İran 3 aydan sonra Cənubi Koreya gəmisini azad etdi

Məqsəd olanda bəhanə tapmağa nə var ki...

Böyük güclərin hədəf götürdükləri ölkələrə ikinci – üçüncü dərəcəli dövlətlər dəstək verəndə istər-istəməz bədəlini ödəməli olurlar. Cənubi Koreyaya məxsus gəminin heyəti də məhz bu səbəbdən 3 aydan çox  İran limanlarının birində saxlanılıblar. İranın ərazi sularında üzərək ekoloji vəziyyəti pozmaqda ittiham edilərək saxlanılan Cənubi Koreyaya məxsus yük gəmisi də belə taleyi yaşamalı olub.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu məlumatı humanist akt, qanunvericiliyin tələblərinə hörmət nümunəsi kimi yayımlayıb.

O bildirib ki, gəmi sahibinin müraciətinə əsasən tədqiqat aparılıb və gəmi kapitanının əvvəllər məhkum olunmaması nəzərə alınıb. İran prokurorluğu gəminin də əvvəllər heç zaman ekologiyanı çirkləndirmədiyini nəzərə alıb və onun azad edilməsi haqqında qərar verib.

Neft məhsullarından ibarət 7200 ton yükü olan gəmi yanvarın 4-də Fars körfəzində İranın Sahil Mühafizə Xidməti tərəfindən saxlanılırdı.

Əslində isə məsələnin kökündə İranın Cənubi Koreya bankalarında saxladığı 7 milyard dollar həcmindəki maliyyə vəsaitini almaq üçün müraciətinin sanksiyalar bəhanə gətirilərək və rəsmi Seulun maliyyə vəsaitini bu ölkəyə verməkdən imtinası dayanırdı. Məhz bundan sonra Cənubi Koreyaya məxsus gəmi Fars körfəzində həbs edilmişdi.

Rəsmi Seul ölkə banklarında İrana məxsus maliyyə vəsaitinin dondurulduğunu etiraf etsə də, pulu qaytarmaq istəyində olsa da ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara görə vəsaiti İrana qaytarmaqdan çəkinirdi.

Nəticədə Cənubi Koreyanın xarici işlər naziri fevralda İrana səfər edib və rəsmi şəxslərlə görüşüb. Görünür tərəflər arasında müəyyən anlaşma əldə olunub ki, gəmi sərbəst buraxılıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.