XOMEYNİNİ GÖRÜNDÜYÜ KİMİ TANIMIRLAR

DOST KƏLMƏSİ ONA YAD İDİ

1979-cu il fevralın 1-i Ayətullah Xomeyni 15 illik mühacirətdən sonra İrana qayıdır. Yanında oturan “oğlum” dediyi sadiq tərəfdarı, adı da Sadeq olan Qotbzadədir. BBC müxbiri Con Simpson ilə Xomeyni arasında elə təyyarədə baş verən qısa, amma məşhur dialoq zamanı tərcüməçi də Sadeq Qotbzadə idi:

– Ayətullah, lütfən, bizə deyərsinizmi, İrana qayıtmağa görə hansı hisslər keçirirsiniz?

– Hiçi (heç nə).

1936-cı il doğumlu Qotbzadə gənc yaşlarından Müsəddiq tərəfdarı idi. 1950-ci illərdə şah əleyhinə hərəkatda iştirak etdiyinə görə bir neçə dəfə həbs olundu. 1959-cu ildə ali təhsil almaq üçün ABŞ-a getdi.

Xomeyni 1964-cü ildə İrandan sürgün edildi və bir neçə ay Bursada yaşayandan sonra İraqın Nəcəf şəhərində məskunlaşdı. Qotbzadə o vaxtdan Xomeyni ilə əlaqə saxlayır, tez-tez ziyarət edir və yaxın adamına çevrilir.

Deyilənlərə görə, bir dəfə onunla Xomeyninin böyük oğlu Mustafa arasında mübahisə yaranır. Bu zaman ayətullah Sadeqin tərəfini tutur və “o, səndən daha artıq mənim oğlumdur” deyərək oğluna acıqlanır.

Ayətullah şah hökumətinin təzyiqi ilə 1978-ci ilin oktyabrında İraqdan da qovulduqda məhz Qotbzadə onun üçün Fransada ev tapır və yaşayışını təmin edir.

İslam inqilabının qələbəsindən sonra Qotbzadə İran televiziya və radiosunun rəhbəri təyin olunur və yeni rejimin təbliğatını aparır. Onun vaxtında İranda televiziyaya “mollaviziya” deyilir.

Buna baxmayaraq, Sadeq Qotbzadə ali rəhbərin ətrafındakı daha mütərəqqi düşərgənin nümayəndəsi sayılırdı. O, qərblə, xüsusən də ABŞ-la yaxşı münasibətlərin tərəfdarı idi.

1979-cu il noyabrın 29-dan səkkiz ay xarici işlər naziri işləyən Sadeq Qotbzadə ABŞ-la girov böhranını tezliklə həll etməyə çalışırdı. O, hesab edirdi ki, ABŞ-dakı prezident seçkilərində Reyqandansa Karterin qalib gəlməsi İran üçün daha yaxşıdır və buna görə girov məsələsini həll etmək lazımdır.

Məhz girov məsələsinə fərqli baxışlar Qotbzadənin Xomeyni ilə münasibətlərini korladı. Xarici işlər naziri vəzifəsini itirdikdən sonra onun nüfuzu və təsiri sürətlə azaldı. O, bizneslə məşğul oldu.

1982-ci ilin aprelində Sadeq Qotbzadə islam respublikasına qəsd və Xomeynini öldürməyi planlaşdırmaq ittihamı ilə həbs edildi. Bir müddət sonra o, vaxtilə rəhbəri olduğu televiziya ekranında görünərək etiraf ifadələri səsləndirdi və ayətullah Məhəmməd Kazım Şəriətmədarinin də adını çəkdi.

Bəziləri hesab edirlər ki, qəsd həqiqətən də mövcud idi. Amma daha çox yayılan ehtimala görə, heç bir qəsd yox idi, bütün həbslər məhz Şəriətmədarini, İranda çox böyük nüfuzu olan və Xomeyniyə müxalif mövqe tutan üləmanı gözdən salmaq üçün idi. Qotbzadə də etiraf ifadələrini işgəncələrdən sonra verməyə razı olmuşdu.

Sadeq Qotbzadə edam cəzasına məhkum edildi və 1982-ci il sentyabrın 16-da Tehranın Evin həbsxanasında güllələndi.

 Yadigar Sadıqlı

Şərhlər bağlıdır.