Faiq Ələkbərli: “Bütün bunlar Rusiyanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərən amillərdir”.
“TASS”-ın yaydığı məlumata görə, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavriil Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.
Bildirilir ki, xiyabanın açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı, general-leytenant Gennadi Anaşkin də iştirak edib.
Layihənin müəllifi isə heykəltəraş Mixail Serdyukovdur. Həmçinin, layihədə silsilə xiyabanlar salınması da nəzərdə tutulur.
Rusiya sülhməramlılarının əsl niyyətlərinin tam çılpaqlığı ilə ortaya çıxdığını deyən ekspertlərə görə, bu, Rusiya sülhməramlılarının Xocalıda, Qarabağda özbaşnalığı kimi qiymətləndirilməlidir.
Qarabağda Azərbaycanın icazəsi olmadan “Rusiya Şöhrət Xiyabanı”nın açılması və 10 rus klassikinə abidə qoyulması hansı anlam daşıyır?
“Çar Rusiyası hərbçilərinə büstlərin qoyulması hansı anlam daşıyır, bu da ayrıca izah olunmalıdır”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün bunlar Rusiyanın əsl mahiyyətini, imperialist siyasətini ortaya qoyur. O qeyd etdi ki, Rusiya bir il əvvəl Qarabağa sülhməramlı kimi gəldiyini bəyan etsə də, amma bu bir il ərzində bunun əksinin şahidi olduq. “Ancaq bu bir il ərzində Rusiya Federasiyasının və Azərbaycan ərazisindəki rus sülhməramlıların bir çox hərəkətləri birmənalı qarşılanmayıb.
Sülhməramlıların sabiq rəhbəri Rüstəm Muradovun da, indiki rəhbərliyin dövründə də Rusiya sülhməramlılarının Qarabağdakı separatçı tör-töküntülərinə və Ermənistana hansı münasibət bəslədiyinin dəfələrlə şahidi olduq. Bildiyim qədər, rəsmi Bakı tərəfindən Azərbaycan və Türkiyənin rus sülhməramlılarının fəaliyyəti ilə bağlı narazılıqlarını Azərbaycan, hətta Türkiyə də bu və digər anlamda dolayısı yolla da olsa Rusiya Federasiyasına çatdırıb. Rusiya sülhməramlılarının Xocalıda atdığı son addımlar, Azərbaycan ərazisində “Rusiya Şöhrət Xiyabanı”nı açması, burada Azərbaycandan icazəsiz rus tarixi şəxsiyyətlərinə büstlərin qoyulması açıq-aşkar Rusiya Federasiyasının işğalçılıq, imperialist siyasətini ortaya qoyur. Bu, sanki Rusiyanın bu ərazini zəbt etməsi kimi anlaşıla bilər. Bütün hallarda, Azərbaycan torpaqlarında Rusiya tarixinin və mədəniyyətinin 10 görkəmli xadiminə icazəsiz abidə qoyulması heç cür normal qarşılana bilməz. Qarabağda qanunsuz olaraq abidələri qoyulanlar təkcə ədəbiyyat və mədəniyyət xadimləri deyil, onlar arasında siyasətçilər, hərbçilər, dövlət xadimləri də var. Çar Rusiyası hərbçilərinə də büstlərin qoyulması hansı anlam daşıyır, bu da ayrıca izah olunmalıdır. Bütün bunlar Rusiyanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərən amillərdəndir. Bizim torpaqda rəsmi Bakının icazəsi, razılığı olmadan bu abidələrin açılması yolverilməzdir. Üstəlik, burada kilsə də açılıb. Bu bir milli məsələdən də kənara çıxıb, həm də müəyyən anlamda kilsənin açılması bir az da müsəlman dünyasına qarşı yönəlmiş addım kimi dəyərləndirilə bilər. Bu necə olur? Hansı haqla Rusiya Federasiyası bu cür addımlar atır? Mənə elə gəlir ki, Azərbaycan rəhbəriyinin, rəsmi Bakının icazəsi olmadan atılan bu addım Rusiyanın təxribatdan bir qədər irəli gedərək “torpaqlarımızı işğal etməsi” təəssüratı yaradır. Bir il əvvəl xalq arasında belə suallar var idi ki, Rusiya sülhməramlıları burada sülhməramlı missiyasını yerinə yetirir, yoxsa işğal üçün bölgəyə gəlib. Son addımlar bu məsələni bir az da irəli aparır və burada rusiya hərbiçiləri sülhməramlı kimi yox, işğalçı kimi özünü təqdim edir”.
F.Ələkbərli hesab edir ki, Qarabağda, Xocalıda bu abidələrin açılması bizi ciddi narahat etdiyi üçün rəsmi Bakı bununla bağlı rəsmi Moskvaya müraciət etməli, Rusiyaya nota verməlidir: “Rəsmi Bakı rəsmi Moskvaya nota verməlidir. Məsələnin bu şəkil alması Azərbaycanın ərazi bütövlüyü üçün də çox ciddi təhlükədir. Mənə elə gəlir, bu anlamda hökmən bu məsələ aydınlaşmalıdır ki, rus hərbçiləri burada sülhməramlıdır, yoxsa işğalçıdır? Amma müşahidələr göstərir ki, onlar burada özlərini sülhməramlıdan çox işğalçı kimi aparırlar. Bu, həmçinin, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişə də tamamilə ziddir…”
F.Ələkbərli hesab edir ki, rəsmi Moskva bütün bunlara görə rəsmi Bakıya izah verməlidir.
İradə SARIYEVA
Şərhlər bağlıdır.