heç də ürəkaçan deyil. Ölkə iqtisadiyyatının ağır vəziyyətə düşməsi, neft ixracının demək olar ki, minimum səviyyəyə enməsi və sanksiyaların yaratdığı təzyiqlər Tehran üçün ciddi problemlər yaradır. Bu baxımdan Vaşinqtonun İrana qarşı əsas təzyiq vasitəsi kimi hərbi müdaxilədən daha çox iqtisadi və siyasi sanksiyalara üstünlük verməsi ehtimalı daha yüksək görünür.
“Son dövrlərdə Pakistan rəsmilərinin İrana səfərləri və ABŞ ilə münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən təklif paketlərinin müzakirə olunması da göstərir ki, həm region ölkələri, həm də Vaşinqton gərginliyin azaldılması üçün daha çox diplomatik variantlara üstünlük verirlər. Bu, eyni zamanda nüvə sazişi məsələsində də özünü göstərir. Bir müddət əvvəl Donald Trump bəyan etmişdi ki, İranın müəyyən nüvə texnologiyalarını məhdud şəkildə inkişaf etdirməməklə bağlı öhdəlik götürməsi variantı da müzakirə oluna bilər. Halbuki əvvəllər ABŞ ümumiyyətlə İranın nüvə sənayesinin tamamilə dayandırılmasını tələb edirdi.
Başqa sözlə, əvvəlki dövrlərlə müqayisədə müəyyən yumşalma elementləri müşahidə olunur. ABŞ-nin İranın bəzi məhdud fəaliyyətlərinə razılıq verməsi tərəflər arasında gərginliyin azaldılması və kompromis imkanlarının yaranması üçün atılan addımlar kimi qiymətləndirilə bilər. Bütün hallarda Vaşinqtonun problemlərin həllində danışıqlar və diplomatik kanallara üstünlük verməsi ehtimalı hələ də istisna edilmir. Bu həm də Tehranın xeyrinədir, çünki müharibə aparmaq üçün Tehranın artıq gücü qalmayıb”, – deyə o qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Şərhlər bağlıdır.