Tehran-Təbriz danışıqlarının yekunları (29 aprel – 10 may 1946-cı il)

S.C.Pişəvərinin bəyanatı

Ön söz əvəzi

29 aprel – 10 may 1946-cı il tarixləri arasında Tehran-Təbriz danışıqlarının birinci mərhələsi barədə Pişəvərinin Azrbaycan xalqı qarşısında geniş hesabatını oxucuların diqqətinə təqdim etməzdən öncə onların diqqətini aşağıdakı bir neçə məqama çəkmək istərdim.

Bu hesabatda müzakirələrdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş S.C.Pişəvəri ilk öncə 21 Azər hadisəsinin baş vermə səbəblərini, onun ilkin müqəddəm şərtlərini tarixi faktlar və dəlillərlə, məntiqi ardıcıllıqla açıb ortaya qoyur. Mərkəzi Tehran hökumətinin Rza şah hakimiyyəti dövründə Azərbaycan və azəbaycanlılara münasibətdə həyata keçirdiyi milli və iqtisadi zülm siyasətini incəliklərinə qədər təhlil etməklə toplantı iştirakçılarının diqqətinə təqdim edir. Bununla 21 Azər hərəkatına rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyəti, Azərbaycan Milli Məclisinin və Milli Hökumətinin təşkilini, həyata keçirdiyi islahatları, xüsusilə dövlət torpaqlarının kəndlilər və əkinçilər arasında bölünməsi lüzumunu əsaslandırır. Azərbaycan xalqının qısa zaman kəsiyində – 5 ay içərisində nail olduğu uğurları bir daha diqqətə çatdırır.

Pişəvəri eyni zamanda onu da qeyd edir ki, Azərbaycandakı sosial-iqtisadi problemlər bütün İran xalqlarının da problemidir. O üzdən də Azərbaycan, azərbaycanlılar və onlara rəhbərlik edən Azərbaycan Demokrat Firqəsi bütün İranda Tehran mərkəzi hökumətinin irtica siyasəti altında əzilən xalqların azadlıq mübarizəsinin önündə gedir və bu ümumi mübarizənin məşəli olmağa da qadirdir.

Pişəvəri xalq qarşısında verdiyi bu hesabatında onu da vurğulayır ki, Milli Hökumət qurulan kimi Azərbaycan öz tələblərini təmin etmək mövzusunda mərkəzi hökumət ilə müzakirələrə başlamışdır və Tehran irtica hökuməti bu tələbləri təmin etməyə heç bir vəchlə imkan verə bilmədiyindən bu müzakirələr nəticəsiz qalmışdır. Əslində o zamankı müzakirələr indiki Tehran-Təbriz müzakirələrinin müqəddiməsi idi.

5 ay müddətində Azərbaycanda dövlət torpaqlarının bölünməsi, zavod-fabriklərin işə salınması, işsizliyin aradan qaldırılması, şəhərlərn abadlaşması, xalqın təhlükəsizliyini təmin etmək üçün fədai dəstələrinin təşkili, milli qoşunun yaradılması, mədəniyyət, səhiyyə və ticarətin tərəqqisi, bazarda mal dövriyyəsinin tənəzzülünün qarşısının alınması kimi görülən tədbirlər  xalqı ayaqlandırdı, bütün İran xalqlarının diqqətini özünə çəkdi və mürtəce Tehran hökumətini fakt qarşısında qoymaqla onu bərk qorxuya saldı.

Tehran təyyarə meydanında Azərbaycan nümayəndə heyətini qarşılamağa gələn azadlıqsevərlərin səsləndirdikləri “Siz bizə nicat verdiniz, siz İran xalqını əsarətdən xilas etdiniz, amma indi səhv etməyin! Azadlığımız sizin düzgün hərəkət etməyinizə bağlıdır” kimi  şüarlar buna əyani sübutdur. Belə ki, İran azadlıqsevərləri də bu müzakirələrin nəticələrinə böyük ümidlər bəsləyirdilər.

Pişəvərinin bu çıxışında Tehran mərkəzi hökumətinin Azərbaycanla silah gücünə deyil, danışıqlar yolu ilə münasibətlərini qurmaq məcburiyyətində qalmasının səbəblərini də danılmaz faktlarla əsaslandırır, Qəvamın iş başına gətirilməsini, onun “demokrat” maskası geyinərək Azərbaycan məsələsinin həlli istiqamətində qurduğu planlardan çox incəliklə və sadə bir dildə öz həmvətənləri qarşısında izahat verir.  

Müzakirələrdə xalqın seçkili yerli idarəetmə orqanları olan əyalət və vilayət əncümənlərinin lüzumunu, qarşıdakı XV Məclis seçkiləri ilə bağlı Azərbaycan xalqının mövqeyini, fədai dəstələri və xalq qoşununun vəzifə və məqsədlərini ortaya qoyur və vurğulayır ki, “xalq qoşunlarının vəzifə və məqsədi rəsmi dövlət qoşunundan tamamilə başqadır. Azərbaycan qoşunu xalq qoşunu və azadlıq qoşunudur. Xalq qoşunu daxili əmniyyət və milli azadlığı təmin etmək məqsədilə təşkil edilən bir qüvvədir. Onu İran xalqının azadlığını məhv etməyə məcbur etmək olmaz”.

Pişəvəri Tehran hökuməti ilə bu danışıqların və müzakirəlrin lüzumuna da toxunur, onun mahiyyətini xalqına açıqlayaraq deyir ki, Azərbaycan xalqı Tehrandan yeni bir şey tələb etmir. Çünki o istədiyini almağa müvəffəq olmuşdur. Onun qarşısında duran əsas məsələ aldıqlarını qan tökülmədən saxlamaq məsələsidir. Bir də Azərbaycan xalqı istədiklərini İran hüdudunda həyata keçirməyi hədəf qərar verdiyinii də unutmamışdır.

Tehran hökumətinin 7 maddədən ibarət müzakirə obyekti olan təklifləri isə əslində Azərbaycanın qeyd-şərtsiz təslim olamağını tələb edən qərarlardan başqa bir şey deyildi. Azərbaycan tərəfi bu müzakirələrdə hətta, mərkəzi Tehran hökuməti ilə ixtilafları aradan qaldırmaq xatirinə böyük güzəştlərə gedib Milli Hökumət və Milli Məclis ünvanından imtina etməyə hazır olduğunu bildirməklə Azərbaycan xalqının öz əyalət əncüməni vasitəsilə dövlət idarələrinin məmurlarını və əyalətin valisini dövlətə təklif etməsini, onların hökmünün mərkəzi dövlət tərəfindən verilməsini, həmin yerli məmurlar vasitəsilə Azərbaycanın idarə olunmasını  istəsə də, Tehran hökuməti bu haqqı azərbaycanlılar üçün vermək istəmədi.

Müzakirələrin nəticəsindən aydın oldu ki, Tehran hakimiyyəti azərbaycanlıların başladıqları böyük işləri tamamilə ortadan aparmaq, yenidən xalqı jandarmaların, oğru, quldur və cani məmurların ayaqları altına salmağa çalışır. O da aydın oldu ki, məsələ təkcə Azərbaycan məsələsi deyildir. Söz bütün İranda azadlıq, demokratik prinsiplərin yayılması üstündədir. Tehran hakim dairələrini, böyük feodal və yer sahiblərini qorxuya salan da burasıdır: onlar Konstitusiya adı altında bütün xalqın hüququnu məhv etməyə çalışırlar. Dava hamısı kəndlinin yeni aldığı torpaq və xalqın aldığı hakimiyyət haqqı üstündədir.

Müzakirələrin nəticəsi olaraq Qəvamın Azərbaycan məsələsi barədə verdiyi rəsmi bildirişin məzmununa toxunan Pişəvəri çox ciddi və açıq bir şəkildə öz xalqı qarşısında bunları söyləyir:  “… bizi heyrətə salan neft və seçkilər mövzusunun ortalığa çəkilməsi və həqiqətdə onların danışıqlar prosesinə düyün vurmasıdır. Əvvəla, neft msələsi sadəcə iqtisadi və xarici siyasətə aid bir məsələdir. Bunu Azərbaycan məsələsinə qarışdırmaq heç bir məntiq ilə düz gəlmir. Nəhayət, Azərbaycan məsələsinin daxili bir məsələ olduğunu hətta cənab Qəvamüssəltənə özü də təsdiq və elan etmişdir”.

Seçki ilə bağlı Pişəvəri bildirir ki, əgər dövlət  hər yerdə olduğu kimi Azərbaycanda da pul, güc, təhdid və əyri yollarla bir qrup oğru, xain, mürtəce  millət nümayəndəsi adı ilə Məclis kürsülərinin tutulmasını istəyirsə, o zaman azərbaycanlı belə bir Məclisə nifrətlə baxacaq. Bunların hamısını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti dövlətə məslhət görürük ki, Azərbaycan xalqı ilə sadə və səmimi surətdə  danışığa başlayıb onlardan o güzəştləri tələb etməsin.

İndi isə aşağıda S.C.Pişəvərinin sözügedən nitqinin tam mətnini diqqətinizə təqdim edirəm.

Uğurlar diləyi ilə, Səməd Bayramzadə

 

Cənab Pişəvərinin Azərbaycan xalqının səlahiyyətli şəxsiyyətlərinin konfransında etdiyi bəyanat

Əziz və möhtərəm həmvətənlər! 

Əsl mövzuya başlamadan əvvəl icazə istəyirəm, bir qədər mövcud vəziyyətimizin keçmişi və onu yaradan səbəblər barəsində izahat verim.

Hamınız bilirsiniz ki, firqəmiz 12 şəhrivərdə (3 sentyabr 1945-ci il – red.) nəşr etdiyi 12 maddədən ibarət olan tarixi bəyanatımızın yayılması ilə işə başlamışdır. Bu bəyanatda biz açıq və aşkar bir surətdə “İran daxilində İranın istiqlal və ərazi bütövlüyünə riayət etmək şərtilə” öz daxili işlərimizi öz əlimizə almaq və öz evimizi öz iradəmiz ilə idarə etmək, öz ana dilimizdə milli mədəniyyətimizi mütərəqqi və müasir hala salmaq tələbatını ortaya sürmüşdük. Vətəndaş müharibəsinə və anlaşılmazlıqlara yol verməmək üçün İran Konstitusiyasına istinadən istədiklərimizi əyalət və vilayət əncümənləri vasitəsilə əldə etmək, qansız və davasız olaraq sülh və təbliğat yolu ilə bu məqsədə nail olmağa çalışdığımızı da o gündən etibarən ciddi surətdə təbliğ etməyə başlamışıq. İllər boyu təhqir, söyüş və əsarətə məhkum olan xalqımız firqəmizin bu şüarını açıq ürək və ali ruh ilə qarşılayıb sel kimi onun sıralarına axmağa başladığı halda, Tehran irtica hökuməti və ümumiyyətlə xalqın əsarətini özü üçün səadət və şan-şövkət sayan alçaq və xain dövlət məmurları mürtəce, müstəbid və xudbin ünsürlərlə səs-səsə verib bizim bu sadə, təbii sədamızı boğmaq  və işıqlandırdığımız azadlıq məşəlini söndürmək üçün dünyanı gurultu ilə doldurmağa qiyam etdilər.

Bildiyiniz kimi, vətənimizin mərkəzi Təbriz şəhərində yaşanan azadlıq sədası onların çığır-bağırına və iftira dolu sözlərinə baxmayaraq, çox tez bir surətdə əvvəl İran daxilində, sonra da bütün dünyada əks olunmağa başladı. Hər bir yenilik və hər bir mütərəqqi işi özünün məhvi hesab edən İran hakim dairələri isə xalqımızın qanuni və haqlı tələblərini təmin etmək əvəzinə onu əlində olan dövlət təşkilatı vasitəsi ilə azadlığa əsarət, hüquqa, haqqa və ədalətə şallaq, həbs, sürgün, faciəli qətl və qarət ilə cavab verdi.

Hələ şəhrivər (23 avqust – 23 sentyabr) ayı qurtarmamışdı ki, kəndlərimizdə jandarma və şəhərlərimizdə polis və hərbi qüvvələrə demokrat firqəsini silah gücü ilə dağıdıb onun başçılarını həbs və məhv etmək əmri verildi. Bununla bütün Azərbaycanı qorxu və iztirab bürüdü. Xüsusilə kənd əhalisinin malı, canı, heysiyyəti və namusu tamahkar, oğru və Rza xan rejiminin ən kəsif, ən nacins, ən pis və ən murdar məhsulu olan jandarma məmurlarının ixtiyarına tapşırıldı. Bu yolla Azərbaycan xalqının şiddətli və ciddi mübarizəsi başlandı. İş firqə və təşkilat çərçivəsindən xaric olub ümumi bir şəkil aldı. El özünü zülm və əsarət çəngindən xilas etməyə başladı. Azərbaycanlı bu işi çoxdan arzu edirdi. Onun səbr və dözüm kasası dolub daşmışdı. O Tehrandan göndərilən qoşun və dövlət məmurlarının xəyanət, təhqir və söyüşlərinə son vermək üçün belə bir günün gəlib çatmasını illər boyu arzu etmişdi. Hətta bu arzu tək Azərbaycan deyil, bütün İran millətinin ürəyini əzib yoran ağır, amma müqəddəs bir dərd idi. İndi də bütün İran xalqı bu arzunu yaxından hiss etməkdə idi. O, artıq özünə ciddi bir dayaq nöqtəsi tapıb öz milli firqəsini yaratmışdı. O çox gözəl bir  surətdə hiss etmişdi ki, onun möhkəm bir mərkəzi və sarsılmaz bir başı vardır. Bu mərkəz və bu baş firqəmizdən ibarət idi. Düşmənlərimiz hətta, dostlarımızın çoxu bizim ildırım sürəti ilə irəli gedib böyük bir qüdrət kəsb etdiyimizin səbəblərini bilməyə hələ də qadir ola bilməmişlər. Halbuki, bu çox sadə və aydın bir məsələdir. Bizim müvəffəqiyyətimizi təmin edən həmin xalqımızın illərlə bəslədiyi müqəddəs amal və arzularını pak vicdan və səmimi qəlb ilə həyata keçirmək istəyimizdir. Buna görə də irtica dövləti və mürtəce ünsürlərin əleyhimizə başladıqları vəhşi həmləyə xalqımız qəhrəman bir hərəkətlə cavab verdi. Anaların göz yaşları, qızların namusu, cavanların qanı bahasına ağalıq edən jandarma və sair cəlladlar əvvəl kəndlər, sonra şəhərlərimizdən kənar edildi. Xalq özü öz taleyinə hakim olmaq istedadını bu vasitə ilə sübuta yetirdi. Kəndlərdən cəlladları, şəhərlərdən oğru və kəsif mürtəce məmurları qazıb çıxarmaq kifayət etmirdi. Xalqı idarə edə, çürümüş dövlət təşkilatı əvəzinə xalqın ehtiyaclarını təmin edib hamının arzularını həyata keçirə bilən bir təşkilat yaratmaq lazım idi. Bu iş təbii bir surətdə meydana çıxdı. Xalq konfranslarında  yüz minlərlə imzaya malik olan qərarlar Tehranı gözləmədən milli azadlığı təmin edən muxtariyyət və milli hökumət təşkilatı tələb edən məktublar sel kimi axıb Təbrizə gəldi. Firqəmiz isə xalqımızın ruhundan qopan səsə laqeyd qala bilməz və xalqı başsız olaraq öz halına qoya bilməzdi. Ona görə çox tez bir surətdə xalq konfranslarının arzularını həyata keçirmək və xalqın səsini təmərküzləşdirmək üçün  1945-ci ilin noyabr ayının 20-də  Təbriz şəhərində bütün Azərbaycan xalqı tərəfindən seçilən 720 nəfərlik böyük Milli Konqres vücuda gəldi. Bu Konqres 5 milyonluq Azərbaycan xalqının arzusunu həyata keçirmək üçün özünü Müəssislər Məclisi adlandırıb Milli Hökumətimizin əsasını qoydu. Milli Məclisimizin tezliklə çağrılması qərarını çıxardı və bu qərarı həyata keçirmək üçün milli bir heyət seçdi. Özünün böyük və tarixi bəyanatını İran Məclisinə (Parlamenrinə – red.) və xarici dövlətlərin nümayəndələrinə göndərməklə  özünün qanuni olan daxili hökumətini yaradacağını və bu yolda Tehran hökuməti ilə danışığa hazır olduğunu elan etdi.

Bu bəyanatdan sonra Tehran hökuməti tərəfindən zahirən böyük səlahiyyətlərlə ostandar (general qubernator – red.) təyin olunan cənab Bəyat ilə milli heyətimizin nümayəndələri arasında bizim tələblərimizi təmin etmək mövzusunda müzakirə başlandı. Bu müzakirə indiki müzakirəmizin müqəddiməsi hesab oluna bilər.

Cənab Bəyat əyalət və vilayət əncüməni ilə razı olduğunu söylədi. Lakin onun Milli Şura Məclisi (İran Parlamenti – red.) tərəfindən təsdiqini irəli sürüb bizə aydın bir cavab verə bilmədi. Biz ondan azadlığımızın mühafizə edilməsi və əncümənlərin fəaliyyətinin davamı üçün təminat istədik. O isə belə bir təminat verməyə qadir ola bilməzdi. Ona görə Tehran ilə danışığımız nəticəsiz qaldı.  Bildiyiniz kimi, Milli Məclisimiz və Milli Hökumətimizin təşkili ilə cənab Bəyatın artıq Azərbaycanda görəcək bir işi olmadığı üçün Tehrana qayıtdı. Bəyat ilə aparılan müzakirə bizə isbat etdi ki, Tehran irtica hökuməti bizim arzularımızı təmin etməyə heç vəchlə imkan verə bilməyəcəkdir. Onun tək-tək məmurları istəsələr belə bu iş əməli deyildir.

Ona görə biz öz iradə, öz milli qeyrətimizə istinadən 21 Azərdə Milli Məclis və Milli Hökumətimizi qurub azad bir surətdə işə başladıq. Mən Milli Hökumətimiz və Milli Məclisimizin təşkili zamanı xalqın büruzə verdiyi həyəcan və hərarətdən bəhs etmək istəmirəm. Yalnız deyə bilərəm ki, o gün bütün xalq, istər şəhərlər, istər kəndlərimiz də ayağa qalxmışdı. Tam mənasilə hərəkat ümummilli qiyam və milli hərəkat əmələ gətirmişdi. 21 Azərdən indiyə qədər təqribən 5 ay keçir. Bu az müddətdə hökumətimiz firqə, Milli Məclis və xalqımızın hüsni-rəğbətinə dayanaraq böyük işlər görmüş və əsaslı islahata başlamış, bu vasitə ilə xalqımızı ayaqlandırıb və gələcək səadətli bir həyata ümidvar etmişdir. Xalisə (dövlət – red.) yerlərinin kəndlilər arasında əvəzsizb olaraq bölünməsi, zavod-fabriklərimizin ciddi surətdə işə salınması, işsizlik ilə şiddətli mübarizə, şəhərlərimizin abadlaşması, milli azadlığımız və xalqın təhlükəsizliyini saxlamaq üçün təşkil olunan fədai dəstələrinin nizama salınması, nəhayət azadlığımızın dayağı olan milli qoşunun 2 ay müddətində yaradılması möcüzəsi, həmçinin mədəniyyət, səhiyyə və ticarətin tərəqqisi, bazarın süqutunun qabağının alınması kimi götürülən bütün qədəmlər millətimzin özünü idarə etməyə layiq olduğunu isbat etmişdir. Məncə, bunların hamısından əhəmiyyətlisi xalqımız və hökumətimizin,  firqəmizin üzvləri arasında yaranan möhkəm inam və qırılmaz birlikdir. Xalqımızın rəhbərləri arasında müşahidə olunan möhkəm birlik, məncə, bunların hamısından artıq millətimizin bacarıq və istedadını isbat etməkdədir. Xalqımız bu böyük müvəffəqiyyətlər və bacarıqları sayəsində tam mənası ilə İran millətinin nicatvericisi hesab olunmaqdadır.

Biz Tehrana daxil olduqda  jandarma və sair təhlükəsizlik orqanalrı işçilərinin çəngindən xilas olub özlərini bizə yaxınlaşdıran şəxslərin simasında və hərəkətində bunu aşkar surətdə görürdük. Təyyarə meydanına girib-çıxmağa müvəffəq olan Tehran azadlıqsevərlərinin şüarları bizim ruhumuzu titrədirdi: “Siz bizə nicat verdiniz, siz İran xalqını əsarətdən xilas etdiniz, amma indi səhv etməyin! Azadlığımız sizin düzgün hərəkət etməyinizə bağlıdır.

Yaşasın Azərbaycanın qəhrman xalqı! Yaşasın azadlığımızın məşəldarı olan Azərbaycan azadlıqsevərləri!”

Bu şüarlar Azərbaycan xalqının başının ucalmasına, onların tək özünü idarə etmək deyil, bəlkə bütün İran xalqına rəhbərlik etmək bacarığına malik olduğunu bir daha isbat etmiş oldu. Hələ hərəkatımız başlanan gündən Tehran və sair İran şəhərlərində nəşr olunan qəzetlərin “Gəlin bizə də nicat verin” şüarlarını biz hələ unutmamışıq. Mən təəssüf edirəm ki, İran hakimlərindən birinin sözünü burada deməyə məcbur oluram. Danışığımızın ciddi və şirin bir yerində söz Azərbaycan valisinin təyini ətrafına gəldi. Sözügedən həmin hakim “sizdə ki, vali ola bilən bir adam yoxdur” dedi. Mənim ona verdiyim cavabı yəqin edirəm, siz çox gözəl hiss edirsiniz. Onu təkrar etməyə ehtiyac yoxdur. Bununla istəyirəm, sizə Tehran hökumətinin nə kimi adamlar əlində olduğunu göstərəm və istəyirəm, biləsiniz ki, bəlkə o məmur qəsdən bu sözü demişdir. Onun düşüncəsi və anlağı bundan yuxarı ola bilməz.

Tehran camaatı isə bu kimi məmurları öz başından kənar etməyə qadir deyildir. Belə bir xalqın bizlərə “siz başladığınız böyük işləri yarımçıq qoyub gəlin bizim boyunduruğumuzun altına girin!” deməsi böyük bir haqsızlıq deyildirmi? Çünki “biz İranın mərkəzi hesab olunuruq, ona görə də əşrəf məxluqlarıq” deməsi ən sadə bir insanın ruhunu üsyana vadar etməyə kifayət etməzmi?

Bununla belə məşhur riyaziyyatçı və alimin sözünü təkrar edib demək lazımdır ki, “bütün bunlara baxmayaraq yer dolanır”, yəni Azərbaycan xalqı mədəni, fədakar, layiq bir millətdir, öz evini idarə etdiyi kimi bütün İran xalqının azadlığının ələmdarıdır.

Söz bizim Tehran ilə danışığımız barəsində idi. Bildiyiniz kimi, Sədr və Həkimi hökumətləri kəklik kimi başlarını qara quylayıb dünyadan xəbərləri olmadıqları üçün milli hərəkatımızı silah gücü ilə dayandırmaq fikrində idilər. Onların nəzərində Azərbaycan xalqı Zülfiqari, Kor Mircavad, Əbülqasım Cavan, Əmir Nüsrət və Sadıq kimi xalq düşmənlərindən ibarət idi. Ona görə bizim haqq sözlərimizi eşitmək əvəzinə onların barmağı ilə rəqs edib özlərində bizim içərimizdə üsyan yaratmaq kimi axmaq ümidlərlə hərəkət edirdilər. Nəhayət, fədailərimizin zərbi-dəsti onların arzularını puça çıxardı. Sonunda Tehran anladı ki,  zor ilə Azərbaycan xalqının iradəsini sındırmaq olmaz. Ona görə irtica dairələrində müxtəsər tərəddüdlər əmələ gəldi. Nəhayət, azadlıqsevər ünsürlərin köməyi ilə Həkimi hökuməti yıxıldı. Çox az bir çoxluqla mürtəce İran Məclisi (Parlamenti – red.) Qəvamüssəltənə hökumətini yaratdı. Qəvamüssəltənə hökuməti zor və güc siyasətini dəyişdirib sülh yolu ilə işə başladı. Biz isə sülh yolu ilə daxil olan bu hökumətə silah ilə cavab verməməli olduğumuzdan onun rəsmi dəvətini qəbul edib Milli Məclis və Milli Hökumətimizin göstərişi ilə istədiyimizi sülh və danışıq yolu ilə əldə etmək üçün Tehrana getdik.

Bunu gərək hamı bilsin ki, biz Tehrandan yeni bir şey tələb etmirdik. Çünki biz istədiyimizi almağa müvəffəq olmuşuq. Qarşımızda duran məsələ aldıqlarımızı qan tökülmədən saxlamaq məsələsidir. Bir də biz istədiklərimizi İran hüdudunda həyata keçirməyi hədəf qərar verdiyimizi də unutmamışıq. Bilirsiniz ki, hələ indiyə qədər biz Xarici İşlər və Hərbi nazirlikləri təşkil etməmişik. Qoşunlarımız xalq qoşunları adlanır. Xalq qoşunlarının vəzifə və məqsədi rəsmi dövlət qoşunundan tamamilə başqadır. Xalq qoşunu daxili əmniyyət və milli azadlığımızı təmin etmək məqsədilə təşkil edilən bir qüvvədir.  Buna görə də bu vəziyyət uzun müddət davam edə bilməzdi. Nəhayət, gərək mərkəzi hökumət ilə təklifimiz (öhdəliklərimiz – red.) məlum olaydı. Bu öhdəliyi müəyyən etmək üçün cənab Qəvamüssəltənənin sülh əlini rədd etməyib Tehrana getdik. Hətta, mən özüm bərk xəstə olduğuma, səmimi yoldaşlarımın və təbiblərin tövsiyəsinə baxmayaraq, məsələnin daha tez həll olunması məqsədilə şəxsən cənab Qəvamın dəvətini qəbul edib heyət ilə bərabər səfər etdim. İstər xüsusi görüşlərimizdə, istərsə rəsmi görüşlərdə biz xalqımızın asayiş və sülh yolu ilə ixtilafları həll etməyə hazır olduğunu söylədik. Cənab Qəvamüssəltənə və sair dövlət məmurları ümumiyyətlə bizim fikrimizlə razı olduqlarını bildirirdilər. Lakin əməldə dövlətin 7 maddədən ibarət olan qərarından aşmağa hazır olmaq istəmirdilər. Siz, əlbəttə, nümayəndələr heyətinin müzakirə haqqında verdiyi rəsmi bəyanatı eşitmisiniz. Biz gizli siyasətimiz olmadığına görə müzakirənin təfsilini dünyaya elan etdik və bildirdik ki, Tehran hökuməti bizdən məğlub bir qüvvə kimi qeyd-şərtsiz təslim olmağı təlb edir. Bu isə gülünc bir vəziyyət meydana çıxarırdı. Biz dedik, əgər dövlətin qərarı səmadan göndərilən ayə kimi dəyişməz imişsə, bu israr ilə bizi Tehrana dəvət etmək nəyə görə idi?

Tehranın rəsmi məqamlarının sözləri Təbrizdə cənab Bəyat tərəfindən danışılan sözlərin eyni idi. Onlar həmişə olduğu kimi Konstitusiyadan və prinsipdən bəhs edib yalan-palanla mövzunu ört-basdır etməyə çalışırdılar.

Biz əvvəlinci gün dedik ki, biz diplomat deyilik, amma əsas və sair qanunlardan özümüzə görə məlumatımız vardır, biz indiyə qədər Konstitusiyanın əsasını Rza xanın diktatorluğu üçün dəyişdirilməsindən xəbərsiz deyilik, biz İranı bürümüş qanunsuzluqların mənşəyini də bilirik, biz Amerikadan gəlməmişik, iranlıyıq və İranda qanunların nə qədər və nə şəkildə icra edildiyindən xəbərimiz vardır. İndi də İranda kimlərin hökumət etdiyini və İran millətinin bu şəxslərə olan nəzərini də bilirik. Gəlin sadə danışaq. Azərbaycan xalqı bir gün istibdad əleyhinə qiyam edib Konstitusiya yaratdı və Milli Hökumətin əsasını qurdu. Tehran mürtəceləri isə yarım əsr müddətində onu səssiz qoyub cürbəcür vasitələrlə xalqı hakimiyyət haqqından məhrum etdilər. İndi isə Azərbaycan ikinci hərəkatı ilə o haqqı diriltmək istəyir. Yalnız buna cavab vermək lazımdır. Xalisə yerlərinin bölünməsi və dövlət yerlərinin zalımların əlindən alınıb kəndli və əkinçilər arasında bölünməsini Konstitusiya qadağan etməmişdir. Qanun xalqın iradəsidir. Azərbaycan kəndlisi artıq öz haqqını almışdır. Öz iradəsi ilə bu kəndləri bölmüşdür. Dövlət isə bütün İranı Azərbaycan ilə həmrəng etmək üçün bu işi bütün əyalət və vilayətlərdə əməli etməlidir.

Biz hətta ixtilafı aradan qaldırmaq üçün böyük güzəştlərə gedib Milli Hökumət və Milli Məclis ünvanından imtina etməyə hazır olub dedik ki, ancaq bizə imkan verin, Azərbaycan xalqı öz əyalət əncüməni vasitəsilə dövlət idarələrinin məmurlarını və əyalətin valisini dövlətə təklif etsin.

Və bunların hökmü mərkəzi dövlət tərəfindən verilsin və bunlar, sadə bir söz ilə desək, Azərbaycanı idarə etsinlər.

Tehran hökuməti tək Məlik Mədəni, tək Əmir Nüsrət, tək Samsam Bəxtiyari üçün verilən bu haqqı azərbaycanlılar üçün vermək istəmədi, Konstitusiyaya zidd olan baş jandarma idarəsini belə bizə qanuni müəssisə adlandırıb onun qorxu yaradan nüfuzunu Azərbaycana qaytarmaq istədi, xalq qoşunlarını adi hərbi xidmət məsələsi hesab edib onun komandirlərini də Tehrandan göndərmək kimi təklifləri meydana sürdü.

Biz çox gözəl bilirdik ki, Azərbaycan xalqı şəhrivərin 3-də (Sovet qoşunlarının 25 avqust 1941-ci il tarixində İrana daxil olduğu gün nəzərdə tutulur – red.) özlərinin həqiqi simalarını göstərən zabit paltarı geymiş yalançı pəhləvanlara nə cür baxırdı  və yenə də bilirik ki, Səttarxan övladı Tehranın tiryək aludəsi olan polkovniklərinin məşuqələrinin boğçasını hamama daşımağa artıq dözə bilməz. Ona görə də onların bu xüsusda etdikləri təklifi rədd edib dedik, dövlət tərəfindən bir neçə nəfər Azərbaycana gəlsin, burada məsələ tərəflərin razılığı ilə həll edilsin və bir də biz Tehran hökumətinə bildirdik ki, Azərbaycan qoşunu xalq qoşunu və azadlıq qoşunudur, onu İran xalqının azadlığını məhv etməyə məcbur etmək olmaz. Xalqımız öz qoşununu idarə etməkdən aciz deyildir. Əgər Tehran doğrudan da  azərbaycanlını iranlı bilirsə, bizim təklif etdiyimiz şəxsləri qoşunun komandanlığına təyin etsin. Bu isə onların xoşuna gələn bir məsələ deyildi. Onlar İranı Tehrandan ibarət bilir və İranda hakimiyyəti yalnız beş-üç nəfərə aid hesab edirlər.

Bir də bizə ali baş komandanın bəzi qeyri-məsul məqamlarının bu işə razı ola bilməyəcəyini andırmaq istədilər.

Biz ali baş komandan məsələsini Konstitusiya üzrə təfsir edirdik: bizcə, ali baş komandan yalnız Milli Şura Məclisinin (Parlamentin – red.) xaricilərə elan etmək istədiyi hərbi fərmanı imza edir, onun cari işlərə qarışması qeyri məsul olduğuna görə azadlıq və Məşrutə qanununa (Konstitusiaya – red.) ziddir.

Rza xan həmin baş komandanlıq səlahiyyətindən istifadə edib İranda azadlığın kökünü kəsdi və İranı bildiyimiz fəlakətlərə sövq etdi. İndi də mütləq ali baş komandan yaratmaq İran xalqının, İran azadlığının xilafınadır. Qeyri məsul məqamlar əgər bu işdə israr edərlərsə, İranda böyük hadisələr meydana gələr və məlum deyil, bu sülh qeyri məsul məqamların nəfinə tamam ola bilə.

Zahirdə sadə görünən saziş məsələsini bu yolla sözbazlığa döndərib bizi 15 gün  Tehranda gözlətdikdən sonra nəticəsiz Azərbaycana qayıtmağa məcbur etdilər.

Sözün qısası budur ki, Tehran hakim heyəti bizim başladığımız böyük işləri tamamilə ortadan aparıb 5 ay bundan əvvəlki kimi şəhərlərimizi köhnə qəbristanlara, zülm və sıxıntılardan təzə xilas olmuş xalqımızı jandarmaların, oğru, quldur və cani məmurların ayaqları altına salmağa çalışırlar. Sözün canı da burasındadır ki, Konstitusiya və sair qanunları da bədbəxtlikdən bu məqsəd üçün alət etməyə qərar vermişdir.

Bir də məsələ tək Azərbaycan məsələsi deyildir. Söz bütün İranda azadlıq, demokratik prinsiplərin yayılması üstündədir. Tehran hakim heyətini və Tehranın böyük feodal və yer sahiblərini qorxuya salan da burasıdır: onlar Əsas Qanun ünvanı altında bütün xalqın hüququnu məhv etməyə çalışırlar.

Biz çox sadə adamlarıq. Lakin sadəliyimiz o qədər deyildir ki, kasanın altında gizlədilən yarım kasanı görə bilməyək. Biz diplomat deyilik, lakin xoruzun quyruğunu da görməkdən çarəsiz deyilik.

Dava hamısı Molla Nəsrəddinin yorğanı, yeni kəndlinin aldığı torpaq və xalqın aldığı hakimiyyət haqqı üstündədir.

Bunu, irtica ünsürlərinin boşqablarının dibini yalayan Tehran irtica mətbuatının zora çəkməsinə baxmayaraq bütün İran xalqı düşünüb anlamışdır. Söz Azərbaycanın İrandan ayrılması üstündə deyildir. Bunu iddia edən də yoxdur. Biz heç vaxt bu iddianı irəli sürməmişik. Söz Məşrutənin (Konstitusiyanın – red.) demokratik prinsipinin İranda icra edilməsi və bizim başladığımız böyük islahat proqramının bütün ölkə hüdudunda həyata keçirilməsi üstündədir.

Biz cənab Qəvamüssəltənənin yaxşı niyyətinə və vətənpərvərliyinə inanmaya bilmirik, lakin işin gedişi bəlkə də onun özünün meyli olmadan belə göstərir. Bizim artıq ayrı yolumuz yoxdur. Başladığımız islahatı poza bilmərik. Tehran isə bütün İran xalqının hakimiyyət haqqını təsdiq edib ölkəni fəlakət və hərc-mərcdən nicat vermək yolunda ciddi qədəmlər götürməlidir.

Cənab Qəvamüssəltənə gərək bilsin ki, dünya dəyişib, hətta İranda da yeni bir nəsil əmələ gəlmişdir.

Bu nəsli yarım əsr bundan irəlidəki təfəkkür tərzi və prinsiplərlə idarə etmək olmaz. Bir də hiss olunurdu ki, nazirlər heyəti arasında fikir birliyi yoxdur. Əslində nazirlərin əksəriyyəti təsadüfi adamlardır ki, şəxsən cənab Qəvamüssəltənə xüsusi və dostluq münasibətləri əsasında onları nazirlər kabinetinə dəvət etmişdir.

Bunların da hər birinin başı bir yerə bağlıdır, hətta şayələr vardı ki, bəzi təzə ərsəyə gəlmiş “qoca” dərbar (saray – red.) xanımlarının da dövlət üzvlərinə təsirləri vardır.

Tehran həqiqətən qorxulu, həqiqətən təhlükəli, həqiqətən İranı fəlakətə və İran xalqını aclığa, çarəsizliyə, dilənçiliyə sövq edən bir fəsad (korrupsiya – red.) mərkəzidir.

Biz ciddi surətdə sülh və sazişə və İranın ərazi bütövlüyünə talib və tərəfdar olduğumuz halda, Tehrandan bir nicat gözləyə bilmirik. Cənab Qəvamüssəltənənin kabineti davamlı bir kabinet o vaxt ola bilərdi ki, Azərbaycan xalqı ilə kənara gələydi. Təəssüflər olsun ki, bu günə qədər bu müəssisə ciddi bir qədəm götürməyə müvəffəq ola bilməmişdir.

Bizim təmiz düşüncəmiz və fədakarlığımız kabinet üçün böyük bir şans idi. Təəssüf ki, cənab Qəvamüsəltənə hələlik ondan istifadə edə bilmir.

İstəyirəm, sizi inandıram ki, kabinet üzvlərindən bəzisinin xüsusi və şəxsi baxışları cənab Qəvamüssəltənənin rəftarında belə dərin təsir bağışlamışdır. Məsələn, ola bilsin ki, bizdə tiryək qanununun icrası səbəbilə azərbaycanlılara qanlı və qəddar düşmən kəsilmiş nazirlərdən bəzilərinin baxışları cənab Qəvamüssəltənənin rəftarında əks olmuşdur.

Təəssüflər olsun ki, cənab Qəvamüssəltənənin Azərbaycan məsələsi haqqında  verdiyi bildirişi təhlil etməyə fürsət yoxdur. Bu rəsmi sənəddə bizi heyrətə salan neft və seçkilər mövzusunun ortalığa çəkilməsi və həqiqətdə onların girov saxlanılmasıdır.

Əvvəla, neft msələsi sadəcə iqtisadi və xarici siyasətə aid bir məsələdir. Bunu Azərbaycan məsələsinə qarışdırmaq heç bir məntiq ilə düz gəlmir.

Nəhayət, Azərbaycan məsələsinin daxili bir məsələ olduğunu hətta cənab Qəvamüssəltənə özü də təsdiq və elan etmişdir.

Əgər dövlət keçmiş səhnələri təkrar etmək istəmirsə, seçkilərin elanı və onun bütün İranda azad bir surətdə əmələ gəlməsinə kimsə mane deyildir.

Məsələn, istəyir ki, Azərbaycanda hər yerdə olduğu kimi pul, güc, təhdid və əyri yollarla bir qrup oğru, xain, mürtəce  millət nümayəndəsi adı ilə Məclis kürsülərini tutsunlar.

Əgər məqsəd bu isə, azərbaycanlı belə bir Məclisə nifrətlə baxar və cənab Qəvamın Sovet Respublikaları İttifaqı (SSRİ – red.) qarşısında etdiyi öhdəliyə həmin bu Məclisin böyük əngəl ola bilməsini, hətta, onun özü də inkar edə bilməz. Bunların hamısını nəzərə alaraq biz dövlətə məslhət görürük ki, Azərbaycan xalqı ilə sadə və səmimi surətdə  danışığa başlayıb onlardan o güzəştləri tələb etməsin. Belə ki, onun qəbulu bu xalq üçün ölüm-dirim məsələsidir. Buna azərbaycanlı heç bir vəchlə hazır ola bilməz və olmayacaqdır.

Bunların hamısı ilə, işin sülh yolu ilə həll edilməsindən hələ məyus deyilik və bizim tərəfimizdən indiki sakitliyi pozmaq üçün addım atılmayacaqdır. Hətta, sərhədlərimizə göndərilən əsgər, jandarma dəstələri də bizi təhrik edə bilməz. Qorxmaq məsələsinə gəldikdə güman edirəm, bütün Tehran mürtəceləri, Kor Mircavad, Əmir Nüsrət və sair fərari xalq düşmənləri Zülfiqari ilə bərabər bu işi təcrübədən keçirmişlər. Biz Həkimi və Sədr kabinetləri zamanı dediyimiz sözü yenə də təkrar edirik:

Azərbaycana silah ilə gəlmək od ilə oynamaq deməkdir. Biz cənab Qəvamı onda ağıllı bilərik ki,  öz əlilə bu atəşi məşəl etməyə başlamasın. Əgər bu iş qabağa gələrsə, xalqımız, elimiz və camaatımız arvadlı, kişili vahid bir bədən kimi ayağa qalxacaq və torpağımıza uzanan xain və murdar əlləri həmişəlik kəsəcəkdir.

Yaşasın Azərbaycan xalqının milli birliyi!

Yaşasın bu birliyi vücuda gətirən firqəmiz!

Yaşasın İran xalqlarının üzünə azadlıq qapısı açan qəhrəman fədai və rəşid qoşunlarımız!

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 199, 15 may 1946-cı il

 

Şərhlər bağlıdır.