İranda 13-cü prezident seçkilərinin keçirilməsinə barmaqla sayılacaq qədər gün qalır. Seçicilərin təxminən yarıdan çoxu azərbaycanlıdır. Buna görə də 7 namizədin hər biri bəlağətli nitqlər, şirnikləndirici vədlərlə bu auditoriyanın səslərini oğurlamağa çalışır. Ona görə oğurluq ifadəsini işlədirik ki, əvvəlki 12 seçkidə qət olunmuş yolun kiçik dəyişikliklərlə təkrarıdır.
Maraqlıdır ki, milli təəssübkeşlikdən uzaq azərbaycanlılar hətta hansı millətə mənsub olduqlarını dillərinə düzgün gətirə bilmirlər. Hərçənd Milli Bankın keçmiş sədri Əbdün Nasir Himməti qol-qabırğasını sındıra-sındıra danışdığı dildə özünün türk olduğunu deyir və dil tökür ki, ona səs versinlər.
Prezidentliyə əsas namizəd sayılan İ.Rəisi deyir: “Ölkənin bütün türk əyalətlərindən olan əziz azərilər mənə çox məhəbbət və lütf göstərdilər, onlara təşəkkür edirəm”. Ona beş barmağı kimi məlumdur ki, azəri adında türk xalqı yoxdur. Amma şakərindən əl çəkə bilmir. İranda kimi dindirirsən özünü türk, azərbaycanlı, yaxud Azərbaycan türkü adlandırır.
İran prezidentliyinə namizəd Mohsen Rezai “Yaşasın Azərbaycan” ifadəsi ilə Cənubi Azərbaycan türklərinin səsini qazanmaq niyyətindədir.
Ümumiyyətlə, İran prezidentliyinə namizədlər arasında “dəbdə olan” bir tendensiya var-səs almaq, azərbaycanlıların ictimai rəyini manipulyasiya etmək üçün “Yaşasın Azərbaycan” şüarından istifadə etmək.
Digər 4 namizəddən ona görə danışmırıq ki, təkrar fikirlərlə oxucuları yora bilərik.
Mübariz
Şərhlər bağlıdır.