“Nikol Paşinyan türkdür”, “prezident Armen Sərkisyan Bakıda olub” – Ermənistanda əsl əcinnə ovu başlayıb

“Ermənistanda əsl əcinnə ovu başlayıb. Kimin kimdən xoşu gəlmirsə, onu satqınlıqda – Türkiyəyə və Azərbaycana işləməkdə ittiham edir. Əcinnə ovunu təşkil edənlər daxildəki rəqiblərinə qarşı “baş nazir Nikol Paşinyan türkdür”, “prezident Armen Sərkisyan Bakıda olub” ittihamlarının səsləndirdikdən sonra, indi də xarici düşmənlərin axtarışına başlayıblar”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloq bildirib ki, xarici təşkilatlardan birinin İrəvandakı təmsilçisinə qarşı Türkiyəyə çalışdığı iddiasını irəli sürərək onu ölkədən qovublar. Digər təşkilatı isə Dağlıq Qarabağdakı minaların basdırıldığı xəritəni Azərbaycana ötürməkdə ittiham ediblər və guya məhz bu səbəbdən Azərbaycan ordusu Şuşaya daxil ola bilib, sanki şəhərimizi döyüşsüz azad etmişik. Göründüyü kimi, məğlub ölkənin bir-birini didən qüvvələri özlərindən başqa hamını ittiham edirlər. O ki qaldı, minaların basdırıldığı ərazilərin xəritəsini guya Azərbaycana ötürən Böyük Britaniya və ABŞ birgə humanitar təşkilatı – “HALO Trust”a, onlar bunu inkar edirlər.

Bu təşkilat müharibədən əvvəl də, Dağlıq Qarabağda minaların təmizlənməsi ilə məşğul idi. Yəni əslində Azərbaycanın icazəsi olmadan bu işi görürdü. Humanitar təşkilat hamıya eyni gözlə baxmalı və minalardan ölümlərə imkan verməməlidir. Ona görə də təşkilatın erməniləri inandırmaq üçün “yox, biz Azərbaycana minaların xəritəsini verməmişik” fikirləri isə bir çox suallar doğurur: “Xəritəni verməyib Azərbaycan hərbçilərinin və mülki vətəndaşlarının minalardan daha çox həlak olmasını istəyirdiniz? Axı Siz humanitar təşkilat olaraq insanların minalardan ölməməsini təmin etməlisiz. Ona görə də xəritələri Azərbaycan tərəfə vermisizsə, düz etmisiz, halbuki inandırıcı deyil”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Şərhlər bağlıdır.