NƏCİBƏ XANIMIN ANIM GÜNÜ QEYD OLUNDU

Azərbaycan Demokrat Firqəsinin sıralarında çalışan xanım əfəndilərimiz az olmamışdır. Onlardan biri də Nəcibə xanım Qulipur idi. 28 noyabr 2021-ci ildə (azər 1400-cü il) onun anım mərasimi keçrlmişdir.

Nəcibə xanım 1308-ci (1929-cu il) ildə Təbrizin ətrafında Çaroymaq mahalında xırda malik ailəsində dünyaya göz açmışdır. Ailədə yeddi qardaş, iki bacı idilər. Qardaşları fələyin gərdişindən, dünya nemətlərindən layiqincə pay aparmamış dünyadan köçmüşlər. Elə bu səbəbdən Nəcibə xanım təlatümlü qürbət həyatını çox ağrı-acılı  başa vurmuşdur. Nəhayət bir ömür həyat və onun gözəl ideyaları uğrunda mübarizə aparan digər firqəçilərimiz kimi haqlarına çatmadan 2011-cı ilin noyabrın 28-də dünyadan köşmüşdür. Bu gün biz onun 10 illik anım mərasimini qeyd edirik.

Dostları, yoldaşları, tanışları, hər birisi haqqında bir xatirə söyləyib, dilə gətiriblər. Dostlardan biri onun Ənuşirəvan İbrahimi ilə telefon söhbətindən xatirəsini danışdı. Məsələ belə idi. Azər ayı 1358-ci il (1979-cu il dekabr) Azərbaycan Demokrat Firqəsi Güney Azərbaycan şəhərlərində firqənin şəhidlərinin anım mərasimini keçirirdi. Nəcibə xanımın oğlu isə Ərdəbil və Astarada firqə tərəfindən həmin mərasimlərinin təşkilatçısı və qurucusu idi. Oğlu bu tədbirlərdən sonra Təbrizə qayıdanda firqəçilərin biri ilə şəriət hakimi Seyid Məhəmməd Hüseyn Musəvi tərəfindən həbs olundu. O vaxtkı Təbrizin şəriət hakimi olan bu şəxs  televizorda həbs olunan firqəçilərə qarşı böhtan və iftiramiz ittihamlar irəli sürdü, firqənin Azərbaycan şəhərlərini üsyana çəkməkdə suçladı. Həbs olunanların edam cəzasına məhkum edilməsini açıq-aşkar televizorda bəyan etdi.

Nəcibə xanım bu xəbəri eşitdikdə Azərbaycan Demokrat Firqəsinin sədr müavini Ənuşirəvan İbrahimiyə zəng etdi və firqəyə və onun üzvlərinə qarşı ittihamların rədd edilməsini Musəviyə çatdırmağı rica etdi. Lakin Ənuşirəvan İbrahimi dedi ki, indi gecdi, sabah bu işlə  məşğul olacaq. Nəcibə xanım bir neçə dəfə ona zəng edərək, xahişini təkrarladı. O, sübh saat 5-də son dəfə zəng vurdu.  Ənuşirəvanın  müəyyən qədər məsələyə qeyri ciddi yanaşdığını görərək dedi: “yoldaş İbrahimi söhbət mənim oğlumdan getmir. Onsuz da o öz məsləki uğrunda ölümə getməyə hazırdı. Amma onun edamının başqa tərəfi də var. Vurulan ittihamlar firqəyə və şəxsən sizə vurulan ittihamlardır. Bir az da geciksəniz, şəxsən siz özününz də Musəvinin ölüm hökmünün qurbanı olacaqsınız”.

Bu sözü eşidən İbrahimi elə bil yuxudan oyanır. Telefonu götürüb birbaşa Tehrana zəng vurur. Hadisənin nə qədər ciddi olduğunu lazımı adamlarla bölüşür. İran rejiminin firqəyə qarşı tələqurma planını onlara başa salır. Nəticədə İran İslam Respublikasının nüfuzlu şəxslərinin vasitəsilə bu qətllərin qarşısı alınır.

Şəhid Ənuşirəvan İbrahimi Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Heyətinin növbəti iclasında firqənin bu  müvəfəqiyyətini Nəcibə xanımın ayıq-sayıqlığının sayəsində olduğunu bildirir. İslasda deyir ki, mənim oğlum mühüm deyil, firqəmiz xətərdədir.

Nəcibə xanımın dediyi söz hələ də qulağımda cingildəyir.

Əziz oxucular, Bu gün həm Ənuşirəvan İbarhimi, həm də Nəcibə xanım haqqa qovuşub.  Xatirələri əziz, ruhları şad, yolları davamlı olsun.

 Xairənin müəllifi: Beyrək

Şərhlər bağlıdır.