Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Əməkdar artisti Yaqub Zurufçu dünyasını dəyişib. O, bütöv Azərbaycanın sevimli və yüksək sənətkarlığa malik məlahətli səs sahibi idi. Yalnız “Ayrılıq” mahnısı ilə yaddaşlarda qala bilərdi. Təəssüf ki, koronavirus xəstəliyi onun da həyatını 65 yaşında yarımçıq qoydu. Bu itki bizim üçün ona görə ağrılı-acılı idi ki, söhbətimizdə daha çox vətən həsrətimizdən danışardıq. Ruhu şad olsun!
Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
Yaqub Zurufçu daha aramızda yoxdur. Onun sənəti, ecazkar səsi daim qəlblərdə yaşayacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Azərbaycan Demokrat Firqəsi
Şərhlər bağlıdır.