İRANIN QISQANCLIĞI – ERMƏNİLƏRƏ SÖZ DEMİR

Noyabrın 4-də Azərbaycan Mərkəzi Bankı 500 manatlıq yeni əskinasın dövriyyəyə buraxıb. Bu pul ən böyük dəyəri olan əskinasdır. Üzərində 2020-ci ilin 44 günlük Qarabağ savaşının sonları zərb olunub. Bu pul nişanı o böyük Zəfərə həsr edilib.

Bu işğalçı Ermənistanı və dünya ermənilərini özündən çıxarmalıydı və çıxardı da. Onlar döyüşdə uduzublar. biabırçı məğlubiyyəti həzm edə bilmirlər.

Çox təəssüf ki, bizim “müsəlman qardaşlar”ımız da darıxanlar sırasındadır. Niyə İranda da Azərbaycanın yeni pul nişanını topa tuturlar? Niyə iddia edirlər ki, Azərbaycan bu əskinasın üzərində tarixin bütün dövrlərində özünə aid olan, Bütöv Azərbaycanın bir parçası – tarixi mirası sayılan Xudafərin körpülərindən birini əks etdirməməlidir? Axı bütün dünya bilir və qəbul edir ki, o körpülərin hamısı tarixən Azərbaycanın olub. Azərbaycanın böyük bir hissəsi – Araz çayından Güneydəki kəsimi İranın işğalı altındadır? Əgər bu gün Azərbaycanın bir kəsimi başqa bir ölkənin işğalı altındadırsa biz öz tarixi mirasımızdan imtina etməliyik?

İranın başında duran “müsəlman qardaş”larımız ermənilər rəsmən işğal altında tutduqları dönəmdə Xudafərin körpüsünü öz “pul nişanlarına” həkk etdirəndə səslərini çıxarmır, amma Azərbaycan öz tarixi mirasına belə yanaşanda vay-şivən salır?

Düzdür, indi çıxıb deyəcəklər ki, o “pul nişanı” heç kimin tanımadığı – qəbul etmədiyi və Ermənistanın işğalı altında olan Qarabağa aid idi. Olsun. Amma ən azından o iddiaya görə bizdən Güneydəki “müsəlman qardaş”larımız – İran səsini qaldırmalı idi. Qaldırmayıb heç vaxt!

Bu isə o deməkdir ki, İran yenə də ermənilərlə cici-bacı olduğunu göstərmək üçün Azərbaycanın 500 manatlıq əskinasına sataşır. Amma səhv edir. Çünki gec-tez o əskinasın üzərindəki körpü Bütöv Azərbaycanın birləşmə rəmzi kimi rəsmiləşəcək…

P.S. 1-ci şəkil: Zəfər Gününə həsr edilmiş 500 manatlıq əskinas.
2-ci şəkil: Qarabağ bölücülərinin 10 dramlıq “pul nişanı”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.