Bakı Qızlar Universitetindən Lamiyə Əlibəyin 20 Yanvar qazisi, Neftçala rayonunun Bankə qəsəbəsində gəmi komandiri işləmiş Ələkbər Məmmədəli oğlu Talıbov barədə Türkiyə mətbuatında məqaləsi dərc edilib. Firqəçi övladının duyğu və düşüncələrini sizlərə təqdim edirik.
Azadlıq salnaməçisi – Qazi Ələkbər Talıbov
Azərbaycan… Odlar diyarı… Qəhrəmanlar ocağı… Hər bir qarışı uğurunda əsrlər boyu qurbanlar verən məmləkət…İnsanı böyüdən, boya-başa çatdıran Vətən başını qara buludlar alanda, düşmən hədəfinə turş gələndə bütövlüyü uğrunda övladlarından azadlıq, fədakarlıq, mübarizlik, qəhrəmanlıq, dönməzlik, dözümlülükistəyir! Vətənin, xalqın azadlığını igid oğullar qanı və canlarının bahasına qazanıb! Tək məfkurəsi xalq, millət, vətən olan və bütün ömrü boyu bu amalda çalışan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və eks-PrezidentƏbülfəz Elçibəyin dediyi kimi: “Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq”.
Uzun illər müstəmləkəlik həyatı yaşayan xalq bir gün ayağa qalxacaqdır! Bu oyanışla bütün tikanlı məftillər qırılacaq, qardaşlıq, birlik, dörd bir əllə sarılacaqdır…Bütün səbr kasası daşan xalq 1988-ci il fevralın 19-da Bakıda Milli azadlıq hərəkatına başladı. Hərəkat tez bir zamanda bütöv Azərbaycanı ağuşuna aldı… Sinəsini alovlu meydanlara verən mübarizlərdən biri də Ələkbər Məmmədəli oğlu Talıbov idi…
Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il avqust ayının 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvüolan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası – Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib.
Mübarizə ruhunda formalaşan Ələkbər Talıbov gənc yaşlarından etibarən Azərbaycanın vahidliyi, gələcəyi, rifahı, müstəqilliyi uğrunda fəaliyyət göstərən gizli təşkilatlarda yaxından iştirak etmişdi və buna görə də Kommunist Partiyasının üzvü olmayıb. Təkcə özü, deyil, eyni zamanda ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıb.
1988-ci ilin payızında Dağlıq Qarabağın tamamliə respublikamızın nəzarətindən çıxması, Moskvanın Dağlıq Qarabağadakı canişini A.Volskinin qatı ermənipərəst siyasəti nadir Topxana meşəsində ekoloji cəhətdən zərərli sənaye sənay obyektinin tikilməsinə başlanılması bütün Azərbaycanı xalqını ayağa qaldırdı. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan mitinq 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına çevrildi. O günün millət olaraq bizə verdiyi töhfə ora bakılının, şəkilinin, lənkəranlının, qarabağlının, naxçıvanlının, neftçalanın gəlib, hətta güneylilərin bütöv azərbaycanlıya çevrilməsi idi. Meydan hərəkatını Milli azadlıq hərəkatına xalqın birliyi çevirdi. Azərbaycan xalq hərəkatının zirvəsi, şübhəsiz ki, 17 noyabr olmuşdur. O gün xalqın dilində və fikrində məhz “Yaşasın Bakı-Təbriz birliyi!”, “Yaşasın Azərbaycan birliyi!”vardı.
Aşağıdakı fotoda Ələkbər Talıbovun da öndə necə məğrur və qürurla addımladığını görürük.Bir yandan SSRİ-nin bitməyən buxovları, digər yandan baş qaldıran azadlıq sevdası xalqa meydanlara çıxmaq cəsarəti verdi. Milli kimliklərindən miras qalan üçrəngli bayrağa sarılaraq“azadlıq” şüarları hayqırdılar. Bunun nə demək olduğunu, anlamaq çox asan, amma bunu həyata keçirmək isə çox ağır, çətin və qorxulu idi. Xalq bütün varlığını meydana qoymuş və hər biri mübarizəyə hazır olmuşdu. Heç şübhəsiz ki, Azadlıq mübarizəsi bizi20Yanvar hadisələrinə, sonra isə dövlət müstəqilliyinə apardı!
Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 Yanvar qazisi Ələkbər Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə xatırlayır: “Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 Yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 Yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlıları Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu.. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada da iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq. Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik… dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt iki SSRİ DTK-çısı tərəfindən təqib edilmişəm… Lakin haqq yolunda, xalq yolunda namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm… Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl çəkmişdilər. Həmin vaxtı bizi – fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər. Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb güllələmək istədilər. Bu anda Azərbaycan Deputat İstintaq Qrupu (Arif Məlikov, Fikrət Əmirov, Ədilə Namazova və b.) hadisə yerinə gəlib bizi sovet hərbçilərindən alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər. Xəstəxanada da kəndinə əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi. Dərmanla, pal-paltarla təmin etdi… Həmin ərəfədə həqiqətən də millət birlik nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər. Sağalandan sonra yenidən mübarizəyə qoşulduq.”
Həm Azərbaycan tarixində, həm də Xalq Hərəkatında ən əsas olaylardan biri Sərhəd hərəkatıdır. Bu hərəkat ürəyi güney sevgisiylə yanan minlərlə soydaşımızın və Azərbaycanın bağımsızlığı və bütövlüyü uğrunda savaşan Gizli Təşkilatın illərlə arzuladığı bir proses idi ki, ilk fürsətdə xalqımız bu imkandan çox ustalıqla yararlandı və birinci mərhələ üçün uğurlu nəticə əldə etdi. Ələkbər Talıbov da Gizli Təşkilatın fəal üzvlərindən olmuşdu.
Qəhrəmanlıq tarixini yenidən yazan xalq üçün 20 Yanvarı təkcə faciə, deyil, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və milli məfkurəmizin azadlıq istəyinin oyanışı günüdür. Bu hadisələr ancaqBakı ilə məhdudlaşmırdı. Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinəNeftçala, Cəlilabad və Lənkərana doğru irəlilədi.
Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər. Hadisə Yanvarın 25-i saat 18:32 radələrində başladı. Hadisələr baş verənə qədər Neftçalada Azərbaycan Xalq Cəbhəsinin Neftçala şöbəsində Milli Azadlıq Hərəkatı fəalları hərbçilərin hər hansı qırğın ehtimalını, qarşıdurma yaratmasını önləmək üçün danışıqlar aparırdı. Lakin, Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar.
Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar. İbrahim Nurlu “Neftçalada yanvar qırğını” adlı kitabında qeyd edir ki, əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. Neftçala rayon hərbi komendantı O.Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Leytenant Aksyonov ölmüş, bir əsgər yaralanmışdır.
Eyni zamanda şəhər sakinlərindən bir nəfər ölmüş, üç nəfər xəstəxanaya düşmüşdür. Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara var və axtarış davam edir.1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfər-Ramiz Cəfər oğlu Hüseynov, Novruz Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov, Oqtay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov yaralanıb, bütövlükdə isə 30 nəfər zərər görüb.
Ələkbər Talıbovun20 Yanvar faciəsi zamanı yaşadığı çətin və qayğılı günləri İbrahim Nurlu “Neftçalada yanvar qırğını” adlı kitabında yazırdı: “Əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirlər. 1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Ələkbər Məmmədəli oğlu Talıbov yaralanmışdır”. Müəllifə ünvanlanan məktubların birində Ələkbər Talıbov haqqında danışırdı: “Süngü Ələkbərin sol qaşı altına soxulmuşdu. Qan axıb gözlərinə dolurdu. Əlləri bağlı olduğundan nə qanı silir, nə də qanı saxlaya bilirdi. Sonradan qan soyuqdan laxtalanıb qurusa da göz qapağı şişmişdi. Sanki ağır bir yük vardı. Gözünü qırpa bilmirdi”.
Ələkbər Talıbov özü isə baş vermiş faciəni belə xatırlayırdı: “Neftçalada 20 Yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 Yanvar hadisələrinə öz etirazımızı bildirdik. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik…”.
1993-cü ildə baş vermiş Qarabağ müharibəsində də Ələkbər Talıbov iştirak etmişdir. Üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Batalyonun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər od-alovlu yerlərdən keçib. Ələkbər Talıbov Ağdamın Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərində xüsusi əməliyyatlarda iştirak etmişdir. Ələkbər Talıbov Çəmənlidə Orucov qardaşlarının tank diviziyasında da iştirak etmişdir.
3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının II Prezidenti Cənab Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adı Ələkbər Talıbova da verilmişdir. Bundan başqa 2000-ci ildə qanlı “20 Yanvar” hadisələrinin on illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür.
Vətəni uğrunda sinəsini sipər edən, şəxsiyyəti ilə örnəkƏləkbər Talıbov 8 mart 2020-ci ildə gözlənilmədən dünyasını dəyişib. Eyni zamanda qeyd edilməlidir ki, o Azərbaycan milli azadlıq hərəkatının üvzü, “20 Yanvar” qazisi, Qarabağ müharibəsi iştirakçısı, “Azaqlıq uğrunda mübariz”, Prezident təqaüdçü olmuşdu. Allah rəhmət etsin, ruhu şad olsun!
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib: “Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbovun bu gün aramızda olmaması bizim üçün olduqca ağır bir itkidir. Onun bu dünyadan köçməsi xalqın itkisi oldu. Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk. Məkanı Cənnət, Ruhu şad olsun!”
Neftçaladan millət vəkili seçilən, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Ələkbər Talıbovun ailəsinə başsağlığı verib: “20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülən Ələkbər Talıbov martın 8-də vəfat edib. Qazinin ailəsinə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət etsin”.
Bir daha vətənimizin hər qarışının hansı çətinliklərlə necə müdaifə olunduğun gördük. Bizləri bir mövqeydə birləşdirən vətənin vüqarı, amalı, namusu, iftixarıdır! Elini, yurdunu, obasını, xüsusilə Müstəqilik Azərbaycan Rerspublikasınıqanları və canları bahasına qoruyan şəhid və qazilərimiz elə bu müqəddəs, ana dediyimiz Vətəndir! Vətənimiz Azərbaycanın bügünkü və sabahkı rifahı dünənki qanlı tariximizdən gəlir! Qürur mənbəyimiz olan fədailər hər zaman qəlbimizdə ən əziz xatirə ilə yaşayacaqdır!
Lamiyə Əlibəy
Bakı Qızlar Universiteti
Şərhlər bağlıdır.