Əziz həmvətənlər, soydaşlar, məsləkdaşlar, tərəfdaşlar!
Şamaxı rəsədxanasının yaydığı məlumata görə, martın 20-də, saat 13:37-də yurdumuza Novruz bayramının müjdəçisi olan bahar gəlir. Qədəmləri ilə evlərə, ellərə, obalara ümid dolu arzular, istəklər gətirir. Gətirməklə də qalmasın, həyatda təcəssümlərinin şahidi olaq, köhnələri tarixin arxivinə qovuşsun, təzələri ilə əvəzlənsin. Necə ki, 30 ilə yaxın hər bir azərbaycanlının bayram arzularının fövqündə Qarabağımızın erməni işğalçılarından təmizlənməsi, milyona yaxın insanın, o cümlədən firqəçilərimizin, mühacirlərimizin də oradakı torpaqlara, yurd-yuvalarına qayıtmaları dayanırdı, indi növbədə digərləridir.
44 günlük qalibiyyətli müharibənin avanqardları sıralarında olan həmin insanları indi yeni hünər cəbhəsi- möhtəşəm quruculuq işləri gözləyir. Dünən Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi, Zəfərli Silahlı Qüvvələrimizin tarixi hünərləri ilə salnaməmizi zənginləşdirənlər artıq öz sözlərini deyiblər. İndi növbə Müstəqil Azərbaycanımızın sakinlərinindir.Onlar məharətlə döyüşməyi, orduya hərtərəfli kömək göstərməyi bacardıqları kimi möhtəşəm qurucular olduqlarını da sübut etməlidirlər. Yerlə-yeksan edilmiş yaşayış məskənlərinin yerində bütün dünyaya nümunə olacaq abad, yaraşıqlı, hamıya gəl-gəl deyəcək quruculuq əsərləri yaratmalıdırlar. Belə Qarabağı məhz xalqımız quracağından bunun 2021-ci ilin Novruzunun istəkləri fövqündə dayanacağı şəksizdir.
Lakin elə arzular da var ki, ona yenidən qovuşmaq üçün hələ müəyyən müddət yol getməliyik. Bu yol nə qədər qısa olsa bir o qədər yaxşıdır. Söhbət 1945-ci ilin dekabrında Vətənin o tayına, Güney Azərbaycanına azadlığın dadını bəxş etmiş 21 Azər hərəkatının yetirməsi olan Milli Hökumətin yaddaşlarda əbədi qalan bəşəri islahatlardan, həmin hakimiyyətin qan dəryasına qərq olunmasından gedir. Möhtəşəm hadisənin avanqardı Azərbaycan Demokrat Firqəsi idi və bu gün də növbətinin müəllifinin ADF olacağına böyük ümidlər bəslənməkdədir.İnam ondan qaynaqlanır ki, 75 ildir hiss edirik ki, yenə Şimallı bacı-qardaşlarımız son bir əsrdə heç vaxt özünü bizlərdən təcrid etməyib. Nəinki dekabrın 12-də, eləcə də bütün önəmi milli hadisələrin təsadüf etdiyi günlərdə eyni hisləri yaşamaqdadır.
Ümumiyyətlə, ötən əsrdən bəri Güneyimizdə baş verən bütün tarixi ictimai-siyasi hadisələrdə- Səttərxan, Şeyx Məhəmməd Xiyabani, 21 Azər hərəkatlarında Quzeylilərin möhtəşəm dəstəkləri unudulan deyil. İnqilabi hərəkatlar xarici işğalçıların fəal köməyi ilə qanlı rejimlər tərəfindən boğulanda Şimallı doğmalarımız milli mübarizlərin qorunması, evlə, işlə təmin olunması qayğısına qalıblar.
Bəli, Qarabağın azadlığı problemi tarixin arxivində yer alıb. Güneyimizin də bəşəri demokratik mühitə qovuşmaq uğrunda mübarizəsinin tezlikə səmərə verəcəyi inamındayıq. Bu bizlərin ümumi Novruz arzularındandır. İllər ötür, amma istəyimiz əbədi bizimlədir. Ona görə nikbinik ki, tək deyilik, Arazın həm sağında, həm də solunda əbədi dəstəyimiz var. Əlbəttə, Qələbə müjdəsindən bütün xalqımıza pay düşəcək.
Əziz həmvətənlər, soydaşlar, məsləkdaşlar, tərəfdaşlar, milli müstəqilliyimizin şəxsi yaşantılarımızdan müşahidə etdiyimiz ümdə üstünlüklərindən biri də milli bayramların sərbəst, icazəsiz qeyd olunmasıdır. Halbuki bu, Güneydəki doğmalarımıza 76 ildə cəmi bir dəfə qismət olub. Şimal da problemsiz, qadağalarsız qalmayıb. Dövlət müstəqilliyi elan olunanadək “Novruz bayramı” ifadəsinin rəsmən işlədilməsi yasaq edilib. Yaxşı yadımızdadır ki, 1990-cı ilədək yaşadığımız Sovet Azərbaycanında bayramı öz adı ilə rəsmən qeyd edən yeganə təşkilat Azərbaycan Demokrat Firqəsi idi. O vaxtlar martın 21-də hər il düzənlənən bayram tədbirlərimizə respublikanın bütün partiya və sovet rəsmiləri qatılar, nemətlərdən dadar və deyərdilər: “İnşallah, Təbrizdə Novruzumuzu birlikdə qeyd edək!” Heç şübhəsiz, onların bu duyğunu sərbəst dilə gətirmələrindən bizlər də qürur duyuruq.
Azərbaycan Demokrat Firqəsi belə bəşəri düşüncələr fonunda hamınıza xoş diləklərini yetirir, hər birinizə uğurlar, cansağlığı arzulayır!
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin Sədri
Şərhlər bağlıdır.