AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN TƏBRİKİ

MÖHTƏRƏM PREZİDENT, ZƏFƏRLİ ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV-AD GÜNÜNÜZ MÜBARƏK!

Möhtərəm Prezident, Zəfərli Ali Baş Komandan İlham Əliyev-ad gününüz mübarək!
Bu gün Sizin – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Zəfərli Ali Baş Komandanı Cənab İlham Əliyev 59 yaşınız tamam olur. Əvvəlki illərdə olduğu kimi bir daha ənənənizə sadiq qaldınız. Yenə ad gününüzü təmtəraqlı şəraitdə, dövlət rəsmilərinin əhatəsində deyil, paytaxtdan kənarda yolunuzu gözləyən, təbriklərini, ürək sözlərini, qayğı və təkliflərini şəxsən özünüzə demək istəyən insanların yanında keçirdiniz.
Səfəriniz ordumuzun 44 günlük Vətən Müharibəsində işğalçılardan təmizlədiyi Qubadlı və Zəngilanı əhatə etdi. Maşını özünüz idarə etdiyinizdən, yolboyu publisistik şərhlər verdiyinizdən Sizi sanki bütün Azərbaycan müşaiyyət edirdi. Dağılmış yerlərin mənzərəsinin göz önündə canlanması erməni vandalizminin mahiyyətinə əyani detalları ilə aydınlıq gətirirdi. Qalib ordunun düşməndən təmizlədiyi yerlərdə ucaldılan milli bayraqlarımız bir daha məşhur məsəlinizi yada salırdı: Qarabağ əbədi Azərbaycanındır!

Maşını saxladığınız və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə hərbçilərlə keçirdiyiniz görüşlərdə öncə bu bayraqları öpməyiniz bir daha sübut edirdi ki, Vətənə, xalqımıza necə qəlbən bağlısınız. Xalqımız heç vaxt 27 il əvvəldəki faciələrlə üzləşməyəcək, qanı bahasına özünə qaytardığı Qarabağın bu guşələrində də əbədi yaşayıb-yaradacaq, yeni tarixi uğurlara imza atacaqdır. Əslində səfəriniz də öncədən belə duyğuları təlqin edirdi. Bundan sonra Qarabağda cəbhə ifadəsi işlədiləndə göz önündə əmək, quruculuq işləri canlanacaqdır.
Səfəriniz eyni zamanda vurğulayırdı ki, yaxın müddətdə Qarabağa böyük köç başlanacaq. Bu insanlar yadellilər deyil, işğal nəticəsində vaxtilə torpaqlarından didərgin düşən yüzminlərlə qarabağlılar olacaqlar. O cümlədən özlərini haqlı olaraq Qarabağlı sayan, 1946-cı ilin dekabrından orada doğma qardaş-bacılarına pənah gətirən 21 Azər hərakatının iştirakçılarının, Azərbaycan Demokrat Firqəsi üzvlərinin yolunu davam etdirən nəsillərin təmsilçiləri. Onları da 1993-cü ilə qədər yaşadıqları, uğrunda döyüşdükləri yerlərə bir daha qayıtmaq arzusu heç vaxt tərk etməyib. Hər iki Qarabağ müharibəsində şəhidlər veriblər, yaralanıblar, xəsarət alıblar. Bir sözlə, Qarabağın yeni növrağını görmək üçün doğmalaşmış yurdlarına dönmək istəyirlər. Azərbaycan Demokrat Firqəsi də belə şərəfli məramın həyata keçirilməsinə daim əməli işlərlə dəstək verəcək.
Səfərinizdən irəli gələn daha bir məntiqi qənaət bu idi ki, Ali Baş Komandan qalib ordunun Zəfər Paradında iştirak etmək imkanı olmayan döyüşçülərlə bilavastə onların gecə-gündüz keşik çəkdikləri keçmiş cəbhəyanı bölgələrdə görüşməyi, əllərini sıxıb təşəkkürlərini bildirməyi öncədən planlaşdırıb. Çünki dekabrın 10-dakı mərasimə bütün döyüşçülərin cəlb olunması təhlükəsizlik baxımından da mümkün deyildi. Hərçənd böyük qisim müharibə iştirakçısının, şəhidin Vətənin orden və medalları, fəxri adları ilə təltif olunmaları rəmzi görüşləri xatırladırdı. Onların sırasında yenə əslən Güney Azərbaycandan olanlar da var idi ki, biz bununla fəxr edirik.
Bu, sıradan bir səfər olmadığından rəhbərin də, onların da ömür kitablarında əbədi xatirə olaraq qalacağına tam əminik.
59 yaşınız mübarək Dövlət Rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı! Tanrı Sizə yar olsun!

Səmimi hörmətlə,
Azərbaycan Demokrat Firqəsi üzvləri adından
Rəhim Hüseynzadə,
ADF MK-nın sədri,
əməkdar jurnalist

Şərhlər bağlıdır.