21 Azər hərəkatından doğulanlar – Şəhid mayor Məmmədəli Ramitin

Azərbaycan Milli Hökumətin şəhid fədaisi Məmmədəli Ramitin xalqımızın görkəmli oğlu Məmmədəli Ramitin 1908-ci ildə (h.ş.1286) Sərabda kəndli ailəsində anadan olmuşdur.Təhsil illərində ərbabların kəndlilərə zülm etdiyini gördükdən sonra gənc ikən məmurlara qarşı çıxmış və azadlıq hərəkatına qoşulmuşdur. 1941-ci ildə (1320) xanlara, jandarmlara qarşı Sərab mahalında geniş kəndli hərəkatında fəal surətdə iştirak edib. Kəndlilər içərisində təbliğat işi aparmaq, onlara öz hüquqlarını izah etmək, maliklərə və jandarmlara qarşı mübarizəyə çağırmaq üstündə dəfələrlə polis və jandarm idarələrinə çağrılıb, hədə – qorxudan sonra iltizam alınaraq buraxılıb.

Nəhayət, M.Ramitin dəmiryol idarəsində mexanik vəzifəsində işə qəbul olunur. 1941-ci ildən İran Xalq Partiyasının üzvlüyünə qəbul edilir.

Məmmədəli Ramitin 1943-cü ildə Miyana dəmiryolu idarəsinə göndərilir və burada partiya işlərindən əlavə Azərbaycan fəhlələr ittifaqının yerli təşkilatının yaranmasında fəallıq göstərir.

1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olur, firqənin bəyaniyyə və məramnaməsinin geniş zəhmətkeş kütlələrə çatdırılmasında fəallıq göstərir. Təbrizdə təşkil olunmuş Milli Konqresin iştirakçısı olan M.Ramitin onun şüarlarının yayılmasına var qüvvəsi ilə çalışır.

21 Azər hərəkatı ərəfəsində Azərbaycan kəndlilərinin mürtəce malik və onları himayə edən jandarmlara qarşı mübarizəsi xüsusi bir şiddət kəsb edir. Məmmədəli istər hərəkatın hazırlıq işlərində, silahlı fədai dəstələrinin təşkilində, istərsə də hərəkatın gedişində var qüvvə ilə çalışır, Miyana jandarm postlarının alınmasında əlində silah öz fədai dəstəsi ilə birlikdə vuruşur.

Onun xalq hərəkatında fəal iştirakı, xalq işinə sədaqəti Azərbaycan Milli Məclisi tərəfindən nəzərə alınır, “21 Azər” medalı ilə təltif edilir, xalq silahlı qüvvələrinin mayoru rütbəsinə layiq görülür. Zülfüqari və başqa mürtəce qüvvələrin xalq hərəkatına qarşı silahlı əksinqilabi qüvvələri ilə vuruşur. Fəallığı nəzərə alınaraq Zərrinabad və Əfşar fədailərinin fərmandehliyi ona tapşırılır. Ramitin öz fədai yoldaşlarının hərbi təlimatına, inqilabi intizamına, ruh yüksəkliyinə xüsusi diqqət yetirir və beləliklə də onların döyüş bacarığının möhkəmliyinə çalışırdı.

İgid insan son zamanlar Miyandoab və Saqqız ətrafında İran ordusu ilə döyüşə hazırlaşan fədai dəstələrindən birinə başçılıq edirdi. Düşmən qüvvələri həmin cəbhədə külli miqdarda ağır silah və kəmiyyət üstünlüyündən istifadə edərək fədai qüvvələrini geri oturmağa nail olur. 1946-cı ildə öz fədailəri ilə geri çəkilərək Xocəmir kəndində düşmənlə qəhrəmancasına vuruşur, tutularaq edam edilir.

Məmmədəli Ramitin möhkəm iradəli, imanlı firqəçi, istedadlı mübariz və cəsarətli fədai başçısı idi. Onun diqqətəlayiq təşkilati fəaliyyəti, eləcə də azadlıq işinə sədaqəti, parlaq xatirəsilə birlikdə həmişə hörmət və izzətlə yad ediləcəkdir.

G.İsmayılov

Şərhlər bağlıdır.