21 MART BEYNƏLXALQ POEZİYA GÜNÜDÜR
Dünya şeir günü
Tarixçilərə görə ən qədim şeirlər eramızdan əvvəl 23-cü əsrdə yazılmışdır. Bunlar Şahzadə En-hedu-ana tərəfindən yaradılıb və tapıntı əsərlərlə təsdiqlənir. Şahzadə adla tanınan ilk müəllif, eyni zamanda ilk şairdir. Akkad krallığının qurucusu – Kral Sargonun qızı idi və Şumer himnləri ilə məşhurdur.
İlk qafiyələrin lüğətlərinin orta əsrlərdə meydana gəldiyi məlumdur. Məsələn, bütün Quranın qafiyələr üzərində qurulması maraqlıdır. Gənc bir qızın yanaqlarını gül ilə müqayisə edən ilk şəxs, Salvador Dali’nin dediyi kimi bir şair idi.
1999-cu ildə YUNESKO-nun Baş Konfransının 30-cu iclasında Ümumdünya Şiir Gününün 21 Martda qeyd olunmasına qərar verildi. İlk bayram – Dünya Şiir Günü – UNESCO-nun qərargahının yerləşdiyi Parisdə qeyd olundu.
UNESCO-nun qərarında deyilir: “Şiir müasir insanın ən kəskin və dərin mənəvi suallarına cavab ola bilər, lakin bunun üçün mümkün qədər geniş ictimaiyyətin diqqətini cəlb etmək lazımdır. Bundan əlavə, Dünya Şiir Günü, səyləri, əsasən müasir şairlərin, ədəbi klubların əsərlərini oxuculara çatdıran, əsrlər boyu səslənən bir şair poetik ənənəsini canlandıran kiçik nəşriyyatlarda özlərini daha geniş elan etmək imkanı verməlidir. söz. ”
Bu gün müxtəlif tədbirlər, şənliklər və yeni müsabiqələr keçirmək, yüksələn şair istedadlarını və onların yaradıcılıq müəlliflik əsərlərini təqdim etmək, sənət dostları axşamları təşkil etmək yaxşı bir ənənəyə çevrilmişdir. Şeir mədəniyyətimizi ölçüyəgəlməz dərəcədə zəngin və daha çox təmsil edir. Ən parlaq əsərlər, qəlbin xəzinələri, haqlı olaraq insan ruhunun görünməz uçuşunun bənzərsizliyini tam yaşamaq, hər birimizin ən böyük tarixinə toxunmaq üçün fürsət açır, çünki hər baxış özünəməxsus şəkildə gözəl və misilsizdir. Yalnız gözəl poetik söz formalarını, qafiyələri deyil, həm də öz inkişafımıza töhfə verən həyatın əhəmiyyətli bir hissəsini bağışlamağa imkan verir.
Şeirə biganə deyilsinizsə – bu günümüzdəki təbriklərimizi qəbul edin! Bir şairisinizsə, bu tarix dünya miqyasında peşə bayramınızdır. Sizə və bizə bayramınız mübarək, hamınıza şeir diləyirik!
“Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir”
Reyhan Mirzəzadə
Publisist-politoloq
Türkiyənin tanınmış mədəniyyət xadimi,şairi,dramaturqu,rejissoru və tərcüməçisi Tarik Günerselin ilk təşəbbüsü ilə beynəlxalq poeziya gününün qeyd olunması təklifi istər sənət aləmində,istərsə də xalqlar arasında ehtiramla qaşılandı.
1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart beynəlxalq poeziya günü elan olundu. Bu hadisə xalqımız üçün ikiqat bayrama çevrildi. Çünki ruhun musiqisi adlandırılan bəşəri poeziyanın ritmik notları ilə baharı, çiçəklənməyə hazırlaşan ecazkar təbiəti, saflıq və birlik rəmzi olan əziz Novruzu salamlamaq doğrudan da əsl səadətdir. Səadətdir həm də ona görə ki, Odlar Yurdumuz, iqtisadi sərvəti ilə zəngin olan anamız Azərbaycan həm də mənəvi sərvəti ilə məşhurdur və əsrlərdən bəri də məşhur olub. Xalqımız şeriyyətə və mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Odur ki, Azərbaycanın ürəyi həm də şeirlə, poeziya ilə bərabər döyünüb. Müasir dövrümüzün ustadlarından biri kimi hörmətlə yad olunan Məmməd Araz demişkən:
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov kimi ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər…
Zaman ötdükcə, böyük Səməd Vurğunumuz da məmləkətimizi şeir, sənət ocağı kimi sevdirdi. Bu ocağın neçə-neçə unudulmaz söz sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, sözə, poeziyaya bağışlayıb dedi:
Şeir mədəniyyət, incəsənətdir,
İncə ruh, incə zövq, incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir.
Həyatın ən böyük möcüzəsinə, şeirə rəsmi tərif versək, əlbəttə, deməliyik ki, şeir – mənzum söz sənətidir. Nəsrdən fərqli olaraq, fikrin vəznli, obrazlı, ritmik, qafiyəli ifadəsidir. Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir”. Rus şairi, Nobel mükafatı laureatı İosif Brodski səmimi şəkildə bildirib ki, poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.
İslam dininin böyük yaradıcısı, müsəlman aləminin fəxri olan Məhəmməd Peyğəmbər hələ neçə əsr bundan qabaq daim insanlara tövsiyə edib ki, şeir əzbərləyin, çünki şeir dili düzəldir, danışığı, nitqi gözəlləşdirir.
Zaman-zaman dahilər “Poeziya sözlərin, ruhun musiqisidir. Poeziya həyatın çırağıdır” – deyə bu həyatı varlığa yüksək dəyər verib.
Dediyimiz kimi, Azərbaycan poeziyasının qüdrəti qədimlərdən şölələnir. Bu barədə mənbələrdə kifayət qədər sübutlar, dəlillər var. Yazımın məramı isə beynəlxalq poeziya bayramına töhvə olaraq Azərbaycan şairlərinin yaradıcılığında əks olunan müxtəlif ölkələrə, xalqlara, onların mübariz övladlarına, qərib torpaqlarda uyuyan həmyerlilərimizin ruhuna olan hörməti, ehtiramı və məhəbbəti istəkli oxucularımızla paylaşmaqdır.
Bir qədər zamanın dərinliklərinə nəzər salaq. Çin xalqının coşqun və mənalı həyatı, bu böyük ölkənin zəngin və füsunkar təbiəti, insanı valeh edən qədim mədəniyyəti Azərbaycan şairlərini ta qədimlərdən düşündürüb. Hələ doqquz əsr bundan əvvəl yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Nizami Gəncəvi ilk böyük poeması olan “Xosrov və Şirin”lə yanaşı, bir çox əsərlərində Çindən, cin xalqının mədəniyyətindən, sənətkarlığından dönə-dönə bəhs edib. Onun Xosrova qarşı qoyduğu Fərhad, mahir bir rəssam kimi təqdim etdiyi Şapur sənətkarlığı Çində öyrənmişdi. Bəhrama qarşı qoyulmuş Fitnə də çinlidir. “İskəndərnamə”də Çin xalqının qəhrəmanlığından, vətənpərvərliyindən daha geniş söhbət açılır. “Yeddi gözəl”lərdən biri Çin qızı könülləri şənləndirib. Çin qızlarının gözəlliyi 18-ci əsrdə Azərbaycan şairi Vaqifin də müqayisə və təsvir vasitəsinə çevrilib. Şair “Kür qırağı”nın şən, çalıb-çağıran qızlarını təsvir edərkən yazır:
Elə gözəl vardır bunlar içində,
Ələ düşməz hərgiz Çinü – Maçində.
İllər, əsrlər bir-birini əvəz etdikcə, Çin xalqına olan məhəbbət də illərin sınağından şərəflə çıxırdı. 1949-cü il oktyabrın 1-də siyasi müstəqillik qazanan Çin Xalq Respublikasının həyatına Azərbaycan şairlərinin böyük qismi də qələmləri ilə xeyir-dualar, uğurlar dilədi. Şair Əhməd Cəmil böyük ruh yüksəkliyi ilə yazırdı:
Min illik zəncirləri qolundan qırıb atan,
Dostu düşməndən seçib, xoşbəxt günlərə çatan
Qəhrəman Çin xalqının ərzi titrədir səsi:
– Yaşasın sülh çəbhəsi!
Taleyin və zamanın diqtəsi ilə həyatımızın 200 ili qüdrətli rus xalqı ilə sıx bağlı olub. Mədəniyyətlərimiz bir-birindən faydalanıb. Neçə-neçə ədəbiyyat nümunələrimiz dillərimizə təcrümə olunub. Rus şeiri respublikamızda sevilə-sevilə oxunub, öyrənilib. Tanınmış rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Yevgeni Onegin” poemasını Azərbaycan dilinə təcrümə edən Səməd Vurğun “Böyük şairin şərəfinə” adlı şeirində öz işindən zövq alıb, bu barədə qürurla söz açırdı:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şerinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə!
… Şairlər oylağı, ey əziz Vətən!
Söylə, tanışmıdır sənə Onegin?
Bilirəm, Puşkini çoxdan sevirsən…
Qızın da, oğlun da əzbərdən desin.
Bizdə şer də var, sənət də vardır!
Şairə, sənətə hörmət də vardır!..
Sovet İttifaqı qəhrəmanı, alman faşizminə qarşı mübarizədə misilsiz şücaətlər göstərmiş Azərbaycanın mərd oğlu Mehdi Hüseynzadə 1944-cü il noyabırın 16-da partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlir. Qəhrəman döyüşçü xeyli düşmən öldürür. Döyüş zamanı ağır yaralanır. İgid partizan çoxlu qan itirib həlak olur. “Mixaylo”nun ölümü Adriatik dənizinin bütün sahilinə yayılır. Çepovani kəndində (keçmiş Yuqoslaviya Sosialist Respublikası ərazisində) dəfn olunan qəhrəmanın başdaşı üzərinə bu sözlər həkk olunur: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.
Azərbaycanın xalq şairi, həssas ürəkli insan Nəbi Xəzri Çepovani kəndini “Hardasan Çepovani kəndi?” adlı şeirində də həsrət və munis bir hisslərlə soraqlayır. Şair duyğularını böyük şeirin zərif sətirlərinə köçürür:
Mən sənin adını eşitdim erkən,
Xəyalsan, nağılsan, nəğməsən mənə.
Ey səni bir dəfə görmədiyim kənd,
Bilirsən nə qədər doğmasan mənə!
Keçdim yaxın eli, uzaq ölkəni,
Səni arzuladım yer kürəsində.
Xəritə-xəritə gəzsəm də səni
Tapdım taleyimin xəritəsində.
… Ucaltdıq Bakıda bir tunc abidə,
Sanki Mehdi yenə döyüşə gedir.
O, sənin qoynunda yatan igidə,
Həm sənin özünə bir abidədir…
Nəbi Xəzrinin qəhrəmanlarından biri Rixard Zorge Bakıda, Sabunçu qəsəbəsində, neftçi-texnik Adolf Zorgenin ailəsində doğulmuşdu. Babası Albert Zorge Almaniya vətəndaşı idi. Rixard Zorge də üç yaşı olanda valideyinləri ilə bərabər Almaniyaya köçür. 1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard Zorge, 1929-cu ildə sovet kəşfiyyat xidmətinin işinə cəlb edilir. 30-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin Sovetlər İttifaqına qarşı hərbi əməliyyatlara hazırlaşmaları və hətta hücumların konkret vaxtları haqqında məlumatları Sovet rəhbərliyinə çatdırır. 1941-ci ildə Rixard Zorge Yaponiyada həbs olunur. 1943-cü ildə haqqında ölüm hökmü verilən Zorge, 1944-cü ildə Yaponiyada edam olunur. Ölümündən 20 il sonra, 1964-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilir. Bakıda onun adını daşıyan küçə və park var, qəhrəmanlığı haqqında bədii filim çəkilib. Nəbi Xəzri qəhrəmanın məzarını ziyarət etdikdən sonra “Rixard Zorgenin qəbri önündə” adlı təsirli bir şeir yazıb. Həmin şeiri həyəcansız oxumaq mümkün deyil. Şair yazır:
Yatırsan yad torpaq qucağında sən,
Yaddır başın üstə asiman, Zorge.
Bakıdan gəlmişəm, eşidirmisən?
Sənin doğulduğun Bakıdan, Zorge.
Saf Vətən suyundan içib gəlmişəm,
Yolda neçə səhər, neçə də axşam!
Zorge küçəsindən keçib gəlmişəm,
Sənin öz küçəndən özünə salam!
…Nə yaxşı oldu ki, mən səni gördüm,
Diz çökdüm qəbrini öpməkdən ötrü.
Zorge məzarından torpaq götürdüm
Zorge küçəsinə səpməkdən ötrü…
Xalqımız və ölkəmiz öz milli dəyərləri, yurdsevərliyi, qonaqpərvərliyi, dosta, qardaşa məhəbbəti ilə daim şöhrət qazanıb. Ellərdən-obalardan bizə qonaq gəlib duz-çörəklə qarşılanan cəfakeş simalar yazıçılarımız kimi, şairlərimizin də ruhunun ilham mənbəyinə çevrilib. Qələmlər öz sözünü deyib. Məhz Nəbi Xəzrinin “Xoş gəldin, özbək qardaşım!” şeirindəki kimi:
Gəldi doğma qardaş doğma torpağa,
Yaşıldan biçildi dağların donu.
Mehriban dostlarım, sizi qucmağa
Anam Azərbaycan açdı qoynunu.
Səhərə calayıb nurlu səhəri,
Hər ürək çevrildi günəşə, gəldi.
Nəvai adlayıb yüzillikləri
Böyük Nizamiylə görüşə gəldi!
Çağladı ümmantək söz də, ilham da,
Ürəklər qovuşdu dost əllər kimi.
Vurqun da göründü, Qafur Qulam da
Qoşa addımlayan heykəllər kimi.
Şimal diyarı olan Finlandiyanın təbiəti öz gözəlliyi və özünəməxsus füsunkarlığı ilə insanı valeh edir. Yaşıl meşələr, sahələrə bölünmüş əkin yerləri, dərin göllərin güzgü kimi parlayan səthi, iti axan astanalı və şəlaləli çayları, dəniz sahillərinin mənzərəli görünüşü ölkə təbiətinin səciyyəvi əlamətidir. Təsadüfi deyil ki, Finlandiyanın ” Min göllər ölkəsi” adlandırırlar. Nəbi Xəzri “Göllər ölkəsi” şeirində dost ölkənin təbii mənzərəsini yaratmaqla bərabər, fin xalqının mehribanlığından da bəhs edir:
Qədim Finlandiya… Uzaq bir diyar…
Güllü, çiçəklidir bağlar, bağçalar.
Açıqdır üzlər də ürəklər kimi,
Alışan yanaqlar çiçəklər kimi.
Deməyin bu yurda: göllər ölkəsi,
Söyləyin: mehriban ellər ölkəsi.
…Bizi qarşıladı dostlar çiçəklə,
Mehriban ürəklə, açıq ürəklə:
– Alın bu gülləri, – dedilər bizə, –
Əziz dostluğumuz gəlməsin gözə…
Deməyin bu yurda: göllər ölkəsi,
Söyləyin: çiçəklər, güllər ölkəsi.
Görkəmli şair olmaqla bərabər, Nəbi Xəzri Azərbaycanda beynəlxalq dostluq cəmiyyətinin sədri kimi də xeyli yaxın-uzaq ölkələri ziyarət edib. Bu ölkələr və onların xalqları şairin yaddaşında dərin izlər qoyub. Həmin izlər söz sənətinin qiymətli sərvəti kimi tarixin yaddaşında daim şəfəq saçır. Belə ki, Nəbi Xəzri “Əlvida, Yaponiya” şeirində sanki kövrək baxışlarını bu uzaq məkana dikib vidalaşır:
…Baxdım… gözlərimdə doğma bir ölkə…
Söz açdım Xəzərə sədaqətimdən.
Günəş okeandan qalxmırdı bəlkə,
Qalxırdı okean məhəbbətimdən.
Gedirəm, xoşbəxt ol, bu cahanda sən
Bir də görüşümüz görən haçandır?
Gündoğan ölkəsi çağrılsan da sən,
Mənimçün gündoğan Azərbaycandır!
Azərbaycanın şeir kainatının nümayəndələrindən biri olan xalq şairi Cabir Novruzun yaradıcılığı milyonların sevgi və məhəbbətini qazanıb. Müxtəlif mövzularla şeiriyyətə müraciət edən şair “Şekspirin evində” adlı şeirini təəccüblü və heyrətli duyğuları ilə ərsəyə gətirib. Şair yazır ki, Şekspirin adı gələndə, bu korifey mədəniyyət xadiminin saraylarda yaşadığını düşünürdüm. Evinin parlamentdən nəhəng, yurd-yuvasının varlı, zəngin olacağını zənn edirdim. Amma… Sən demə, bu söz dühası kiçik sadə bir otaqda qələm çalıb yaşayırmış. Cabir Novruz kövrək hisslərlə qələmə alır:
Stretford şəhərində, onun doğma evindəyəm,
Dəstə-dəstə axır bura insanların gur axını.
Çox qəribə fikirlərin,xəyalların sehrindəyəm,
Heyrət ilə seyr edirəm onun kiçik otağını.
… Bir otaqda ömr eləyib oğlu ilə, qızı ilə,
Bir otağa yerləşdirib hamletləri, maqbetləri,
Baxıb göyə bu xırdaca pəncərənin gözü ilə,
Burda yazıb yer üzünə sığışmayan hikmətləri.
… Nə şan-şöhrət, nə təntənə, Şekspirin özü elə,
İngiltərə şöhrətinin rəmzi olub, ilki olub.
O, ikinci İngiltərə yaradıb öz sözü ilə,
O, ölkənin daxilində ikinci bir ölkə olub.
Deyirlər həqiqi şair insanlığın müəllimidir. Doğrudan da belədir. İnsanlığın ən ülvi hissləri Anaya, Vətənə, Torpağa məhəbbətdən və sədaqətdən başlayır. Ana Vətənə, Ana Torpağa isə hərtərəfli bağlı olan insanı həyat daim ucaldıb. Elə Cabir Novruz kimi. “Qürbət bayatıları…” şeirində görün şair nə deyir:
… Qürbət üfüqləri doğulan kimi,
Həsrət çalır səni bir ilan kimi…
Gözlərin Vətəni görmək istəyir,
Ayağın yad yerə toxunan kimi.
Gah qürbət görməyə məcbur olmuşam,
İtmişəm, batmışam, məchul olmuşam,
Vətən! Vətən! deyə haray salmışam,
Leylini axtaran Məcnun olmuşam…
… Qürbətdə neyləyir ömür sürənlər,
Yad yeri özünə pənah bilənlər,
İki ayağından asılmalıdır
Vətəni qürbətə dəyişdirənlər.
Nelson Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti kimi tarixə düşüb. O, 1994-1999-cu illərdə ölkəsinə rəhbərlik edib. 1993-cü ildə Nobel Sülh Mükafatı laureatı adına layiq görülən Nelson Mandela, əvvəllər həyatın ağır sınaqlarına tuş gəlib. Belə ki, o apartheyd əleyhinə (apartheyd – CAR-da Afrikanın bantu xalqlarına və qeyri-avropalı, yaxud qarışıq mənşəli digər etnik qruplara qarşı qəddar ayrı-seçkilik siyasətinə əsaslanan irqi seqreqasiya prinsipidir. 1948-ci ildən rəsmi dövlət siyasəti kimi tədbiq edilib. Apartheyd siyasəti BMT Baş Məclisi sessiyyalarının qərarlarında dəfələrlə pislənib) apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb. 11 fevral 1990-cı ildə onun azadlığa buraxılması prosesi canlı efirlə bütün dünyaya yayımlanıb. Həmin vaxtlar Moskvada Lefortovo zindanında yatan Azəbaycanın tanınmış şairi Xəlil Rza Ulutürk bu hadisədən sonsuz sevinc hissi yaşayaraq “Təbrik, Nelson Mandela!” şeirində yazıb:
Əziz Nelson Mandela – səngərdaşım, qardaşım.
Əli əlimə çatmaz arkadaşım, sirdaşım.
… Salam! Nelson Mandela! Gözün aydın, günaydın!
Yurdun kişi övladı yurda bir də qayıdır.
Bu gün “Viktor Ferster” barmaqlığı sökülür.
Coşğun təbrik gülləri dağ başına tökülür.
Ulutürkü oxuduqca, fransız şairi Pol Elüarın sözü yadıma düşürdü: “Poeziyanın məqsədi faydalı həqiqətdir”. Daxili aləmində daim azadlıq, müstəqillik ruhu yaşadan Xəlil Rzanın Lefortovoda yazdığı şeirlər içində faydalı həqiqətə xidmət edən “Vyetnam”ın öz yeri var. Onun bu şeirini oxuyanda, Vyetnam xalqının böyük oğlu Xo Şi Minin mübarizə dolu həyat yolu gözlərimiz önündə bir daha canlanır. Qeyd edim ki, Vyetnamda milli azadlıq hərəkatının əvəzsiz xadimi olan Xo Şi Min fəhlə və milli azadlıq hərəkatına dair bir sıra əsərlərin müəllifi kimi də nüfuz qazanmışdı. O, 1946-1955-ci illərdə Vyetnamın həm prezidenti, həm də eyni zamanda baş naziri olub. Ümumdünya Sülh Şurası Xo Şi Min mükafatı təsis edib. Onun anadan olduğu 19 may günü istiqlaliyyət və azadlıq uğrunda beynəlxalq mübarizə günü elan olunub. Xəlil Rza bu barədə görək nə yazır:
Qollarımla ölçmüşəm, yaxud ekvator ilə
Vyetnam dəyanətini, Vyetnam mədəniyyətini.
Milyon-milyon dalğa tək qoy çırpılım sahilə
Öpüm, qucum, oxşayım sal qaya qüdrətini.
Vyetnam dəyanətini, Vyetnam mətanətini.
Orda Hanoy şəhəri, heykəlləşən Xo Şi Min,
Xo Şi Min ordusunun sıravi əsgəriyəm.
Sağ qalan beş-on nəfər, ölən, qırılan min-min,
Min dəfə güllələndim, mən hələ də diriyəm,
Xo Şi Min ordusunun sıravi əsgəriyəm.
Artıq səhifə bitməkdədir. Sevimli oxucularımız isə məni anlayar ki, bir qəzet səhifəsində Azərbaycan poeziyasından, onun bütün nümayəndələrindən ətraflı bəhs etmək mümkün deyil. Poeziyamız isə yenə ucalmaqda, inkişafdadır. Onun yeni istedadlı nəsli yetişməkdədir. Uğur olsun! Mənsə Azərbaycan şeirini ürəkdən sevən bir insan kimi bu yazımda nəsə deməyi bacardımsa, yenə poeziyamıza borcluyam. Çünki rus yazarı V.Belinski demişkən: “Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir”.
“İllərin qanadında” şeir antologiyası nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsindən olan altıncı kitab – “İllərin qanadında” şeir antologiyası çapdan çıxıb. Şeirlər toplusu ilk dəfə 1998-ci ildə Tehranda nəşr olunub, tərtibçisi Eloğludur. Müəllifin kimliyi haqqında məlumat yoxdur.
İnstitutdan Qərbinfo.az-a bildiriblər ki, mətni transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.
Antologiyaya XX əsrdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində – Təbriz, Qaradağ, Urmiya və digər şəhərlərində yaşayıb-yaradan otuz şair haqqında ətraflı məlumat və onların əsərləri daxildir. Şairlərdən Ağyarlı, Miyanlı Əlirza, Ahəni, Leyla Kəhali və başqalarının adlarını misal göstərmək olar.
Eloğlunun dili sadə və anlaşılan olduğu üçün kitabın transfoneliterasiyası zamanı Azərbaycan dilinin cənub ləhcəsi olduğu kimi saxlanılıb.
Nəşrin redaktoru Seyyid Əsri, rəyçiləri Qutiyera Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Lamiyə Cəfərovadır.
Şərhlər bağlıdır.