Həmidə Rəiszadə (Səhər) əbədiyyətə qovuşdu

Başın sağ olsun Azərbaycan!

Aldığımız xəbərə görə, çox təəssüflə görkəmli Azərbaycan şairi və çağdaş şeirimizin öncüllərindən olan Həmidə xanım Rəiszadə (Səhər) İsveçin Malmö şəhərində 74 yaşında ikən vəfat etmişdir.
“Səhər” təxəllüsü ilə tanınan Həmidə xanım Rəiszadə 1331-ci ildə Ərdəbil şəhərində dünyaya göz açıb, bu şəhərdə iqtisad sahəsi üzrə təhsilini başa vuraraq diplom alıb və çox gənc yaşlarında elə həmin şəhərdə də ailə qurub.
İnqilabın qələbəsi Səhər xanımın illərlə bağlı qalmış üsyankar şeir dilinin açılmasına səbəb olur. O, çox qısa bir müddətdə öz üsyankar şeirləri ilə Azərbaycan ədəbi mühitində mübariz bir qadın şair kimi tanınır. Şeirlərində azadlıq və sülhsevərlik duyğularını inqilabi bir ruhla oxucularına çatdırmağa çalışır. O, çox keçmədən mübariz şeirimizin atası kimi tanınan ustad Həbib Sahirin şeir məktəbinin bayraqdarlarından birinə çevrilir.
Səhər xanımın ilk şeirləri neoklassik məktəbi təmsil etsə də, çox keçmədən həm forma, həm də məzmun baxımından Azərbaycan çağdaş şeirinə yönəlir. Cəsarətlə demək olar ki, Səhər xanım öz şeirləri ilə 60-cı illər İran Azərbaycanı poeziyasında öncül və təsirli şairlər sırasında yer almışdır.
Səhər xanım 80-ci illərdə Azərbaycan klassik şairlərinin əsərlərinin tədqiqi ilə məşğul olur və yaradıcılıq ömrünün bir neçə ilini “Qövsi Təbrizi”nin şeir dünyasında keçirir. Həmin illərdə onun bir çox şeirləri irfan və təsəvvüf meyilli əsərlərə çevrilir.
Nəhayət, Səhər xanım ölkədən uzaqlarda yaşamağa qərar verir və özünü uzun müddət Azərbaycan şeir ictimaiyyətindən kənarda saxlayır. Onun bu illərdə yazıb-yaratdığı əsərlərdən ədəbi ictimaiyyətimiz xəbərsiz qalır.
Eşitdiyimizə görə, ömrünün son illərini xərçəng xəstəliyi ilə mübarizədə keçirən şair nəhayət bu ilin ordibehişt ayının son günlərində qürbət diyarında həyata göz yumur və orada da torpağa tapşırılır.
Həmidə xanım Rəiszadədən indiyədək “Mavilər”, “Yaşıl Mahnı”, “Aylı Baxış” və “Bir Dəstə Təzə Günəş” adlı şeir məcmuələri, eləcə də “Hikayət dor” və “Divan Qövsi Təbrizli”nin təshihi ilə bağlı kitablar işıq üzü görmüşdür.
Azərbaycan ədəbiyyatı və incəsənəti saytı “İşıq”ın əməkdaşları adından sevilən şairimiz Həmidə xanım Rəiszadə (Səhər)in itkisi münasibətilə Azərbaycan xalqına, şairin hörmətli ailəsinə, ədəbi ictimaiyyətimizə və onu sevənlərə başsağlığı verir, xatirəsini əziz tuturuq. Başın sağ olsun, Azərbaycan!
“İşıq” – Azərbaycan ədəbiyyatı və incəsənəti saytı
04/03/1405
“`

Şərhlər bağlıdır.