İYULUN 3-DƏ HƏSƏN BƏY DƏMİRÇİ ANILACAQ

Xalqımızın sevimli sənatkarı və söz ustadlarından olan Həsən bəy Dəmirçi 3 ildir ki, dünyasını dəyişib. İranda Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış H.Dəmiçi (Həsən Azərbaycan) yaşasaydı bu il 80 yaşı tamam olacaqdı. O, haqq dünyasına qovuşsa da sənəti və şəxsiyyəti ilə könüllərdə əbədi izi qalıb.

Tanınmış türkoloq alim Əli Şamilovun onun barəsində yazısını oxuculara təqdim edirik.

Bu təqdimat ondan irəli gəlir ki,  iyulun 3-də Həsənsevərlər onlayn formatda onu bir daha anacaqlar. Material isə bir növ ictimai tanışlığa istiqamətlənib.

Azerbaycan-ruznamesi.org

ZÜLMƏTİ BEZDİRƏN ADAM – HƏSƏN AZƏRBAYCAN

Sərhədlər açılandan sonra İran İslam Respublikasına ilk gedənlərdən biri də mən olmuşam. Səfərimiz uğurlu olmasa da, ildə bir, iki ildə bir, bəzən də ildə iki-üç dəfə ölkənin müxtəlif şəhər və kəndlərində onlarla insanla görüşmüş, söhbətləşmişəm. Onların bəziləri ilə ailəvi gediş-gəlişimizuzun illərdən bəri davam edib.

Necə deyərlər, bir birimizin sevincinə də, kədərinə də şərik olmuşuq. Həmişə qayğımıza qalıblar. Ziyalılarla görüşə, tarixi abidələrə,  maraqlı təbiət mənzərələrinə baxmağa aparıblar. Ona görə də məzuniyyətimizi İran İslam Respublikasında keçirməyə üstünlük vermişik.

Dəfələrlə toylarında, ad günlərində, nişanlarında, yaslarında olmuşuq. Getdiyimiz  yaslardan ikisi ictimai əhəmiyyət daşıyıb. Onlardan biri vəkil və folklorşünas Əli Kamalinin yası olub. Yasına gedən nümayəndə heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını qurumun sədr müavini Kazım Teymurlu, Azərbaycan Yazıçılar Birliyini Hamlet Qoca, Qarabağ Qaçqınlarına Yardım Komitəsini komitənin sədri Dilsuz Musayev, Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi Metodik Mərkəzini və Azərbaycan Ensiklopediyasını mən təmsil etmişəm. Onda elə düşünürdüm ki, bundan sonra aydınlarımızın yubiley tədbirlərinə, yaslarına gedən heyətlər daha çox və daha nüfuzlu adamlar olacaq. Heyif ki, düşündüyüm kimi olmadı. Necə deyərlər: “Sən saydığını say, gör fələk nə sayır”.

Əli Kamalinin ölümünün yeddinci günü Tehranda qeyd ediləndə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda da qeyd edilmişdi. Biz Tehranda olanda, yəni 12 sentyabrda Əli Kamalinin qırxı qeyd edilən gün Bakının küçələrinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu, Qarabağa Xalq Yardımı Komitəsi (Tehrana yasda iştirak etməyə getmiş nümayəndə heyəti də adları çəkilən təşkilatları təmsil edirdi) adından vurulmuş bildiriş insanları Əli Kamaliyə həsr olunmuş Xatirə toplantısına dəvət edirdi. Toplantı 1996-cı il sentyabrın 12-də saat 15.00-da Yazıçılar Birliyinin Natəvan adına klubunda keçirilirdi.
Biz Tehranda və sentyabrın 13-də Qərağan bəxşinin (rayonunun – Ə.Ş.) Bəndəmir kəndində – Ə.Kamalinin doğulduğu kənddə yasda iştirak edəndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını, konfederasiyanın sədr müavini Kazım Teymurluya da çıxış üçün söz verilmişdi. İnsanlar mənəvi borcla-rını vermək üçün ətraf kənd və şəhərlərdən də gəldiklərindən məscidin həyəti də adamla dolu idi.

Məsciddə yas mərasimi başa çatandan sonra kənd qəbiristanlığına da getdik. Qəbiristanda baş daşları üzərindəki yazılar fars dilindəydi. Yeganə qəbir daşı Əli Kamalinin anasının baş daşıydı ki,  üzərində yazılmışdı:

Dərd içində bir dürdana yatıbdır.
Mövc içində bir xoş sona yatıbdır.
Sözün düzü,  mələk  insan cildində.
Burda bir mehriban ana yatıbdı.

Əli Kamali anasına Tehranda təşkil etdiyi yas mərasimində də toplaşanlara deyib: “Xahiş edirəm, bu məclisdə anamın mənə öyrətdiyi dildə danışasınız”.

Həmin vaxtdan keçən müddətdə Azərbaycandan İran İslam Respublikasına şair və yazıçılarımızın, alimlərimizin, aydınlarımızın, ictimai-siyasi xadimlərimizin yasına nümayəndə heyəti getdiyini nə eşitdim, nə də oxudum.

Azərbaycanda qəzet və jurnalların sayı çox olsa da, Həsən Hərgölü Azərbaycan (Dəmirçi) dünyasını dəyişəndə haqqında az yazıldı. İki-üç təşkilat onun haqqa qovuşması münasibətilə toplantı keçirdi. Onun qırxına da nümayəndə heyəti şəklində getmək mümkün olmadı. Mən AMEA Folklor İnstitutunda, xanımım Azərbaycan Həmkarlar İttifaqları Şurasında işləsə də, biz  Təbrizə, Həsən Hərgölü Azərbaycanın (Dəmirçi)  qırxına həmin təşkilatların adından deyil, bir dost kimi getdik.

Yas mərasimi avqustun 1-də Təbrizdəki İmam Cavad məscidində keçirilirdi. Binanın ətrafında rəsmi geyimli, yüngül silahlı adamlar üçbir-beşbir durub söhbət etsələr də, gəlib-gedənləri sorğu-suala tutmur, onlara mane olmağa çalışmırdılar. Bizimlə yanaşı addımlayan gənclərdən biri işarə ilə məscidə lap yaxın yerdə duran rəsmi geyimlilərdən birini göstərərək: “Qaradağda zəlzələ olanda oraya yardım aparmışdıq. Həsən Azərbaycan səyyar çörək sexləri düzəltdirmişdi. Zəlzələ bölgəsindəki kəndlərdə çörək bişirtdirib isti-isti payladırdı. Uşaqları başına yığıb onlarla söhbət edir, folklor nümunələri əzbərlədir, uşaq oyunları öyrədirdi.

İstəyirdi uşaqlar da, böyüklər də zəlzələnin stressindən çıxsınlar, qorxunu atsınlar.

Onda həmin adam gəlib Həsən Azərbaycanı istintaqa başladı. Bizə mane olmağa çalışırdı. Deyirdi ki, siz kimsiniz, gəlib burda yardım paylayırsınız. Topladıqlarınızı verin İmdadi Xomeyni təşkilatına və ya hökumətə yaxın olan təşkilatlara, qoy onlar paylasınlar. Həsən Azərbaycan da deyirdi ki, xalq mənə inanıb, yardımı mənə verib. Mən də aparıb paylamalıyam. Qoy “İmdadi Xomeyini” də gedib yardım toplayıb gətirib paylasın, mən onların əlini tutmuram ki?!

Çox mübahisə etsələr də, Həsən Azərbaycan geri çəkilmədi. Onlar Həsən Azərbaycanın qətiyyətini görüb bizi hədələməyə başladılar. İstəyirdilər, biz gedək, Həsən Azərbaycan ortada tək qalsın. Cavanların bir neçəsi getsə də, əksəriyyətimiz Həsən Azərbaycandan ayrılmadıq”.

Gənclər bir də onu dedilər ki, qırx mərasimi üçün şəhərin mərkəzində, daha böyük bir məscid seçiblərmiş. Məscid rəhbərliyi də razılaşıb müqavilə bağlayıbmış. Sonra dəbbələyiblər.

Məscidə yaxınlaşdıqca yanıma gələnlər, gülümsəyərək Həsən Azərbaycanın dünyasını dəyişən günlərdə yazdığım və “525-ci qəzet”in 19 iyul 2018-ci il sayında çap olunmuş “Vətənsevər könüllərdə yaşayan Həsən Azərbaycan” məqaləmi oxuduqlarını, eləcə də  Qulu Məhərrəmli ilə “Günaz” televiziyasında 31 iyulda göstərilən verilişə baxdıqlarını deyərək razı qaldıqlarını bildirirdilər. Məqaləm çap olunanda Bakıda, veriliş gedəndə Təbrizdə idim. Açığını deyim, Bakıda çap olunan qəzetin və televiziya verilişinin Təbrizdə belə qarşılanacağını heç gözləmirdim.

Psixoloji gərginliyə baxmayaraq, qırx mərasimi sakit başladı. Məclisi novhəxan Rəsul aparırdı. Lakin qırx mərasimi bizim gördüyümüz və adət etdiyimiz şəkildə getmirdi. Əslində bu qırx mərasimindən çox Həsən Azərbaycana həsr olunmuş bir ədəbi-bədii toplantını xatırladırdı. Mərasimi idarə edən hər dəfə “bir salavat çevirin” dedikdə məsciddəkilərin hamısı alqışlayırdı. İlk baxışda adama elə gələ bilər ki, onlar salavat sözü ilə alqış sözünü qarışıq salırlar. Sonrakı söhbətlər, məclisin gedişi onu göstərirdi ki, bu etirazın bir formasıdır.

Şairlərdən Məhəmməd Nəcəfi, Qəhrəman Xətibi, Davud İntisar, Səttar Mahmudoğlu Həsən Azərbaycana və vətənə həsr olunmuş şeirlərini oxuduqca məscidi alqış sədaları bürüyürdü. Musiqiçilərdən Məsud Əmirsepehr, Nasir Ətapur, Qasım Vətənoğlu, qocaman ustad, Əjdər İbrahimzadə musiqi ilə sənət dostlarını yad etdilər.

Həsən Azərbaycanın itkisindən doğan kədərini misralara və müsiqiyə çevirənlər çox idi. Onlardan birisi də Azəryar Danışvərdi. O, sənətkarın 20 dəfədən çox istintaqa cəlb olunmasını, iki həftə həbs edilməsinə nəzərdə tutaraq yazdığı “Həsən ağa” şeirində deyir:

Şüştərin, Çargahın döngələrində,
Vətən havasını əsdirən adam!
Təbrizin qaranlıq geçələrində,
Zülməti əlindən bezdirən adam!
Düşdüyü yerindən dostu qaldıran,
Yardıma bir anda “Həyy” olan Xızır.
Toylarda “Azadlıq marşı” çaldıran,
Bir millət könlündə adını yazır.
Nə yordu istintaq, nə yasaq səni!
Kişinin sözü də, üzü də birdir,
Vətən səni sevdi, sən də vətəni!
“Azadlıq olmayan vətən” qəbirdir.
Ardından heç kimsə öldü deyəməz!
O gedən cisminin yorğunluğudur,
Dəmirçi yolundan döndü deyəməz,
“Azərbaycan yolu”, “Vətən yoludur”.
Milyona bölünüb ürəklərdə sən,
Vətənin “Mücərrəd” qalası oldun,
Hər dildə Həsəndir, hər yerdə Həsən,
Bu yurdun tək Həsən ağası oldun!

Qapı ağzında stolda oturmuş ağ əmmaməli bir mollaya da söz verilər. Sonradan bildim ki, adı və soyadı Qədim Əzimidir. Təbrizdə də bizdə olduğu kimi, hər məscidin öz mollası var. Başqa mollanın gəlib orada çıxış etməsinə imkan verilmir. Həsən Azərbaycanı sevən, ona sayqı və hörmət göstərən mollalar da bu qaydaya əməl edərək məscidə gəlməmişdilər. Molla Qədim Əzimidir ağır-ağır minbərə yaxınlaşıb, mikrofonu əlinə alanda gördüm ki, məscid boşaldı. Yeni gələn beş-altı nəfər qaldı. Molla dedi ki, bura məsciddi, yasa gələnlər salavat çevirməlidilər, alqışlamamalıdılar. Onda gördüm ki, yeni gələnlər də Qədim Əziminin sözünü axıradək dinləmədən, fatihə oxumasını gözləmədən çölə çıxdılar.

Onda Allaha şükür etdim ki, nə yaxşı, mənə söz vermədilər. Versəydilər mən də təxminən belə deyəcəkdim ki, bu gün Həsən Azərbaycana adətimiz üzrə yas saxlayaq, fatihə verək, başqa gün ona xatirə məclisi təşkil edək. Mən belə bir çıxış etsəydim, məscid yenə boşalacaqdı.

Ömrünü vətəninə, millətinə xidmətlə başa vuran, “Azərbaycan, başın sağ olsun! Böyük ustad, sənin üzün ağ olsun!”  şuarları və Azərbaycan mahnısı ilə məzara qoyulan şair, bəstəkar, musiqiçi, ən əsası da böyük hərflərlə yazılmalı olan Həsən Azərbaycanın qırx mərasimi beləcə başa çatdı. Məscid ətrafındakı hərbi və polis geyimində olanlar da dərindən nəfəs alaraq sakitcə evlərinə dağıldılar.

Əli Şamilov

Şərhlər bağlıdır.