“QƏLƏBƏ ŞƏHİDLƏRİ”NİN 4-CÜ CİLDİ SALYANDA TƏQDİM OLUNDU

ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ DƏ DUYĞULARINI DİLƏ GƏTİRDİLƏR

Dünən “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə də “Qələbə Şəhidləri” kitabının yeni cildinin təqdimatı ilə gəlmişdi. Rayon Mərkəzi Kitabxanasında bu mənada tədbirə gələnlərin sözləri çox idi. Onlar hiss və duyğularını ürəkləri həyəcanlandıran ifadələr və ürək sözləriylə dilə gətirirdilər.

Tədbir iştirakçıları öncə Salyan Rayon İcra Hakimiyyətinin müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Məclisi əvvəldən sonadək yüksək səviyyədə idarə edən Salyan Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev çıxış üçün sözü layihənin rəhbəri, “Aran” USGİ-nin sədri İbrahim Hüseynova verdi. O bildirdi ki, bu kitabı ortaya qoymaq ideyası “Zərdabi” Mətbuat Mərkəzinin sədri, tanınmış qələm sahibi, əməkdar jurnalist Rəhim Hüseynzadəyə məxsusdur. Mən isə “Aran”ın sədri kimi bu ideyanı bəyənib və dəstəkləmişəm. Bir qrup salyanlı ziyalı ilə birgə iş aparıb materialları toplamağa başlamışıq. Bu proses indi də davam edir. Üç cild ərsəyə gəldikdən sonra dördüncüdə bizə dəstək göstərməyin vacibliyini əməli işlə cavablandırmaq qənaətinə gəliblər. Azərbaycan Respublikasının Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini etimad göstərərək layihəmizə dəstək verməyi qərara alıb. Artıq Bərdədə ilk görüşümüzü keçirmişik. Nəticələr göstərir ki, biz doğru yoldayıq.

Kitabın redaktoru Rəhim Hüseynzadə özünün 50 ilə yaxın jurnalist fəaliyyətində vətənpərvərlik mövzusunun  aparıcı xətt təşkil etdiyini deyib. “Yaxşı yadımdadır, biz Neftçala və Salyan qazetlərində işləyərkən ayda bir dəfə belə səhiələr buraxırdıq. “Qızıl qələm” mükafatına da alman faşizmi üzərində qələbənin 40 illiyinə həsr olunmuş müharibə dövrü idmançılarına aid oçerklərə görə almışdıq. Amma vaxt gəldi, biz dinc Azərbaycan torpağında müharibə ilə üzləşdik. Özü də erməni faşizminə qarşı.

Birinci Vətən müharibəsində itkilərimiz çox idi, lakin bu o demək deyidi ki, biz döyüşməyi bacarmırıq. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəyi sayəsində sülhə üstünlük verdik. Əslində yeni müharibəyə hazırlaşırdıq. Ölkə Prezidenti İlham Əliyev bu illərdə möhtəşəm döyüş qabiliyyətinə malik ordunu formalaşdırdı. İndi biz fəxr edirik ki, Müzəffər Silahlı Qüvvələrimizin Qalib Ali Baş Komandanı var. Özü də adı tarixə əbədi yazılmış bir komandan.”

“Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov xeyirxah işə ilk gündən dəstək verdiyini, bu prosesin daim davamlı olacağını dilə gətirdi.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İBN-nın Salyan rayon filialının sədri  Arif Əsgərov layihə çərçivəsində davam edən işləri alqışladı. Bildirdi ki, birinci Vətən müharibəsində həlak olanların barəsində də kitab toplanılması və çap edilməsi ideyasını ürəkdən bəyənirəm. Bu işə əməli kömək göstərməyə hazırdır. Şair Zabil Pərviz günün ruhuna uyğun vətənpərvər şeir səsləndirdi.

Kitabxananın direktoru Səidə Xəlilbəyliyə “Qələbə Şəhidləri”nin hər 4 cildini  təqdim edən layihə rəhbəri onun dilindən səslənən vətənpərvər ifadəni təqdir etdi. Bildirdi ki, bu cildlər oxucular üçündür, onlar öz qəhrəmanlarını tanımalıdırlar.

Şəhid ailələrinin üzvlərini dinləmək istər-istəməz qürurla yanaşı həm də bir mütəəssirlik doğururdu. Onlar Vətən yolunda canlarını qurban vermişdilər, adına bir əbədilik həkk etmişdilər. Bu insanları- Vəfa Abbasovanı, Allahverdi Kazımovu, Şəfi Cəfərovu, Zinət İsmayılovanı… dinləmək ürəkləri dağa döndərirdi.

Həmin gün şəhid anaları və ataları, onların doğmaları üçün “Qələbə Şəhidləri” bir təskinlik idi. Görüş mərasim iştirakçıları üçün yadigar qalacaq fotoşəkillərin çəkilməsi ilə yekunlaşdı.

 

Şərhlər bağlıdır.