İRANLI NAZİR TƏHDİD EDİR

ƏRDƏBİL İRAN İSLAM MƏDƏNİYYƏTİNİN İXRAC QAPİSİDİR

Azerbaycan-ruznamesi.org İranın İSNA Agentliyinə istinadən bildirir ki, bunu İranın Daxili İşlər naziri Əhməd Vahidi dünən Ərdəbilin yeni valisini təqdimetmə mərasimində deyib: “Bu bölgə Böyük İran mədəniyyəti hövzəsinin qapısında yerləşir, qonşu ölkələr bizim nümunəmizi və Ərdəbil əyalətini təqib etməlidir”.

Nazir Ərdəbili İran İslam sivilizasiyasının ixracına açılan qapı adlandırıb.

Ərdəbilin Əhli-Beyt (ə) məktəbinə xidmətdəki rolunu yüksək qiymətləndirən Əhməd Vahidinin fikrincə, sözügedən əyalət “bu aydın yolun başlanğıcı və davamçısıdır”.

Azərbaycan xalqı ilə İranın qardaş, müttəfiq, dindaş olduğunu vurğulayan nazir əmindir ki, ölkəmizin insanlarının qəlbi hər zaman Əhli-Beyt (ə) sevgisilə döyünüb və bundan sonra da döyünəcək. “Azərbaycan İslam İranı sivilizasiyasına daxildir və bizdən nümunə götürə bilər”, – deyən Əhməd Vahidi ölkəmizin dini duyğularını və xüsusilə də Əhli-Beyt sevgisini istismar etdiklərini gizlətməyə belə lüzum görməyib.

İranı “qonşu ölkələrin dostu” adlandıran nazir əlavə edib ki, sərhədlərimiz dostluğumuzun birləşmə xəttidir və bundan gözəl münasibətlər üçün yararlanmalıyıq: “İqtisadi mübadilə və bir – birimizlə səyahət etməliyik. Fikir ayrılığına düşmək üçün heç bir səbəb yoxdur”.

Daxili işlər naziri həmçinin deyib: “İran mədəniyyətinin qonşularımızda dərin izləri var, biz və Azərbaycan xalqı ayrı deyilik və birlikdə olmalıyıq. Azərbaycan xalqına zərər dəyərsə, biz üzülərik və İran xalqının ayağına tikan batarsa, Azərbaycan xalqı üzülər”.

Qeyd edək ki, Ərdəbilin yeni valisi Seyid Hamed Amili son 20 ildə Azərbaycan barəsində hədyan fikirləri ilə ün qazanmış ayətullah Seyid Həsən Amilinin qardaşı oğludur. Bala Amilinin ulduzunun parlamasında əmisinin Azərbaycan barəsində səsləndirdiyi hədyan fikirlərin mühüm rol oynadığı bildirilir. Bu təyinat xəbəri yeni çıxanda Ərdəbildən bir şəhər sakini redaksiyamıza göndərdiyi məktubda yazmışdı:

İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və eləcə də eyniadlı şəhərin imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin sifarişli anti-Azərbaycan çıxışlarından və SEPAH-ın Araz kənarında uğursuz hərbi-təlim şousundan bir neçə gün sonra Seyid Hamed Amili Ərdəbil vilayətinin başçısı təyin edilib. Bu adam Həsən Amilinin qardaşı oğludur. Bundan sonra ərdəbillilərin xütbəsini əmi Amili, fərmanını isə qardaş oğlu Amili oxuyacaq”.

İran qanunvericiliyinə əsasən, valilər Daxili İşlər naziri tərəfindən təyin olunur. Sözün həqiqi mənasında dostluq münasibətlərimizi genişləndirməyə hər zamankından daha çox ehtiyac duyulan bir zamanda  (xüsusilə də İran üçün) Azərbaycanı “şir quyruğu” ilə təhdid edən ayətullah Amilini cəzalandırmaq yerinə, onun qardaşı oğlunun eyni əyalətə vali təyin olunması bizə qarşı ikiqat həqarət demək idi. Sözügedən təyinata imza atan Daxili İşlər naziri bununla kifayətlənməyib, bizi İran mədəniyyətinin bir parçası kimi göstərir və Ərdəbili İran İslam mədəniyyətinin, dolayısıyla inqilab nəzəriyyəsinin idxal qapısı adlandırır. Bununla da açıq şəkildə Azərbaycana yalnız şiə cameəsini nəzərə alan inqilab ixrac edəcəklərini bildirir. Bu isə bəzəkli cümlələr arasında gizlədilən məzhəb müharibələri təhdidi deməkdir.

İran Daxili İşlər nazirinin bu sözlərini əsas götürən Azərbaycan qonşu ölkə ilə diplomatik, mədəni, iqtisadi və siyasi əlaqələrini yenidən gözdən keçirməlidir.

Nazim

Şərhlər bağlıdır.