“TEHRANIN AZƏRBAYCANA QARŞI BÖYÜK SƏHVİ…” – İRANLI EKSPERTDƏN ŞOK İDDİA

“İranın ərəb qonşuları ilə münasibətlərində problemləri var, İraq və Suriyadakı mövqeləri günbəgün zəifləyir, üstəgəl, Gürcüstan da bizə məhdudiyyətlər tətbiq etməyə başlayıb”.

Azerbaycan-ruznamesi.org teleqraf.com-a istinadənxəbər verir ki, bunu iranlı siyasi ekspert Navid Cəmşidi Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında deyib.

Ekspert İran hakimiyyətinin Türkiyə ilə münasibətlərini də normal məcrada saxlaya bilmədiyini bildirib:

“İranda Türkiyənin əleyhinə yüksələn səslər xalqa aid deyil, bu, hakimiyyətin səsidir və bunun fərqli səbəbləri var. Bunun səbəblərindən biri də Türkiyəni Azərbaycanın strateji və hərbi tərəfdaş olaraq görmələridir”.

İranın Azərbaycana qarşı ittihamları ilə bağlı Cəmşidinin fikirləri belə olub:

“Müstəqil ölkə olaraq Azərbaycan hər bir dövlətlə əlaqələr qura bilər, İsrail ilə də əməkdaşlıq edə, silah ala və neft sata bilər. Buna görə də, İran da daxil olmaqla heç bir ölkə bundan narahat olmamalıdır. İran sadəcə şüarlar səsləndirir və bunların heç biri beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək hallar deyil. İran xalqının Türkiyə xalqı və hakimiyyəti ilə də heç bir problemi yoxdur. İranlıların çoxu Türkiyəni, ora getməyi və orada alış-veriş etməyi sevir”.

Ekspert İran hakimiyyətinin xarici siyasətini tənqid edib: “İran rəhbərliyi Qərb və ABŞ-a qarşı yürütdüyü yanlış xarici siyasəti səbəbindən ölkəni bugünkü vəziyyətə salıb. İndi də İsrail və Türkiyənin Azərbaycanla müttəfiqlik etməsindən narahatlığını dilə gətirir. İran bu səbəbdən hər kəsə qarşı qəzəblidir və bu, böyük səhvdir”.

 Mənsur Rəğbətoğlu

Şərhlər bağlıdır.