MƏXFİ SƏNƏD HAKİMİYYƏTDAXİLİ MÜBARİZƏDƏN DANIŞIR

Azerbaycan-ruznamesi.org-un əldə etdiyi məlumata görə, İranda son prezident seçkilərindən altı ay keçməsinə baxmayaraq, onun ətrafında söz-söhbətlər səngimək bilmir. İslam Respublikası tarixində ən aşağı seçici fəallığı və ən çox etibarsız səslərlə yadda qalan, İbrahim Rəisinin prezident kürsüsünə yiyələnməsi ilə nəticələnən 18 iyun seçkiləri ilə bağlı müəmmalı məsələlər və suallar çoxdur.

Suallardan birinə aydınlıq gətirən hadisə baş verib: İran siyasətinin ağırçəkili fiqurlarından biri, parlamentin keçmiş sədri Əli Laricaninin seçkilərə buraxılmamasının səbəbləri ilə bağlı məxfi sənəd nəşr olunub.

Cari ilin iyul ayının 28-də seçkilər zamanı namizədlərin səlahiyyətini araşdıran və onların seçkiyə buraxılıb-buraxılmaması məsələsini həll edən Nəzarət Şurasının, yəni Şoura-ye Negəhbanın sədri Əhməd Cənnətinin imzası və məxfi qrifi ilə Laricaniyə göndərilmiş məktubun üzə çıxması siyasi dairələrdə və bütövlükdə İran cəmiyyətində böyük rezonans doğurdu. Ardınca bu il oktyabr ayının 19-da Laricaninin Nəzarət Şurasına göndərdiyi 21 səhifəlik cavab məktubunun mətni də yayıldı və ehtiraslar daha da qızışdı. Həmin məktubdan aydın olur ki, Laricani təqribən iki ay ərzində Nəzarət Şurasından ona məxsus sənədin üzərindən məxfilik qrifini götürməyi tələb edib və məsələnin açıq ictimai müzakirəsinə cəhd göstərib. Lakin buna nail olmadıqda, sözügedən geniş məktubu yazaraq Nəzarət Şurası ilə bərabər, bəzi digər səlahiyyətli orqanlara da göndərib.

Düşündürücü məsələlərdən biri də budur ki, Nəzarət Şurasının Laricaniyə göndərdiyi məxfi məktub bu ilin aprel ayında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin üç saatlıq qapalı müsahibəsinin səs yazısını yaymış şəxs tərəfindən nəşr olunub. Onun Finlandiyada yaşadığı bildirilir. Məsələ ilə bağlı İran Məhkəmə hakimiyyətinin sözçüsü bildirib ki, məxfi məktubun şəxsən Laricani tərəfindən ötürüldüyü müəyyənləşərsə, bu, onun barəsində hüquqi addımların atılmasına səbəb ola bilər. İstənilən halda, bu yazışma İranda hakimiyyətdaxili mübarizənin bəzi önəmli məqamlarını və cəhətlərini üzə çıxarmaqla bərabər, ölkənin hazırkı durumu və siyasi gələcəyi barədə geniş müzakirələrə yol açıb.

Xatırladaq ki, son prezident seçkilərində Əli Laricani əsas namizədlərdən biri və İbrahim Rəisinin başlıca rəqibi kimi dəyərləndirilirdi. İranın ən nüfuzlu təhlilçiləri müxtəlif siyasi qüvvələrin bu iki namizəd ətrafında birləşəcəyini və əsas mübarizənin onlar arasında gedəcəyini proqnozlaşdırırdı. Lakin bütün proqnozlara və ehtimallara rəğmən, Nəzarət Şurası keçmiş məclis sədrinin səlahiyyətini təsdiq etmədi. Həmin dövrdə Əli Laricani Nəzarət Şurasına yazdığı məktublarda namizədliyinin təsdiq olunmamasının səbəblərini açıqlamağı israrla tələb etdi, lakin Nəzarət Şurası bu məlumatın məxfi olduğunu əsas gətirərək, onun tələbini yerinə yetirmədi. Əli Laricaninin Nəzarət Şurasının üzvü olan qardaşı Ayətullah Sadiq Laricani də bu qərara kəskin etiraz edərək, təhlükəsizlik orqanlarının Nəzarət Şurasının işinə hədsiz müdaxilə etdiyini, həqiqətə uyğun olmayan məlumatlarla onun qərarlarına təsir göstərdiyini bəyan etdi. Son nəticədə isə o, Nəzarət Şurasının üzvlüyündən istefa verdi.

Maraqlıdır ki, seçki gününə təqribən iki həftə qalmış İranın ali rəhbəri Ayətullah Əli Xameneyi də çıxışında bəzi namizədlərin həqiqətə uyğun olmayan məlumatlar əsasında seçkilərə buraxılmadığını, onlara zülm və cəfa olunduğunu bildirmiş, bu vəziyyətin islah olunmasına çağırmışdı. Lakin bu çağırış da Nəzarət Şurasının qərarına təsir etmədi. İndi üzə çıxan məxfi məktubda Nəzarət Şurası həmin qərarını, yəni Əli Laricaninin prezident seçkilərinə buraxılmamasını yeddi səbəblə əlaqələndirib.

Daha ətraflı sujetdə:

Şərhlər bağlıdır.