Əziz oxucular, Əli Məlikini də itirdik. O, 1938-ci ildə Təbrizdə doğulmuşdur. Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatının üzvü olmuşdur. Təbrizdə böyüyüb başa çatıb təhsil almış Əli müəllim Məliki Azərbaycan Milli Hökumətinin süqutundan sonra da mübariz gənclərdən ayrılmadı. Fərdi xüsusiyyətlərinə görə ətrafındakıların etimadını qazanaraq, az yaşlarında bir etibarlı gənc təkin yar – yoldaşlarının sevimlisinə çevrildi.
Əli müəllim başqa qeyrətli Azərbaycan gəncləri kimi Pəhləvi rejiminə qarşı mübarizəni davam etdirir. Bir neçə dəfə polislə əlbəyaxa olandan sonra nəhayət rejimin çəngindən özünü qurtarıb mühacirət həyatını yaşamağa məcbur olur. Mühacirətdə Ukraynada ali təhsilini sona çatdırır. Bir neçə elmi dərəcəyə nail olur.
Lakin mühacirət həyatının bir sıra eybəcərliyinə boyun əymədiyi üçün Sibirə sürgün edilir. Əzablı – əziyyətli sürgün həyatı bitəndən sonra nəhayət Qərbi Almaniyada, Berlin şəhərində ikinci mühacirət həyatını davam etdirir.
1979-cu ildə inqilabdan sonra qohum-əqrəbalarının həsrətində olan Əli müəllim çox həvəslə ora qayıdır. Lakin qohumları ilə görüşüb, danışıb, İran İslam Respublikasının şəriət qanunlarının dar düşüncəli hərəkətlərini gördükdə öz elmi başıxışı və dərin zəkası onu belə qənaətə gətirir ki, tezliklə inqilabın fatihəsi oxunacaq, əldə edilmiş demokratiya də dəfn olacaq.
Əli müəllim naçar olaraq göz yaşları ilə Təbrizi tərk edir, Berlinə qayıdır. Qalan ömürünü öz elmi – tədqiqat işərini dərinləşdirməyə, Azərbaycan həqiqətlərini lazımi yerlərə çatdırmağa sərf edir. Əli müəllim Məliki Dünya Azərbaycanlar Konqresinin sıralarında fəaliyyət göstərir. Pratiya yoldaşı və həyat sirdaşı olan rəhmətlik, professor Minayi ilə bərabər yığıncaqlarda, qurultaylarda, seminarlarda fəal iştirak edir. Mənalı çıxışları ilə Azərbaycan Demokrat Firqəsinin mübarizə yolunu, Milli Hökumətin haqlı olduğunu dünyaya çatdırmaqda əlindən gələni əsirgəmir.
Əli müəllim ömrünün sonunadək Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Demokrat Firqəsinin ideyalarını yaşadan, görkəmli alim, qayğıkeş insan, mübariz bir demokrat təkin yaşamışdır.
Ruhu şad. Xatirəsi əziz. Hörmətli ailəsinin və dostlarının başı sağ olsun!
Abdulla Əmir Haşimi Cavanşir
30 şəhrivər 1400-cü il (18 sentyabr 2021-ci il)
Şərhlər bağlıdır.