NÜFUZLU BEYNƏLXALQ AGENTLIKDƏ IŞLƏYƏN YEGANƏ AZƏRBAYCANLI

 BƏXTIYAR SIRACOV KIMDIR?

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir. Azerbaycanruznamesi.org bu yazının ictimai marağını nəzərə alaraq oxuculara təqdim edir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. O, ziyalı ailəsində doğulub: atası Tahir Siracov Azərbaycan SSR Kommunist Partiyasının bir neçə təşkilatında işləyib, anası Mehparə xanım isə orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.

 Vyanaya çağırış

1974-cü ildə Bakıda 82 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1979-cu ildə buranı uğurla başa vurub. Həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alıb və oradan Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunub. 1980-1981-ci illərdə burada elmi tədqiqatlarla məşğul olub. Bu dövrdə təkmilləşdirmə proqramı çərçivəsində tətbiq olunan kompüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.

1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə SPEKTR adlı layihəyə cəlb olunub, bir il bu çərçivədə fəaliyyət göstərib.

1987-1988-ci illərdə Bratislavada Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda işləyib. 1988-ci ilin sentyabrında yenidən Bakıya qayıdıb və Vyanadan təklif gələnədək Kibernetika İnstitutunda işləməyə davam edib.

1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi – alimlik dərəcəsini alıb.

Bəxtiyar Siracov 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə I-NET şirkətində işləmək üçün dəvət olunub. 1995-ci ilə qədər bu şirkətdə işləyib. Həmin dövrdə Avstriyanın müxtəlif təşkilatları üçün proqram təminatlarının qurulmasında iştirak edib.

AEBA-da işə qəbul edilməsi

Bəxtiyar Siracovu Vyanaya o dönəmdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) işləyən Viktor Bryabin çağırmışdı. Avstriyanın paytaxtında üç il onun rəhbərliyi altında işləyib. Bundan sonra özünü sınamaq və AEBA-da işləmək məqsədilə bu quruma ərizə ilə müraciət edib. Beləliklə, 1995-ci ildə AEBA-da işə qəbul olunub. Bəxtiyar Siracov 1980-ci illərdə SSRİ-də fərdi kompüterlər üçün proqram texnologiyaları sahəsində ön sırada olan tədqiqatçılardan biri idi. Bu, AEBA-ya işə qəbul olunmasında mühüm rol oynamışdı. 1990-cı illərin əvvəllərində AEBA hələ də böyük kompüterlər üzərində işləyirdi və fərdi kompüterlərə yenicə keçməyə başlamışdı. Bəxtiyar Siracovun isə bu sahədə artıq böyük təcrübəsi vardı.

Bəxtiyar Siracov bu gün də burada işləyir. AEBA müfəttişləri üçün informasiya sistemlərini işləyib hazırlayan proqram təminatı mütəxəssisləri qrupuna və ya şöbəsinə rəhbərlik edir.

O, AEBA-da işləyən yeganə azərbaycanlıdır. Bəxtiyar Siracov təkcə bu qurumun əməkdaşı deyil, həm də burada – dünyanın ən nüfuzlu təşkilatlarından birində Azərbaycanı da təmsil edir. Bundan da qürur duyduğunu deyir.

“Həmişə vətənə bağlı olmuşam, bura ilə bağlarımı qoparmamışam. Həmişə azərbaycanlı kimi yaşamışam və davranmışam. Hara getsəm də, Azərbaycan ürəyimdədir. Hələ də Azərbaycan vətəndaşıyam, pasportumu saxlamışam”, – Bəxtiyar Siracov söyləyir.

Nobel alan ikinci azərbaycanlı

2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA və onun baş direktoru Məhəmməd əl-Bəradeyi Nobel Sülh mükafatına layiq görülüb. Agentliyin Nobel alan komandasının üzvlərindən biri də Bəxtiyar Siracov olub. Nobel AEBA komandasına uğurlu işlərinə və dünyada sülhün təminatına görə verilmişdi. Bu nüfuzlu mükafatı alan komandanın əsas simalarından biri də Bəxtiyar Siracov idi. O, bununla azərbaycanlı alim Lev Landaudan sonra Nobelə layiq görülən ikinci azərbaycanlı kimi tarixə düşüb.

Mədəni-ictimai fəaliyyətləri

Bəxtiyar Siracov elmi işləri ilə yanaşı, mədəni-ictimai fəaliyyətlə də məşğuldur. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür. Onun təşkilatçılığı və iştirakı ilə 2016-cı ildə Vyanada azərbaycanlı rəssamların sərgiləri keçirilib.

Boş vaxtlarında səyahət etməyi və velosiped sürməyi sevən Bəxtiyar Siracovun musiqiyə də böyük marağı var. Bu da təsadüfi deyil, çünki riyaziyyatla yanaşı, musiqi təhsili də var – Bakıda 8 saylı musiqi məktəbini bitirib. Pianoda ifa etməyi bacarır. Bundan başqa, dörd xarici dil bilir.

Bəxtiyar Siracov evlidir. Böyük oğlu Eldar Vyana Texnologiya Universitetini bitirib, burada şəxsi kompüter şirkəti var. O da atası kimi kompüter qrafikasına həvəs göstərir. Kiçik oğlu Elşən İngiltərənin Royal Holluey Universitetində təhsil alıb, bundan sonra bir il ABŞ-da ali məktəbdə oxuyub, hazırda Vyanada işləyir.

Mənsur Rəğbətoğlu

Şərhlər bağlıdır.