Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının 28 May –

Azərbaycan Cümhuriyyətinin İstiqlal Günü münasibətilə təbrik mesajı

 

28 May – Azərbaycan Cümhuriyyətinin İstiqlal Günü, Azərbaycan Türk millətinin öz milli və müstəqil dövlətini qurmaq iradəsinin, qürurunun, azadlığının və tarixi iradəsinin təcəllisidir. Bu böyük günü bütün dünya Azərbaycanlılarına səmimi-qəlbdən təbrik edirik.

İslam dünyasında ilk demokratik respublikanın qurulmasından bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyətinin adı və yolu bu gün də azadlıqsevər millətlər üçün ilham qaynağıdır. Bu cümhuriyyət, Azərbaycan millətinin uzaqgörən və müdrik lideri Məhəmməd Əmin Rəsulzadənin möhkəm, qətiyyətli və uzaqgörən iradəsi ilə dünya tarixinin ən həssas və çətin dönəmlərindən birində qurulmuşdur. Rəsulzadə o dövrün siyasi şərtlərini və beynəlxalq dəyişikliklərini düzgün dəyərləndirərək Azərbaycanın istiqlal yolunu müəyyən etmiş və millətini müstəqil və modern bir respublika qurmağa yönəltmişdir.

Bu gün də Azərbaycan milləti həmin tarixi mirası qürurla qorumaqdadır və Azərbaycanın üçrəngli bayrağı milli qürurun, azadlığın, birliyin və ucalığın simvolu olaraq dalğalanmaqdadır.

Bu tarixi gündə Azərbaycan Cümhuriyyətinin qurucularını və azadlıq, istiqlal uğrunda can vermiş bütün şəhidlərimizi hörmət və minnətdarlıqla yad edir, Məhəmməd Əmin Rəsulzadənin ölməz sözlərini bir daha xatırladırıq:

“Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Biz inanırıq ki, Arazın hər iki tayında yaşayan Azərbaycan milləti ortaq tarix, mədəniyyət, dil və kimlik bağları ilə bir-birinə ayrılmaz şəkildə bağlıdır və bu millətin gələcəyi milli birlik, siyasi şüur, azadlıq və öz qanuni haqlarını müdafiə etmək iradəsi ilə formalaşacaqdır.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası – GATƏŞ, Azərbaycan Cümhuriyyətinin İstiqlal Gününü Azərbaycan Respublikasının dövlətinə və millətinə, qəhrəman ordusuna, bütün Dünya Azərbaycanlılarına və bütün Türklərə təbrik edir; Azərbaycan Respublikasına sülh, qüdrət, inkişaf və ucalıq arzulayır.

Biz – Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası olaraq, 28 May dövlətçilik ruhundan ilham alaraq, bu gün hər zamankından daha artıq şəkildə Güney Azərbaycan milli və siyasi qüvvələri arasında birlik, əməkdaşlıq və milli həmrəyliyin genişləndirilməsinin vacibliyini vurğulayır; Güney Azərbaycanda milli hökumətin qurulması istiqamətində iradə və qətiyyətimizi əvvəlkindən daha güclü və daha ümidli şəkildə bəyan edirik.

Yaşasın Türk Milləti;
Yaşasın Azərbaycan;
Yaşasın Azadlıq, Ədalət, Milli Hökumət;

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası– GATƏŞ”

Azərbaycan Demokrat Firqəsi – ADF
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

Şərhlər bağlıdır.