AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ SƏDRİNİN DÜŞÜNCƏLƏRİ…

“21 AZƏR”Ə BƏRABƏR YALNIZ “21 AZƏR”DİR

76 il əvvəlin bu günlərində Milli Hökumətin nəzarətindəki ərazilərdə, baş şəhərimiz Təbrizdə həyat öz axarı ilə davam edirdi. Təbriz radiosu Azərbaycan dilində informasiyalarını yayır, verilişlərinə başlayarkən şair Mirmehdi Etimadın, bəstəkar Cahangir Cahangirovun birgə bəstələdikləri Milli Hökumətimizin marşını səsləndirir, Milli Filarmoniyada, Milli Teatrda məşqlər gedir, yeni açılan Təbriz Dövlət Universitetində, şəhər və kənd məktəblərində, kitabxanalarda həyat öz məcrasına düşürdü. Səhiyyə şəbəkələrində insanlara pulsuz xidmət göstərilir, kəndlilər onlara məxsus torpaqlardan götürdükləri məhsullardan qış azuqəsi üçün istifadə edir, tikinti-abadlıq işləri vüsət alırdı. Fədailər və asayiş keşikçiləri cəmi 12 gündən sonra onları gözləyən fəlakətlərdən bixəbər xidməti borclarını yerinə yetirməkdə idilər. Heç kimin ağlına belə gəlmirdi ki, Amerika və İngiltərənin himayə və hərtərəfli kömək etdiyi xain pəhləvi xanədanının əlləri tezliklə minləri qanına qəltan edəcək. On minlər İranın ilan mələyən guşələrinə sürgünə göndəriləcək. Təəssüflər olsun ki, cəmi 12 gün sonra bu dəhşətlər yaşandı. 21 Azər hərəkatı bir il ömür sürdü. Yarandığı gündə dekabrın 12-də tarixin şərəfli yaddaşına qovuşdu.

Həmin gün Arazın digər tayına ailə üzvləri ilə birlikdə 3 istiqamətdə pənah gətirən minlərlə inqilab iştirakçısının da gümanına gəlməzdi ki, bu, nəsillərin mühacir taleyinin başlanğıcıdır. Çoxları Culfanı, Bulqar çayını keçərkən, Heyran dağlarını aşarkən bir ömürlük mühacirətə qovuşacaqlarını hiss edirlərmiş kimi çevrilib sonuncu dəfə doğma elləri seyr edirdilər. Bu mərd, dəyanətli insanların məqsədi heç də yeni yurdda məskunlaşmaq deyildi. Hamı tezliklə geri dönəcəyinə, bir il əvvəl başlanılan işlərin davam etdiriləcəyinə, İran daxilində muxtariyyətə malik Azərbaycanda bəşəri hüquq və azadlıqların bərpa ediləcəyinə əmin idi.

İndi o vaxtdan 76 il ötür. Tarix öz diktəsini edib. Kəskin darağını inqilab iştirakçılarının sıralarına çəkib. “21 Azər” hərəkatı iştirakçılarının sağ qalanları barmaqla sayılan qədərdir. Ağsaqqalı da var, ağbirçəyidə. Fəqət igid, dəyanətli ata-babalarımız dünyasını dəyişərkən belə gözlərində Təbriz həsrəti, dillərində “21 Azər” olub. Bu sədaqətin sirlərini elə “21 Azər”in, onun təşkilatçısı və ilhamvericisi Azərbaycan Demokrat Firqəsinin qayəsində, mahiyyətində, İran tarixinin XX əsrin əvvəllərindən indiyədək baş verən proseslərində axtarmaq gərəkdir.

Ötən əsrin İranında “ 21 Azər”ədək də xalq hərəkatları və inqilablar baş verib. Lakin o sözün əsl mənasında fundamental, bənzərsiz siyasi hadisədir. İstər Səttərxan (1905-1911-ci illərin İran inqilabı), istər Şeyx Məhəmməd Xiyabani ( 1918-1920-ci illər) hərəkatları, istərsə də “ 22 Bəhmən” inqilabı mahiyyətinə və xalqa keyfiyyətcə bəxş etdiklərinin miqyasına görə onunla müqayisəyə gəlməzdir.

İctimai qayəsinə görə bu hərəkatın miqyası daha böyükdür. Belə ki, Tənbəki üsyanından başlayaraq “ 22 Bəhmən” ə qədər baş verən inqilablar və xalq hərəkatları tamamilə siyasi xarakter daşıyıb, ancaq siyasi hakimiyyətlərin dəyişməsi ilə başa çatıb. Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi 21 Azər hərəkatı və onun yaratdığı Milli Hökumət təkcə siyasi dəyişiklikləri ilə deyil, Azərbaycanın bütün ictimai, iqtisadi və mədəni sahələrdə apardığı köklü islahatları, dəyişiklikləri ilə yadda qalıb. Cəmi 1 il hakimiyyətdə olan ADF-nin, Milli Hökumətin gördüyü işlər İran daxilində reallaşdırılan 100 ilə bərabər sayılır. Belə desək, “21 Azər”in alternativi yalnız “21 Azər” ola bilər.

Dediklərimiz 1324-cü ilin 12 Şəhrivərində (3 sentyabr 1945-ci il) ADF-nin yaradıcıları tərəfindən imzalanan Bəyannamənin dünyəviliyinə, bütün İran xalqlarının mənafeləri ilə səsləşməsinə əyani sübutdur. Bu, amerikalı hüquqşünas Uilyam Duqlasın 1950-ci ildə camaatın Milli Hökumət və onun baş naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırladıqlarını qələmə alarkən tutduğu siyahıda da təsdiqini tapıb. Ən mühüm islahatlar əsasən 3 kateqoriyaya bölünüb:

  1. Siyasi islahatlar;
  2. Mədəni islahatlar;
  3. Siyasi-iqtisadi islahatlar.

Bəli, 76 ildir ki, Bakıda, Azərbaycanın əksər şəhər və bölgələrində “21 Azər”in ildönümləri qeyd olunur. Avropa və Amerikada da məclislər təşkil edilir. “Mühacirət” ifadəsi nə qədər üzüntülü olsa da biz sözü əsl mənasında bacı və qardaşlarımızın qayğısı, doğma münasibətləri sayəsində əldə etdiklərimizi minnətdarlıqla dilə gətirməyə borcluyuq. Bu, dünyanın heç bir ölkəsinin mühacirət fonunda müqayisə edə bilməyəcəyi mütərəqqi nümunə, əyani misaldır. 76 il əvvəl yalnız silahı ilə pənah gətirənlərin sıralarında 200 nəfər elmlər namizədi və elmlər doktorunun, minlərlə tanınmış mütəxəssisin yetişməsi, 10 min nəfərə yaxın soydaşımızın orden, medal, fəxri adlarla təltif olunmaları, minlərə yeni mənzillərin verilməsi, digər bəşəri qayğılar yalnız və yalnız mahiyyətində insanpərvərlik, humanizm hökm sürən bir xalqın əhatəsində mümkün ola bilərdi. Məhz buna görə bizlər də Azərbaycan Respublikasının uğurlarını öz nəaliyyətlərimiz sayır, fəxr edir, yolunda hər cür fədakarlığa hazır olduğumuzu əməli nümunələrimizlə sübuta yetiririk. Yüzlərimizin döyüş meydanındakı şücaətlərinə görə layiq görüldükləri dövlət təltifləri də bundan xəbər verir.

Nəsillər dəyişsə də yolumuz, amalımız dəyişməz qalır. Bu üç bənddə ifadəsini tapdığı kimi:

 On illərdir yol gəlirəm,

Atam Azər, özüm Azər.

Mən əbədi bir məşələm,

Təşnəm Günəşə bərabər.

               ⃰⃰⃰  ⃰  ⃰

Yora bilməz yollar məni,

Qəlbim tükənməz atəşli.

Xalqım daim qeyd edəcək,

Müqəddəs “21 Azər”i

                 ⃰⃰⃰  ⃰  ⃰

Qoy kimsə də düşünməsin,

Yaşayırıq bir şam ömrü.

Zirvələrin bəzəyidir,

Bayrağı “21 Azər”in.

 

Rəhim Hüseynzadə,

Azərbaycan Demokrat Firqəsinin sədri,

Azərbaycanın əməkdar jurnalisti

 

Şərhlər bağlıdır.