İRANIN RUSİYAYA QARŞI SANKSİYALARA QOŞULMAMASI VƏ ABŞ-IN TƏKLİFLƏRİNDƏN İMTİNA ETMƏSİ…

“İran Rusiyanın müttəfiqidir və son 20-30 ildə Rusiyanın keçmiş sovet ölkələrində atdığı bütün addımları dəstəkləyib. Rusiyanın Gürcüstana hücumu zamanı İran tərəfi Rusiyanı müdafiə etdi. Qondarma Cənubi Osetiya və Abxaziya respublikalarının tanınması və müstəqilliyinin elan olunması məsələsində də Rusiyanı dəstəklədi. İran perspektivdə həmin qondarma respublikaların müstəqilliklərini tanıyacağını belə dolayı yolla bəyan etdi. 2020-ci il sentyabrın 27-də Azərbaycanın Qarabağda keçirdiyi əks-həmlə əməliyyatlarında da Rusiyanın mövqeyindən çıxış etdi. Hətta Rusiyadan göndərilən silahlar İran vasitəsilə ermənilərə çatdırıldı. Yaxud, Rusiyanın təbliğat vasitələri kimi Azərbaycana qarşı qarayaxma kampaniyasında İran Prezidenti və digər rəsmilər, o cümlədən İran xarici işlər naziri də çıxış etdi. Sonrakı dövrdə İran Azərbaycana qarşı bir ilə yaxın ardıcıl böhtan kampanıyası apartdı və vəziyyəti gərginləşdirdi”.

Bunu Herbiand.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Siyasi şərhçi qeyd edib ki, İran Ukrayna məsələsində də Rusiyanı müdafiə edir:

“Düzdür, açıq şəkildə Rusiyanın əməliyyatlarına haqq qazandırmır. İddia edir ki, Ukraynadakı vəziyyəti NATO və ABŞ gərginləşdirir. Ona görə də özünün fundamental şüarlarına söykənərək Rusiyanı müdafiə edir. Bilirsiniz ki, İranın ideologiyasında təməl şüarlardan biri ABŞ-a ölümdür. Ona görə İran bu məsələdə Rusiyanı dəstəkləyir. Düzdür, yaranmış vəziyyətlə əlaqədar ABŞ İrana bir sıra təkliflər irəli sürmüşdü. Onlardan biri İran İnqilabı Keşikçiləri qvardiyasının terrorçu təşkilatlar siyahısından çıxarılması idi. Eləcə də İranın nüvə proqramı ilə bağlı məsələlərdə bəzi yumşaldıcı addımların atılması da gözlənilirdi. İran tərəfi bu şansı demək olar ki, əldən qaçırtdı. Birmənalı şəkildə bəyan etdi ki, ABŞ-ın irəli sürdüyü təklifləri qəbul etmir. Niyə? Asiyada Rusiya, Çin və İran üçbucağı var. Bu üçbucaq bir-birini bütün mənalarda dəstəkləyir və yardım edirlər. Hesab edirəm ki, İranın bu mövqeyi tutmasında Çinin də rolu az deyil. Çünki, İran iqtisadiyyatının böyük hissəsi təxminən 40 faizə yaxını Çinin nəzarəti altındadır. İki ölkə arasında bu yaxınlarda 25 illik müqavilə imzalanıb. Ehtimal edirəm ki, İran hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və ABŞ-ın təkliflərindən imtina etməsi Çinlə bağlanan həmin anlaşma ilə əlaqədardır”.

Sədrəddin Soltan  bildirib ki, perspektivdə əgər ABŞ və müttəfiqləri, Avropa İttifaqı Rusiyaya sanksiya tətbiqiylə bağlı əlavə tədbirlərə əl atarlarsa və Rusiyanı müdafiə edənlərə qarşı sanksiya tətbiq edərlərsə o zaman İrana da belə bir məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağı istisna olunmur:

“Bu da İranın mövcud iqtisadi vəziyyətini daha da ağırlaşdırar. Digər tətəfdən İran xarici siyasətində daha çox pozavüzkar xətt yürütdüyündən Rusiya ilə bu tip məsələlərdə oxşar addımlar atırlar. Məsələn, Rusiyayla İran Suriyada eyni mənafe güdür və addımlar atırlar. Hesab edirəm ki, İran Suriya variantını Rusiyayla birlikdə Ukraynada da davam etdirir. Perspektivdə İrandan Rusiyaya hərbi yardımlar gedərsə buna da şübhələnmərəm”. 

Bəxtiyar CƏFƏRLİ

Şərhlər bağlıdır.