TƏBRİZ RADİOSUNDA FELYETON

ƏLİOĞLU (FƏTHİ XOŞGİNABİ): ANAMIN DEDİKLƏRİ

Azerbaycan-ruznamesi.org bundan əvvəl Təbriz radiosunun yaranması, açılışı ilə əlaqədar keçirilmiş mərasim, həmçinin fəaliyyət istiqamətləri barədə yazıları yayımlamışdı. Klassik jurnalistikamızın ənənələrinə sadiq qalan bu qurumda bütün janrlara aid dinlənilməyə layiq verilişlər səslənib. Həmin janrlardan biri də felyeton idi. Əlioğlu ləqəbi ilə yazan Həmzə Fəthi Xoşginabinin qələmindən çıxan nümunələr lakonikliyinə görə “Azərbaycan” qəzetində də təkrarən oxucuların mühakiməsinə verilirdi. Şərqşünas alimimiz, dosent Səməd Bayramzadə bu felyetonlardan birini redaksiyamıza təqdim edib. Həmin nümunə ilə tanışlığınız faydalı olardı.

Allah mənimlə anamın divanının haqqını eləsin. Beləcə bu arvad məni lap əsir edib və gecə-gündüz baş-beynimi aparır. Təzəlikdə kənddən buraya gəlib. Day nə başuvuzu ağrıdım, lap ucun alıb ucuzluğa gedir.

Qadam o kül ağluvuza. Musurman şəhərində də iradyo olar? İndiyə kimi iradyo eşidirdim? Mən də deyirdim, bəs nə mənədir.

İndi görürəm day küçələrə də çıxmaq olmur. Hər yerdən səs gəlir.

Necə xalxı günaha batırırlar? Day heç dözmək olmur. Siz istəyirsiz ki, hamıya sözlərizi düşündürəsiz. Bu mənə, bizə başdan dibə zərərdir. Axxx, sizün dilivüz ağzıvuzda yansın. Öləndə görüm dilivüz “kəlmeyi-şəhadət” gətirməsin. Bu adamnan nə istəyirsiz? Sizə də dinmədikcə lap özünüzü itirirsiz, haa. Götür bir kağız yaz ki, mənə Fələstindən əlli xarvar pambıq göndərsinlər. Qulaqlarımı tutacağam ki, iradyonun səsini eşitmiyəm.

Sənə indiyə kimi deyirdim, Boskuyanı (Moskvanı) vurmuşlar. Yalandan deyirlər ki, bizim qoşunumuz var? Lap elə bil ki, Cinni Cəfər qoşunudular. Xiyabanda axşama kimi oxuyub elə o yana cumullar, bu yana cumurllar. Mənimki ona qalıbdı ki, özümü boğam öldürəm. Necə oda-alova qaldım. Dünənləri dedilər ki, Tehran iradyosu danışır, dedim, cəhənnəmə, qoy qulaq asım görüm, bu başına döndüyüm Tehran axı bu işlərə nə deyir. Beləcə bacım farsı danışırdı. Nə danışırdı heç zad qanmadım. Bir kəlmə də başa düşə bilmədim.

Ha qulaqlarımı qıcıtdım görüm Tehran iradyosu nəmənə buyurur? Gördüm ki, mənim heç binə babam da onları eşitməyibdir. Bircə axır dedi ki, “inca Tehran əst” (bura Tehrandır – S.B.).

Mən indiyə kimi bax iradyonu yaxından görməmişdim. İradyo deyincə, buxarı kimi bir şeydir. Uzaqdan durdum gördüm ki, bir zadın səsi gəlir. Dedim, bəs mən gələndən taza gəldiyimə görə bir adam mənə “xoş gəldin” deyir. Ha baxdım, heç kəsi görmədim. Sonra gördüm lap elə mənim öz dilimcə danışır.

“Hörmətli eşidənlər, Təbriz danışır”.

Lap qupquru quruyub suva döndüm, səcdəyə getdim. Dedim, ya İlahi, bu səslər haradan gəlir, qeybdən gəlir, ya nədir?

Sonra gördüm ki, buxarıya oxşayan sandığın içinə adam girib. O yana baxdım, bu yana baxdım, heç zad görmədim. Dedim, ola ki, bizimkilərdən biridi, məni qorxutmaq istəyillər. Başladım duva oxumağa. Axırda gəldilər, dedilər ki, bu iradyodu, bu nə bilim, hər yerdən söz alar. Mən ha baxdım ki, onun dili olsun, dili yoxdu. Qulağı da yox idi. İçinə də adam girə bilməzdi. Birdən səsini kəsdi. Onda gördüm ki, zurna-balabanı tutdurdular. İki əlimi qulağıma qoyub qışqırdım, bağla! Ya Allah, özün fəryadıma yetiş. Məni günaha batırdılar. Yaxşıdır ki, Allahümmə, səsin kəsdilər. Allaha şükür eləyirdim ki, əlimi-zadı ona vurmadım, yoxsa qiyamətə kimi pak olmayacaqdım. Bununla Tehran əməlli-başlı bir dil ilə danışsaydı, mən ona qulaq asardım. Görərdim ki, ağalar Tehrandakı azadxahlar ilə nə cür çalırlar, nə var, nə yox? İndicə farsca danışır. Dilin anlamaq olmur. Təbriz büsbütün dəyişilibdi. Haraya gedirsən, görürüsən bir tüfəngli durub. Allah göstərməsin, onlar heç zaddan qorxmurlar ha. Ay qara yer altında qalmışlar! O tüfəngləri atın getsin. Allah, bircə bilsəydim ki, bu iradyo haradan danışır, onun dilin çıxardardım. Bilmirəm, bu, görməmiş-bilməmiş necə dil ağıza salmır axı. Görüm, bu iradyoların dilinə qara çıxsın, ağzı sancıya gəlsin, İnşallah.

Hələ Təbrizə təzə gəlmişəm, qorxuram, bu demokratlar xiyabanları asfalt da eləsinlər, day mən bir yerə gedə bilməyim.

Elə olsa, lap mənimki mənə dəyər. Allah, sən özün mürtəceləri yerlərində oturt!

“Azərbaycan” qəzeti, say 195, 20 ordibeheşt 1325 / 10 may 1946-cı il

Şərhlər bağlıdır.