General Qulam Yəhya Daneşyani

Hörmətli oxucular, Azerbaycan-ruznamesi.org Milli Ordunun generalları silsiləsindən yazılara görkəmli ictimai-siyasi xadim Qulam Yəhya Daneşyani barədə yazı ilə yekun vurur. Saytımız onu heç də sırada axıra saxlamadı. Çünki Azərbaycan Demokrat Firqəsinə mühacirətdə ömrünün sonunadək rəhbərlik etmiş bu şərəfli insan otaylı-butaylı Azərbaycanımızın tarixinə adı əbədi yazılan şəxsiyyətlərdəndir.

Onun bir sərkərdə, cəsur komandan kimi xidmətlərinə dair kifayət qədər silsilə yazılar həsr edilib. Redaksiyamız bunların əksəriyyəti ilə oxucuların mütləq surətdə tanış olmasına çalışacaq. Bu ona görə vacibdir ki, Firqə bileti gəzdirən, inqilabçılar nəslinə mənsub olan hər bir şəxsin belə ömür yolu ilə tanış olması zəruridir. İndi isə oxucuları generalın həyat yolu ilə müfəssəl tanış edirik.

Daneşyani Qulam Yəhya oğlu 1906-cı ildə Sarab mahalının Əsgərabad (Əsgərav) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.

1918-ci ildə atası ilə birlikdə Şimali Azərbaycana gələrək, Bakının Sabunçu qəsəbəsində yaşamış, zavodda çilingər işləmişdir. Axşamlar təhsil almışdır.

1937-ci ildə İrana qayıtmış, həmin ildə həbs edilərək 1939-cu ilə qədər zindan həyatı sürmüşdür. 1939-cu ildən Miyana dəmir yolunda mexanik işləmişdir.

1941-ci ildə İran Xalq Partiyasının sıralarına daxil olmuşdur. Qulam Yəhya İran Xalq Partiyasının Sarab və Miyana təşkilatlarına başçılıq etmişdir.

1942-ci ildən 1943-cü ilə qədər şah rejimi tərəfindən yenidən həbs edilmişdir. 1943-cü ildən 1945-ci ilin sentyabr ayına qədər Miyana Vilayət Komitəsinin Sədri seçilmişdir.

1945-ci ilin sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarlna qoşulmuş, firqənin birinci qurultayında iştirak etmişdir. Qurultayda Mərkəzi Təftiş Komisiyasının üzvü seçilmiş, Miyanada başlanan hərəkata başçılıq etmiş və hərəkatın qələbəsinə nail olmuşdur.

Miyana fədailəri 21 Azər hərəkatının  qələbəsində öz layiqli yerlərini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi Seyid Cəfər Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır.

Azərbaycan Milli Hökuməti və Milli Məclisi Qulam Yəhyanın inqilabi fəaliyyətini nəzərə alaraq onu “21 Azər” medalı və “Səttarxan” ordeni ilə təltif etmiş, ona general rütbəsi verilmişdir.

General Qulam Yəhya Milli Hökumətə qarşı olan irtica və şah qoşunları ilə apardığı müharibədə Zəncan cəbhəsində fədai və Xalq Qoşunlarının başçısı seçilmişdir. Azərbaycan Milli Hökuməti ilə İran dövləti arasındakı 13 iyun 1946-cı il tarixli müqaviləyə əsasən iyun ayında əyalət əncüməni tərəfindən Azərbaycanda fədai dəstəsinə rəhbərlik edəcək nigəhbanlıqidarəsinin (mühafizə polisinin) rəisi seçilmişdir.

General Qulam Yəhya 1946-cı ilin dekabr ayının sonlarında Sovet Azərbaycanına mühacirət etmiş, ali təhsil almışdır. O, mühacirət illərində də Azərbaycan Demokrat Firqəsinin  fəaliyyətində yaxından iştirak etmiş və çoxlu mühacirlərin Azərbaycanda  yerləşdirilməsini öz üzərinə götürmüşdür.

1958-ci ildən 1979-cu ilə qədər Azərbaycan Demokrat Firqəsinin sədri olmuşdur.

Görkəmli fədai Qulam Yəhya Daneşyan 1986-cı ilin avqust ayında dünyasını dəyişmiş və Bakı şəhərində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Qulam Yəhyanın apardığı mübarizə gənc nəsil üçün bir örnək, ata – babaların keçirdikləri yolları izləmək və demokratiya uğrunda apardıqları mübarizədən tarixi dərs almaq onların milli vəzifəsidir.

Güləddin İsmayılov

Şərhlər bağlıdır.