ƏRDƏBİL BƏNDLƏRİNDƏ SU EHTİYATI KƏSKİN AZALIB

Ərdəbil bəndlərində su ehtiyatı kəskin azalıb. Bu barədə Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani məlumat verib.

Əlirza Nemət Sultani mətbuata verdiyi açıqlamada bildirib ki, Yamçı səddi su hövzəsində yağıntı və axıntıların azalması nəticəsində Yamçı su bəndində su ehtiyatı 45% azalıb.

O, əyalətdə hökm sürən quraqlıq və su qıtlığı ilə bağlı mətbuat nümayəndələrinə verdiyi açıqlamada bildirib ki, yağıntıların azalması yeraltı su ehtiyatlarının və su bəndlərinin suyunun kəskin azalmasına səbəb olub.

“Cari ilin yaz və yay aylarında şəhər və kəndlərin su təminatında ciddi problemlər yaranıb və bu artıq böhran səviyyəsinə çatıb”-deyə, Nemət Sultani bildirib.

Su və Kanalizasiya Şirkətinin başçısı cari ildə kənd təsərrüfatı sahəsinə ən az su payı ayırmaq məcburiyyətində qaldıqlarını deyib.

Əlavə edib ki, hal-hazırda əsas məqsədləri Ərdəbil və Sərein şəhərlərinin suyunun təminatıdır.

Bundan öncə Əlirza Nemət Sultani başçılıq etdiyi şirkətin 30 şəhər və 991 kənddə bu sahəyə nəzarət etdiyini, onlardan 400 kəndin içməli su problemi ilə üz-üzə qaldıqlarını demişdi.

Bununla yanaşı avqustun ortalarında Ərdəbil valisinin Abadlıq və Koordinasiyasiya işləri üzrə müavini Fərzad Qələndəri Ərdəbildə quraqlıq və elektrik kəsintilərinin ciddi böhrana səbəb olduğu barədə xəbərdarlıq etmişdi.

“Son iki həftədə əyalətin şimalında 20 milyon kubmetr su çatışmazlığı barədə məlumat verilib, Xudafərin və Araz bəndlərində isə ötən ilin oxşar dövrü ilə müqayisədə 70 milyon kubmetr su çatışmazlığı qeydə alınıb”-deyə, Fərzad Qələndəri bildirib.

O, Regional Su Şirkətinin Parsabad, Biləsuvar və Aslanduz fərmandarlarının iştirakı ilə içməli su və kənd təsərrufatını suvarmaq üçün lazım olan suyun təmini ilə bağlı böhranı idarəetmə yollarını araşdırıb və mütəxəssislərin təkliflərindən istifadə etmələrini təklif edib.

Xəbərçi

Şərhlər bağlıdır.