Yanvarın 27-si Azərbaycandan başqa dünyanın hər yerində adı hörmətlə yad edilən və onu heyrətləndirən “Bakının neft kralı” adlandırılan alimimiz Eyyub İsmayıl oğlu Tağıyevin doğum günü idi. Qeyd edim ki, o, H. Z. Tağıyevin qohumudur İxtiralarından Şimal dənizindən Küveytədək bütün neft dünyasında istifadə edilən böyük azərbaycanlı 1912-ci ildə Böyük Qala küçəsindəki ikimərtəbəli evdə anadan olmuşdur.
…İkinci dünya müharibəsi illərində Sovet rəhbərliyi şərq rayonlarında neft hasilatını təşkil etmək məqsədilə Eyyub Tağıyev başda olmaqla Bakı eksperimental qazma kontorunun bütün heyətini avadanlıqları ilə birlikdə Perm vilayətinin Krasnokamensk şəhərinə köçürdü. Onlar burada “İkinci Bakı”nı axtarmağa başladılar və tapdılar. O zaman Eyyub Tağıyevin 32 yaşı vardı.
40-cı illərin sonlarında Xəzər dənizində yataqların mənimsənilməsinə başlanılır. Dənizdə qazma işləri üzrə baş idarə – “Qlavmorneft” yaradılır E.Tağıyev idarənin baş mühəndisi təyin olunur
1955-ci ilin payızında SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Daşkənddə Hindistanın baş naziri Cəvahirləl Nehru ilə görüşür. Nehru Hindistanda neft ehtiyatlarının axtarışı üçün mütəxəssislər qrupunun göndərilməsini xahiş edir. Kosıgin SSRİ-nin ozamankı neft sənayesi naziri Nikolay Baybakova belə mütəxəssislərin tapılması və Hindistana göndərilməsini tapşırır və qrupa “Şərq adamı”nın rəhbər təyin olunmasını məsləhət görür. Baybakov fikirləşmədən Eyyub Tağıyevi təklif edir..Hindistanda işə başlayarkən Baş nazir Cəvahirləl Nehru ona yalvarmışdı : “Bizə öz neftimiz lazımdır Biz xaricdən ildə 200 milyon dollar neft alırıq Mən sizə inanıram, kömək edin .”
…Rusiya və Hindistanın bir çox yerlərində neft axtarıb tapan Eyyub Tağıyev yeganə azərbaycanlıdır ki, Hindistanın neft üzrə baş idarəsinin ömürlük məsləhətçisi təyin olub. 1958-ci ilin mayında Pəncabda, 1959-cu ilin sentyabrında Bombeyin 250 kilometrliyində neft axtaran Tağıyevin sayəsində buruqlar fontan vurur və O, Hindistanın qara qızılının ATA-sı kimi qəbul edilir. .Hindistanın baş naziri Cəvahirləl Nehru isə demişdi: “Hindistan nefti onun ayaqları altından axır”
İndi Kəlküttənin mərkəzi parkında Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstünə rast gəlmək olar. Metr yarımlıq pyedestalın üzərinə qızılı hərflərlə yazılıb “Hind neftinin atası”
…1961-ci ildə isə Braziliyaya yollanır. Altı ay davam edən ağır işdən sonra onlar Braziliyada böyük neft və qaz ehtiyatlarının olması barədə dəlilləri ortaya qoyurlar. Eyyub Tağıyev xatırlayırdı ki, Braziliyada 40 dərəcədən yuxarı temperaturda, yüksək rütubət şəraitində, mığmığaların içində işləmiş, müxtəlif nəqliyyat vasitələri ilə, bəzən də piyada 25 kilometr məsafə qət etmişdilər.
“Jornal do Brasil” Eyyub Tağıyevin fotosunu çap edir. Şəklin altında isə yazılır: “Onun portfelində Braziliyanın bütün neft sirləri gizlənib”
Eyyub Tağıyev 1967-ci il yanvarın 17-də, 55 illiyinə on gün qalmış qəflətən vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunur.
Üç dəfə Stalin mükafatı laureatı, texnika elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, neft və qaz quyularının qazılması üzrə görkəmli mütəxəssis Eyyub Tağıyevin xatirəsi onu sevənlərin xatirəsində daim yaşayacaq.
Baba Allahnəzərov
Şərhlər bağlıdır.