TARİXİN HƏQİQƏTLƏRƏ İŞIQ SAÇAN SƏHİFƏLƏRİ

ERMƏNİSTANIN QARABAĞ TƏLƏBİNƏ MİR CƏFƏR BAĞIROVUN CAVABI

Yalnız Şuşanın, külli-Qarabağın deyil, bütövlükdə  Azərbaycan Muğamının xanı Xan Şuşinski təsadüfi deməyib: “Şuşanın dağları başı dumanlı.”  Əsrlərdən bəri Qarabağın başından duman əskik olmur… Ədəbiyyatda “Duman” təbiət mənzərəsindən daha çox bir xalqın tale hadisəsi, bəxt nişanəsi kimi rəmzləndirilib. Sovet dönəmində Qarabağın qeylü-qalı bir az da artıb, intensivləşib. Qırmızı imperiya 1945-ci ildə  faşizm ilə müharibəni başa vuran kimi yerli erməni faşistləri baş qaldırıb, Ümumittifaq rəhbərliyindən “Qarabağı bizə verin” – deyə tələblər irəli sürüblər. Bu barədə Ermənistan K(b)P MK katibi Q.A.Arutinovun İ.V.Stalinə ünvanladığı məktub icra üçün MK katibi Georgi Malenkova göndərilir. Malenkov da Arutinovun məktubunu məxfi dövlət teleqramı ilə Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırova ünvanlayaraq bildirir ki, Arutinov yoldaş Dağlıq Qaradağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında məsələ qaldırır, təklif barədə fikrinizi bildirmək məqsədəuyğun olardı. Mir Cəfər Bağırov da  DQMV-nin tarixinə ekskursiya etdikdən sonra, Şuşa rayonu istisna olunmaqla Dağlıq Qaradağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmədiyini bildirir – Bir şərtlə!  O hansı şərtdir ki, Ermənistan rəhbərliyi də, SSRİ rəhbərliyi də Mir Cəfər Bağırovun cavab məktubu ilə ilə tanış olduqdan sonra geri çəkilmək məcburiyyətində qalırlar?!

Aşağıdakı “Tam məxfi” məktubda Qarabağ uğrunda ən yüksək səviyyədə gedən gizli mübarizənin bir fraqmenti öz əksini tapmışdır:

“Tam məxfidir. Malenkov yoldaşa

Ermənistan K(b)P MK katibi Arutinov yoldaşın Dağlıq Qaradağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:

Dağlıq Qaradağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan mərkəzi 1747-ci ildən qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.

1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilmişdir. İndiki Dağlıq Qaradağ Muxtar Vilayətinin ərazisi əvvəllər Yelizavetpol Quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə … mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir…

1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissənin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazilərin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan MİK-in 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indiki Stepanakert  adlanan Dağlıq Qaradağ Muxtar Vilayəti yaradıldı.

Beləliklə, Dağlıq Qaradağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.

Azərbaycanda Sovet hakimiyyəti illərində … DQMV-nin hazırkı mərkəzi Stepanakert şəhəri başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilmişdir…

Bununla belə, biz Dağlıq Qaradağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qaradağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda  İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır…

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır…

ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan Respublikasının  Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qaldırırlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79000 nəfər olduğu halda, cəmi 9000 gürcü-inqloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik. Lakin bu məsələ ilə eyni vaxtda, Gürcüstan SSR-in, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət  biz Dağıstan SSR-in keçmişdə  Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.

Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil etməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.

Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırov

Bakı şəhəri, 10 dekabr 1945-ci il”

ASİF RÜSTƏMLİ,

filologiya  elmləri doktoru

Bakı, 18.05.2021

Şərhlər bağlıdır.