ƏN KİÇİK İNSAN TAMAHI ƏN BÖYÜK DÖVLƏTİ NECƏ DAĞIDA BİLƏR

Qazaxıstanda baş verənlər korrupsiyalı ölkələrə, Ermənistanda baş verənlər isə klanlı ölkələrə dərs olmalıdır

Putinqarışıq, özünü ən nəhəng strateq hesab edənlərin də Ermənistanın müharibədə məğlubiyyətindən sonra Nikol Paşinyanın seçki qələbəsi qazanması heç ağıllarına da gəlməzdi. Halbuki bunu bilmək üçün Ermənistanın jurnalist dairələrində artıq onilliklərdir dolaşan söhbətləri bilmək kifayət idi. Az-çox vicdanlı ermənilərin Qarabağ ermənilərindən zəndeyi-zəhləsinin getdiyi açıq görünürdü.

Ermənilər adətən öz qüsurlarını başqa millətin yanında təhlil etməyi xoşlamırlar. Məsələn, Ermənistanda çıxan qəzetlərdən heç biri – müharibə dövründə və ondan sonra da, hətta Qarabağ ermənilərinnin əlindən zəncir çeynəyəndə də bircə dəfə də olsun “şurtvats” sözünü işlətmədi. Onlar “şurtvats” deyəndə “əldəqayırma erməniləri”, daha dəqiq desək, Qarabağ ermənilərini, lap dəqiq desək, “azərbaycanlılardan dönmələri” nəzərdə tuturlar.

BBC müxbiri kimi 1990-cı illərin ikinci, 2000-ci illərin birinci yarısında Ermənistana ezamiyyətlərim olmuşdu. İlk dəfə orda Yerevan ermənilərinin söhbətlərində Qarabağ erməniləri haqqında başqa təhqiramiz ifadələrin də olduğunu başa düşdüm.

Ayaqüstü “siqaret” söhbəti

Bu söhbətlərdən birində Koçaryanın rəsmi nümayəndələrindən biri də vardı. Hiss olunurdu ki, ondan çəkinirlər. Bu adam mənə “müzəffər Ermənistan ordusundan”, Qarabağ müharibəsində ermənilərin “şanlı qələbəsindən” ağızdolu danışır, lovğalıq edirdi.

O, bu söhbətləri o qədər kobud, o qədər yaxbala şəkildə edirdi ki, Yerevan ermənisi olan bəzi jurnalistlərin belə, pərtliyini sezməmək mümkün deyildi. Arada həmin bu separatçı “rəsmi” 5-10 dəqiqəlik harasa çıxmalı oldu.

O vaxt Ermənistandakı çoxsaylı xəbər agentliklərindən birinin müdiri mənə “çıxaq, siqaret çəkək” dedi. Balkona çıxdıq. Siqaret bəhanə idi. Məlum oldu ki, heç siqaret çəkən də deyil. Onda mənə çox tələm-tələs bir neçə cümlə dedi: “Pərt olmayın. Bunlar belədirlər, nə mədəniyyətləri, nə də nəzakətləri var. Nə də qonağa hörmətləri… Düşmənin qonağı da qonaqdır axı…”.

Bu müqəddimədən sonra konkret olaraq dedi: “Ermənistan Qarabağı heç vaxt həzm edə bilməyəcək. Biz indi bunların (Qarabağ ermənilərinin) zibilinə düşüb, girovuna çevrilmişik. Öz günahımızdır. Bu müharibə bizə lazım deyildi, heç o torpaqlar da bizə lazım deyildi… Amma bunları yazmayın, xahiş edirəm, ailəm, uşaqlarım var”.

Təbii ki, o vaxt bunları yazmadım. Onun adını heç indi də yazmıram. Hərçənd həmin jurnalist sonralar xaricə mühacirət edib oralarda infraktdan öldü.

Belə narazılıqları orda olanda ara-sıra eşidirdim. Amma mənim azərbaycanlı olduğumu bilmələri onları “tormozlayırdı”. Gileylənirdilər ki, Yerevanda bütün əhəmiyyətli postları “bunlar” tutublar, hansı önəmli idarəyə, hansı gəlirli obyektə getsən, Qarabağ ləhcəsi eşidirsən.

Bax, qeyri-Qarabağ ermənilərində onlara, onların klanına belə ikrah hissi, belə nifrət hissi var idi. Sonralar müharibə ərəfəsində Paşinyanın hökuməti korrupsiyaçılarla mübarizəyə başlayanda məlum oldu ki, bunlar, hətta əsgər paylarına, ət konservlərinə, corablara da tamah salıblar.

Bella Koçaryanla qəhvə süfrəsi

Bu mənada Nikol Paşinyanın küçədən hakimiyyətə gəlməsi Putin üçün şok olmuşdu. 2019-cu ildə yayılmış kiçicik və ilk baxışdan əhəmiyyətsiz xəbərə də bir çoxları fikir verməyiblər.

Həmin il oktyabrın 1-də Avrasiya Ali İqtisadi Şurasının Yerevanda keçirilən iclasına Putin də gəlmişdi. O, həmin iclasda ilk dəfə olaraq Paşinyanı hətta tərifləmişdi də. Amma ən maraqlısı bu tədbirdən sonra Rusiyanın Yerevandakı səfirliyində baş vermişdi. Putin burada həmin vaxt həbsxanada olan Robert Koçaryanın arvadı ilə görüşüb qəhvə içmişdi.

Əslində Nikol Paşinyanın dalağı onda sancmalı idi. Təsəvvür edirsinizmi, Paşinyan Moskvaya gedib Putinlə görüşür, ordan isə çıxıb Aleksey Navalnının xanımı ilə görüş keçirir. Belə bir hal, Putin üçün necə böyük təhqir və saymazlıq olardı. Amma Putin belə bir saymazlığı etmişdi. Çünki ümidini hələ Qarabağ klanından üzməmişdi. Bella Koçaryanla görüşməklə də Paşinyana – onu yox, klanı dəstəklədiyini göstərmişdi.

Azərbaycanla müharibəyə tam bir il qalırdı… Paşinyanın Ermənistanın həmin müharibədə ağır məğlubiyyətindən sonra keçirilən seçkidə qalib gəlməsi Putin üçün ikinci şok olmuşdu. Çünki vaxtında “şurtvats” məsələsini lazımınca qiymətləndirə bilməmişdi.

Putin niyə milli klanları sevir?

Putin bugün də Ermənistandakı rəsmi hökuməti yox, klanı – Qarabağ klanını dəstəkləyir. Çünki bu, onun əksər keçmiş sovet respublikalarında yürütdüyü standart siyasətdir – rəsmi dövlət başçılarını yox, həmin ölkələrin klanlarını dəstəkləmək.

Məhz bu səbəbdən keçmiş sovet respublikalarındakı klanlar putinpərəst, rusiyapərəstdirlər. Məhz bu səbəbdən də bu klanların maliyyələşdirdiyi media resursları da birmənalı şəkildə rusiyapərəst olur.

Klanlar ən başlıcası isə korrupsiyanın bel sütunudur. Klanlar və onların üzvləri adətən korrupsiyaya prezidentlərdən daha çox bulaşsalar da, beynəlxalq hesabatlarda, beynəlxalq jurnalist təhqiqatlarında klançıların yox, prezidentlərin adları çəkilir.

Beləliklə, beynəlxalq aləmdə və öz xalqlarının yanında nüfuzu olmayan dövlət başçıları klanların və onları dəstəkləyən Moskvanın və Putinin girovuna çevrilirlər. Belə bir şəraitdə əksər keçmiş sovet ölkələrində nazirlərin, xüsusən də güc nazirlərinin Putinin xeyir-duası ilə təyin olunduğuna dair söz-söhbətlər elə də fantastik görünmür.

Güman min yerə getsə də…

Qazaxıstanda baş verən son hadisələr, ölkənin faktiki olaraq Rusiya tərəfindən işğalının arxasında da Moskvanın eyni sxemləri dayanır. Bu barədə politoloqlar ən müxtəlif versiyalar irəli sürürlər. Bəzi versiyalara görə xalq etirazlarını içəridən yerli klanlar qızışdırmışdılar. İstisna etmək olmaz. Amma neftlə zəngin ölkənin yoxsul əhalisinin cana yığılması da tam ağlabatan və tam legitim versiyadır.

Digər versiyalara görə, Nazarbayev son vaxtlar bəzi Rusiya siyasətçilərinin acığına populist-millətçi addımlar atırdı. Həqiqətən də etirazlardan bircə gün əvvəl ölkə boyunca bütün reklam və küçə yazılarının yalnız qazax dilində olması barədə qanunun hazırlandığı xəbəri verilmişdi.

Amma etirazçılar “qoca, çıx get” qışqırırdılar…

Qazaxıstana KTMT (Rusiya) qoşunlarının yeridilməsindən dərhal sonra Britaniyada bəzi qəzetlər Nazarbayevlərin, təkcə Nazarbayevlərin yox, Qazaxıstan elitasının bu ölkədəki nəhəng sərvətindən yazmağa başlayıb. Bu da xəbər verilir ki, bir sıra millət vəkilləri sanksiyalar məsələsini gündəmə gətirməyi təklif edirlər.

Doğrudan da eyni vaxtda həm korrupsiyada ittiham olunmaq, həm də millətçi-vətənpərvər sayılmaq mümkün olan məsələ deyil. İngilislərdə bir neçə məşhura aid edilən bir deyim var: “O şeyi ki adi insan axmaqlığı ilə izah etmək mümkündür, onu heç vaxt böyük konspirasiyalarla izah etməyə çalışmayın”.

Başqa sözlərlə, böyük geosiyasətlər yox, ən adi insan tamahı, ən bəsit insan malbaşlığı böyük milli dövlətləri çökdürə bilər.

Zülfüqar Rüfətoğlu, London

Şərhlər bağlıdır.