Mirvahab Əfxəmi

(1922-1988)

Mirvahab Əfxəmi 1922-ci ildə Güney Azərbaycanda doğumludur. S.C.Pişəvərinin başğlıq etmiş olduğu 21 Azər hərəkatı iştirakçılarından olmuşdur. Təbrizdə Azərbaycan Milli Məclisi açılanda, Azərbaycan Milli Hökuməti təşkil ediləndə artıq M.Əfxəmi 23 yaşında bir gənc idi. Onun öz əli ilə yazdığı arayışların birində deyilir: “1945-ci ildə Azərbaycan Demokrat Firqəsi tərəfindən muxtar Azərbaycan Milli Hökuməti qurulduğu zaman mən “Azərbaycan”qəzetinin baş redaktoru vəzifəsində çalışmaqla rəhbər kadrlara yaxın adamlardan biri olmuşam. 1946-cı ildə ADF şah qoşunları tərəfindən hücuma məruz qaldığı bir zamanda qüvvələrimizin, eyni zamanda da tərəfdarlarımızın çoxu öldürüldü və həbs edildi. Mən də Firqənin bır sıra kadrları ilə bir vaxtda Sovet İttifaqına getdim. Firqənin Sovet İttifaqına mühacirət etmiş kadrları, üzvləri və fədailər müxtəlif bölgələrdə məskunlaşdılar. Sonrakı illərdə də Sovet İttifaqı Kommunist Partiyasının göstərişi ilə firqəçilər İran Xalq Partiyasının (Tudə) tərkibinə daxil edildilər”.[1]

24 yaşında (1946-cı ildə) şimala mühacirət etmiş və Azərbaycan Respublikası ərazisində məskunlaşmış M.Əfxəmi burada ali təhsil almışdır. Məşhur güneyşünas alim, eyni zamanda 1945-1946-cı illər milli-demokratik hərəkatın şahidi və tədqiqatçısı, Mirvahab Əfxəmi ilə mühacirət həyatı dövründə yaxın yoldaş, həmkar və dost olmuş Əkrəm Rəhimli (Bije) onunla son ana qədər birgə keçirdiyi günləri belə xatırlayır: “Öz xalqının azadlığı yolunda düşmən gülləsi ilə şəhidlik zirvəsinə ucalmış Mirvahab Əfxəmini 1949-cu ilin yayından tanıyırdım. O vaxt məni Gəncəyə texnikumda təhsil almağa göndərmişdilər. Gəncədəki yerli fiqrə təşkilatında məni ilk dəfə qarşılayan Mirvahab müəllim oldu. O zaman o, demokrat gənclərlərin təlim, tərbiyə və təhsil işləri ilə məşğul olurdu. O vaxt özü də Gəncə pedaqoji institutunun tarix fakültəsində oxuyurdu. Çox zirəng, insanlarla xoş ünsiyyət qurmağı bacaran bir firqə kadrı idi. O məni Gəncədə olan pedaqoji texnikuma apardı və müdiriyyətə təhvil verib dedi: “Mən bu gənci sizə təhvil verirəm. O gün olsun ki, siz onu savadlı bir kadr kimi bizim təşkilata verəsiniz”.

Belə də oldu. Mən 4 il ərzində o texnikumda əla qiymətlərlə oxudum və oranı qırmızı diplomla bitirdim. Mirvahab müəllim də pedaqoji institutu qurtardıqdan sonra onu Bakıya firqə işinə çağırdılar. O, burada müxtəlif vəzifələrdə ləyaqətlə çalışdı. Zəkalı və iti qələm sahibi olduğuna görə firqə rəhbərliyi Mirvahab müəllimi ADF orqanı olan “Azərbaycan” qəzeti redaksiyasına göndərdi. O bir neçə il mahir jurnalist kimi çalışdı.

Mən də 1950-ci ildə Gəncədə pedaqoji texnikumu bitirib Bakıya gəldim və pedaqoji institutun tarix fakültəsinə daxil oldum. 1957-ci ildə oranı bitirdikdən sonra firqənin göstərişi ilə mən də “Azərbaycan” qəzetinə işə göndərildim. Əvvəlcə orada ədəbi işçi, sonra şöbə müdiri vəzifəsində çalışdım. Burada işlədiyim müddətdə həmişə Mirvahab müəllimlə bir yerdə olduq. O mənə zarafatla deyərdi: “Oğlan, sən məni təqib edirsən. Mən pedaqoji instituta daxil oldum, sən də gəlib pedaqoji instituta daxil oldun. Mən qəzetdə işə qəbul olundum, sən də burada işə qəbul olundun. Bundan sonra da mən hara getsəm, səni özümlə aparmalıyam. Çünki sən mənim yetişdirdiyim kadrsan”.

Günlər, aylar keçdi. Bir gün çayxanada bir küncdə oturub söhbətləşirdik. O dedi ki, mənə bir söz deyəcək və bu söz aramızda qalmalıdır. Bildirdi ki, şah İrandan gedib, hakimiyyətə yeni rejim gəlib və mühit bir balaca yumşalıb. O, Təbrizə getməyə hazırlaşdığını söylədi. Orada firqə təşkilatına, onun orqanına kadr lazım olduğunu vurğuladı və “mən mütləq ora gedəcəyəm”, – dedi. Mən ona deyəndə ki, “sonra sənə bu rejim əhli bir tələ qurar, Allah eləməmiş, başına bir iş gələr”, o cavabında çox kəsərli şəkildə dedi: “Ayrı yolumuz yoxdur. Pişəvəri demiş, “Ya azadlıq, ya da ölüm!” Mən azadlıq sorağı ilə yaşayıram və həm də böyük türk şairi Nazim Hikmət demişkən, “Sən yanmasam, mən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar işıqlığa? Mən bilirəm ki, aydınlığa çıxmaq üçün qaranlıq qorxusu və mahiyyəti məchul olan bir mühitə doğru gedirəm. Təvəkkül Allaha!”[2]

Bu, Əkrəm müəllim ilə onun son görüşü oldu.

Mirvahab Əfxəmi Təbrizə getdi və orada Azərbaycan Demokrat Firqəsinin sədr müavini Ənuşirəvan İbrahiminin başçılığı ilə fəaliyyətə başlayaraq bu firqəni yenidən döyüş meydanına gətirdilər. Təbrizdə Firudin Kazımi və başqa dostları ilə  birlikdə “Azərbaycan” qəzetini çap edib yaymağa başladılar.

Düşmən Mirvahabları amansızcasına təqib edirdi və nəhayət, onu həbs edərək ilk öncə üzərinə “xalq düşməni”, “rejimin əleyhinə olan bir şəxs” və “casus” damğası vuraraq zindana saldı, sonra isə ona əzablar, işgəncələr verildi. Son olaraq mənfur düşmən gülləsinə tuş gəldi. 1988-ci ilin sentyabr ayında Tehran yaxınlığındakı Kərəcin “Gövhərdəşt” zindanında edam edildi.

Həmin zamanlarda Təbrizdə onunla çiyin-çiyinə çalışmış firqə məsulu Abdulla Əmirhaşimi (Cavanşir) onunla birgə siyasi fəaliyyətlərini belə xatırlayır: “Nəhayət, şah ölkəni tərk etməyə məcbur oldu. Zindanlardan çıxdıq. İnqilab zəfər çaldı və biz dərhal Təbrizdə Fiqənin şöbələrini açdıq. Səfərxan Qəhrəmani  zindandan birbaşa mübarizə meydanına atıldı. Firqə rəhbərlərinin mühacirətdən Təbrizə gəlmələri fəaliyyəti daha da canlandırdı. ADF-nin orqanı “Azərbaycan” qazetini  Təbrizdə  buraxdıq. Firqənin  mühacirətdə olan Mərkəzi Komitəsinin üzvlərindən sədr müavini Ənuşirəvan İbrahimi, Seyidağa Onullahi, Məhəmməd Hüseyn Xoşginabi, Taği Musəvi, Mirvahab Əfğəm, Məhəmməd Əli Fərid, Məhəmmədəli Müciri, Fəqih, İrandoxt İbrahimi, Firidun Kazimi və başqaları ilə çiyin-çiyinə mübarizə apardıq. İnqilab ərəfəsində Təbrizdə firqəçi yoldaşlarımızla məhəllələrdə və  fabriklərdə Şuralar qurduq və fəhlə sinfi içərisində  Sindikalar  təşkil etdik. “Fabrikdə nə xəbər” adlı gündəlik bulleten  buraxdıq. “Yoldaş” və “ Dədə qorqud” jurnalları Firqənin təəssübkeşləri  tərəfindən işıq üzü gördü.  300 -dən artıq üzvü olan Azərbaycan Şair və Yazıçılar Cəmiyyətini yaratdıq. Bu yarım leqal dövrdə fəaliyyətimiz  4 ildən artıq  çəkmədi.  Firqə yenidən basqılara məruz qaldı. 3000-dən çox firqə təşkilatının üzvü həbs olundu. Fiqənin sədr müavini Ənuşirəvan İbrahimi, aktivlərdən Rəsul Əmiri, Məhəmməd Hüseyn Əmirhaşimi, Məhəmməd Hüseyn Qədəmgahi, Mirvahab Əfğəm oldürüldü”.[3]

Mirvahab Əfxəmi əbədi olaraq Azərbaycanın və azərbaycanlıların azadlıq yolunun şəhidləri sırasına daxil oldu. O dünyasını dəyişdi, amma nə məsləki və nə də əqidəsi dəyişmədi, onu gələcək nəsillər üçün örnək olaraq qoyub getdi. Son nəfəsinə qədər Azərbaycana azadlıq istəyi ilə yaşadı.

Şəhidlər ölmürlər. Onların qanına boyanmış bayraqlar həmişə bizim başımızın üzərində dalğalanır və bizi qələbəyə çağırır.

Azərbaycan Demokrat Firqəsinin fəalları.

Sağdan sola oturanlardan: Cəfər Əxgəri, İsmayıl Pişnamazi, Sultan Babazadə, Əbülhəsən Rəhmani, Sadıq Padeqan, Səməd Həkimi, Məhəmməd Cəlili, Zeynalabdin Qiyami, Qulamyəhya Daneşyan, Məcid Məhəmmədivənd, Cəfər Kavyan, Əli Nəğdəli;

Ayaq üstə duranlardan 1-ci sırada sağdan sola: Hüseyn Qurbanəlizadə, Məhərrəm Danai, Şükür Qafari, Cəfər Müciri, Mirvahab Əfxəmi, Yədulla Fərzanə, Zəbulla Şərifi, Məmi Dehqan, Muxtar Didekonan, Qulu Xəyyami, Sultanəli Qulami, Hüseyn Əlborzi, Əsədulla Nikxah, Adil Adiliyan, Şaban Derəxşannur;

Ayaq üstə duranlardan 2-ci sırada sağdan sola: Səməd Afiyət, (tanınmadı… …), Sabir Əmirov, Fərəc Dəstgüşadə, Bayrış Fuladi, İsmayıl Cəfərpur, Tağı Musəvi, Hüseyn Ciddi, Əhməd Əminzadə, Martik Qriqoryan, Lütfəli Ərdəbiliyan (Fələki)[4]

Səməd Bayramzadə,

dosent, tarix üzrə fəlsəfə doktoru,

Bakı, 25 mart 2020-ci il

 


[1] Cəfər Yəqubi. Xaterat-e zendan. Mərzha-ye naşenaxte-ye mərg və zendegi…, Cild 2, Köln, Almaniya, bahar 2015 (bax: http://asre-nou.net/php/view_print_version.php?objnr=37216)

[2] Əkrəm Rəhimli (Bije). Mühacirət dövründən  xatirələrim (əlyazması).

[3] Abdulla Əmirhaşimi (Cavanşir). Vəhdət konfransından sonra ADF-nin fəaliyyətinə bir baxış, – “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, 6-cı dövr, 1-ci nömrə, 6 dekabr 2019-cu il

[4] 21 AZƏR-70”. Фотоалбом (tərtib edən və məsul redaktor: Səməd Bayramzadə), Bakı, “Araz” nəşriyyatı, 2015, s.103

Şərhlər bağlıdır.