MƏCİD SƏRDAR OĞLU BÖYÜKAĞABƏYLİ: FİRQƏ QAYIDACAQ
80-Cİ İLLƏRİN FƏDAKAR MÜBARİZLƏRİ
Məcid Sərdar oğlu Böyükağabəyli 1284-cü şəmsi ilində (1915-ci miladda) Şahsevən elinin (Elsevən) Xamıslı tayfasının başçısı olan Sərdar bəyin evində, Muğan yaylaqları olan Kuzə torpaq, Zeyvə, Zərdəli, Batmanbulaq kəndlərinin, obalarının birində dünyaya göz açıb. Anası Səkinə xanım Kəsəbə və Pişəvər ailəsinin çox bacarıqlı, elin-obanın, çölün-səhranın, bitkinin, heyvanın xasiyyətlərini, adətlərini və dilini bilən xanım-xatın idi. Sərdar bəy isə Xamuslu elinin başçısı, mahir çaparı, saz çalanı, xeyirxah xanı sayılırdı. Taleyin tutqun vaxtlarında Sərəhdə yaşayan Sərdar bəy də 1918-ci ildə, 27 yaşında ağqvardiyaçı rusların və daşnak ermənilərin sərhəd zonalarına basqınları zamanı onların namərd gülləsinə tuş gəldi və ailəsini başsız qoydu.
Səkinə xanım gəncliyinə, tənhalığına və dövrünü qara bulud aldığına baxmayaraq 3 yaşlı Məcidin sərpərstliyini öz öhdəsinə götürdü. Lakin yurdunda səfalət, işsizlik və cəhalət hökm sürdüyü üçün digər həmyerliləri təkin iş dalınca, cocuq Məcidi də yaşatmaq, ağ günə çıxartmaq üçün Bakıya üz tutdu. Orada çox çəkmədi ki, xəstəxanada işə götürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlarımıza yaratdığı gözəl abu-hava onun da üzünün gülümsəməsinə şans verdi. Çox keçmədi o taydan Bakıya gələn bələdçilərdən birinə bir ovuc qızıl verdi, o tayda qalmış 4 yaşlı Məcidini də yanına gətizdirdi. Xanıma bu işdə Əmir adlı şəxs kömək etdi. Sonralar Məcid yollarda gördüyü və heyran olduğu hadisələri çox şirin xatirələrlə yad edirdi.
İlk dəfə qatar gördükdə onu əjdahaya oxşatdı. Başqa bir polisin işçisinin kiçik oğlanın ciblərini noğul-nabatla doldurmasını təbəssümlə xatırlayırdı. Məcidi Bakıda 4 yaşında uşaq baxçasına qoydular. Məktəbə alışır, ana dilində mükəmməl yazıb-oxumağı və rus dilini öyrənirdi. Hər gün idmanla məşğul olur, gümrah böyüyür, boy atır, rəşid və sağlam qəddi-qamətli cavana çevrilirdi. İbtidai məktəbi bitirdi, sonra orta məktəbi və texnikumu tamamladı. 16 yaşa çatdıqda, yeniyetmə Məcid ətraflı müşahidələrə, gözəl dünyagörüşünə malik olur. Xeyirxah duyğularla böyüyən, vətən sevgili Məcid anasına doğulduğu eldən, obasından, vətənindən suallar verməyə başlayır. Nəhayət ana-bala 1931-ci ildə geri qayıtmağa qərar verirlər. Bu iş o dövrdə Bakıdakı İran konsulluğunun verdiyi sənədlə, kağız və sifariş yolu ilə həyata keçirilirdi.
Konsul görüş zamanı Məcidə dedi ki, o tayda sərhəddə soruşanda niyə qayıdırsız, deməlisiz aclıq idi, ona görə qayıdırıq vətənə. Ana-bala Ənzəli limanında gəmidən düşəndə İran zabitləri ilə rastlaşdılar. Məcidə gözlədiyi sualı verdilər: “nə üçün qayıdırsınız”. Məsləhət bilinən cavabı verdi. Zabit gülümsəyərək soruşdu ki, ac adamda belə yaraşıqlı paltarlar haradandır? Nəhayət ana-bala özlərini doğma yurdları olan Ərdəbilə çatdırdılar. Şəhəri gəzib-dolandıqda çox tez başa düşdülər ki, əslində aclıq, səfillik və cəhalət burada imiş. Küçələr zir-zibili, qəhvəxanalar tiryəkilərlə dolu, meydanlarda ac-yalavac işsiz hamballar. Rza şahın təhkim etdiyi quldur pasibanlar, gəlib-gedənin qarşısını kəsir, üstəlik acgöz adamlar təkin gözləri camaatın bahalı paltalarında və s.
Ana-bala iş dalınca ora-bura baş çəkdilər, çox çətin vəziyyətdə yaşadılar. Burada bir məsəl yada düşür. Kərəm deyir birəm-birəm qar gəlir, burdan qayıtmaq mənə ar gəlir. Ona görə də daha Bakıya üz tutmadılar Rəşt şəhərinə tərəf yola düşdülər. Orada Məcid müvəqqəti olaraq tokar sexində gündəlik yavan çörək pulunu çıxartmağa az da olsa nail olur. Çox çəkmir sex də bağlanır. Məcid Ənzəli şəhərinə üz tutur. Orada almanların hərbi gəmsinin qaydaya salınmasında xüsusi bacarıq nümayiş etdirir. Eyni zamanda alman dilini də sürətlə onlardan öyrənir. Gəmi hazırlanandan sonra alman müstəşarları Məcidə təklif edirlər ki, əskəri xidmətini burada çəkməsinə razılıq versin. Lakin onlar bir tərəfdən alman faşizminin, digər tərəfdən isə diktator Rza şahın ximətində olduqları üçün gənc təkliflərlə razılaşa bilmir. Xahiş edir ki, vəd etkləri hücrəti ödəsinlər. Təklifə gəldikdə anası ilə məsləhətləşəcəyini deyir.
Pulunun bir qismini almağa nail olan Məcid daha Ənzəliyə qayıtmır. Yeni iş dalınca Tonikabun şəhərinə yola düşür. Orada bir buxar maşınını işə salır. Yavaş-yavaş Tonikabun, Behşər və Rəşd şəhərlərində mövcud olan fabriklərin texniki işlərini bacarıqla sahmanlayır. İkinci Dünya Müharibəsinədək orada bir çox alman montorları onun nəzarəti altında idi. Müharibə başlayır, alman montorları və hərbiçiləri İrandan qaçmağa məcbur olurlar. Bu ərəfədə Məcidə İranda qaldıqları vaxtlarda alman hökumətinə cəsusluq etdiklərini və Sovet qoşunu bura gəldiyi üçün daha qala bilməyəcəklərini söyləyirlər. Əllərinin altında olan təsisat və dəzgahları Məcidə tapşıraraq gedirlər. O isə mövcud avadanlıqların dələduzların əlinə düşməməsində Şimal şəhərlərindəki sex və fabriklərin işçilərinə güvənir. Həmyerlilərinin köməyi ilə komitələr təşkil edir. Zavod və karxanalarda idarə və istehsal prosesinə nəzarətdə, istehsal olunan malların satışı və gəlirlərin işçilər arasında ədalətli bölünməsində həlledici rəhbər rolunu oynayır. Həmin yerlərdə işləyənlərin əksəriyyətini Azərbaycan mühacir türkləri təşkil edirdi.
Ənzəli, Rəşd, Lahican, Behşər, Tonikabun və digər yerlərdə teatr klubları və idman zalları, digər konsert və əyləncə yerləri Məcidin başçılığı və ifaçılığı ilə təşkil edilir. Halbuki o zamanadək bir dənə teatra belə İran şəhərlərində rast gəlmək olmazdı. Həmin klublarda Məcidin başçılığı və ifaçılığı ilə “Arşın mal alan”, “Məşədi İbad” və digər pyeslər dəfələrlə ifa edilir. Tamaşalar həmyerlilərimizin böyük rəğbəti ilə qarşılanır. Məcid əşrar, dələduz və dəllallar xalqın malından əllərini kəssin deyə həmyerlilərimizin bacarılı insanlarından paylama komitələri yaradır. Komitələr İkinci Dünya Müharibəsində ərzaq qıtlıqlarının aradan qaldırıması və xalqın əlinə ucuz çatmasında yardımçı olurlar. Lakin Rza şah ölkədən qaçdıqda oğlu Məhəmməd Rza şahın əlaltıları Məcid və onunla bərabər həmin komitədə çalışan adamları həbs edirlər. Şah yerli dövlət orqanları vasitəsilə onlara edam hökmü çıxartdırır. Əgər o dövrdə əhalinin ağsaqqaları məhkəmələr qarşısında toplanmasaydı, mərdliklə Məcid və yoldaşlarının çox kəskin şüarlarla müdafiə etməsəydilər, uca səslə məhkəmə qarşısında “Əgər bunlar olmasaydı biz acından ölmüşdük” deməsəydilər Məcid və yoldaşları çoxdan güllələnmişdilər.
Məhkəmə geri oturur, onlar öncə Bəndərabbasa və sonralar oradan Sircan şəhərinə sürgünə göndərilir. Sürgündə olanların hamısı, o cümlədən Məcid tif xəstəliyinə düçar olur. Məcidgil türk olduqlarından Sircanda əksəriyyəti təşkil edən Bıçaqçı elinin qayğısından bəhrələnirlər. Bunun da qarşılığında Məcid şəhər elektrik işıq motorunu Bıçaqçılar üşün işə salır. Sürgündən qayıtdıqda Ərdəbilin yurdçu Abbəyli mahalının Dəymədağıla kənddinə dönür. Hansı ki, orada Məcidin bibisi İranə xanımla və onun həyat yoldaşı Firiz 3 il qohumları Əzəmət xanımla birlikdə Rza şahın Ərdəbil, Xalxal kəndlərini ələ keçirtməsinə qarşı savaşmışdılar. Dəymədağılan kənddində Məcid işə başlayaraq Ərdəbildə də bir akumlaytor sexi açır. Elə bu vaxt görkəmli inqilabçı, ictimai-siyasi xadim Mir Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Firqəsi qurulur. Məcid tam vücudu ilə bütün istedadını firqənin ixtiyarında qoyur.
Milli Hökumətin yaranması və Ərdəbil vilayətində təşkilatlarının açılması Məcidin və onun bibisi İranə xanımın fəaliyyəti ilə böyük uğur qazanır. Milli, mədəni təşkilatları ilə bərabər dostu Həsən Artistlə Ərdəbildə kino sənətini yaradır, onun və klubların fəaliyyətində xüsusi zəhməti olur. Nəhayət Pəhləvi rejimi xarici həmkarların köməyi ilə Milli Hökumətə qarşı hərəkətə keçir. Lakin Məcid öz məsləkindən geri çəkilməyərək Təbrizdən aldığı partiya əmrlərini biri-birinin ardınca yerinə yetirir. 21 Azər günündə Milli Hökumətin süqutuna baxmayaraq Məcid Təbrizdən aldığı Ərdəbildə miting keçirmə qərarını ləğv etmir. Mərkəzi meydanda öz atəşin nitq ilə demokratların son qətrə qanınadək savaş əzmlərini dilə gətirir.
Bu mitinq Məcidin Ərdəbildə daha artıq tanınmasına səbəb olur. Qara buludlar Ərdəbil səmasını almış və irticaçı Məməhmməd Rza məmurları din xadimləri ilə birlikdə qətl hökmləri ilə əhaliyə divan tuturdular. Bəhram xanın adamlarından Əhməd adlı birisi Məcidi güdaza versə də gizlənməyə nail olur. Bu evdən o evə, bu samanlıqdan başqa mağaraya əmniyələrin təqibi ucbatından Ərdəbildən qaçmağa məcbur olur. İki ay ərzində talışlara pənah aparır və onlarn içərisində yaşamağa imkan tapır. Çoxları Məcidə Bakıya qaç təklif edəndə o qaçanlar da qayıdacaq cavabını verirdi.
Əmniyələr talışlar arasında da Məcidi axtaramağa başladılar, amma onlar mərd mübarizi ələ vermirlər, Ənzəli tərəfə yola salırlar. Bir müddət meşələrdə ac-susuz, qışın soyuq çağında canavarlarla baş-başa qalaraq özünü Ənzəli caddəsinə çatdırır. Bir maşın onun qarşısında əyləci basıb saxlayır. O maşının sürücüsü Həsən adlı həmyerlisi idi. Bir gün Ərdəbildə akumlayator dükanında sözləri çəp gəlmiş, Həsənə şillə də vurmuşdu. Həsən də and içmişdi ki, Məcidi nə vaxtsa maşın altına qoyub öldürəcək. İndi isə qarşı-qarşıya dayamışdılar. Həsən onu pis gündə, palçıq içərisində olduğuna baxmayaraq ilk baxışdan tanıyır. Uca səslə çağırır: “Qalx üstə, daha səni öldürməyəcəm. Mən namərd deyiləm. Sənin qaçaq olduğunu bilirəm. Gəl üstə, səni Ənzəliyə çardıracağam. Qorxma əmniyənin əlinə verməyəcəm.”
Məcid qapını açıb maşında əyləşir. Həsən palatarların çıxardıb Məcidə verir. Pul verir. Yemək alır. Ənzəliyə çatıb sağ-salamat ayrılırlar. Həsənin comərdliyi Məcidi heyran qoyur. Düşdüyü yolu davamına fikirləşib özünü Azərbaycandan kənar həmyerlilərinə çatdlırmağı düşünür. Çox üzüntülərlə özünü Tehrana çatdırır. Orda da mühacir azərbaycanlılar məhəllərin birində maşın akumlatoru dükanı açır. Lakin bir müddətdən sonra yenə də onu təqib edən məmurlar izini tapırlar. Bir gün Məcid dükanın yanıdakı qəhvəxanada çörək yeyəndə, eşidir ki, bir nəfər qəhvəçidən onu soruşur. Başın qaldırıb adama baxanda agahi məmuru Mahmudini tanıyır. Qəhvəçi də deyir ki, Məcid hərdən bir bura gələr. Məcidi ələ vermir. Mahmudi məmur idi ki, vaxtı ilə məntəqənin böyüyü olan şahçı Bəhramxan tərəfindən öldürülürdü. Bəharmxanın qarşısını alan Məcid Mahmudinin indi onun izinə düşdüyünün şahidi olur. Öz-özünə deyir ki, gərək qoyaydım qohumum Bəhramxan Mahmudini cəhənnəmə vasil eləyəydi. Nəhayət Məcid işni və dükanını buraxıb Tehrandakı həmyerlilərinin yanında bir neçə gün gizlənərək yaşayır. Lakin həmyerliləri onu xan hesab edərək Bəndər Türkmənə yola salmaq üçün dəmir yol vağzalına gətirirlər. Vağzalda biletlər satılmışdı. Məcid isə cibində pulu olmadığına görə ucuz bilet axtarırdı. Amma ucuz bilet satılmışdı. Bu anda vağzalda olan varlı, karlı bir qadın öz biletini satmaq istəyəndə həmyerliləri onun biletin Məcidə təklif edirlər. Məcidin cibində ancaq biletin pulu qədər 23 tümən beş qran olur. Məcid özünü sındırmamaq üçün cibində olan 23 tümənlə bu bileti alır. Ac-yalavac Türkəmən Bəndərinə yola düşür. Məcidi orada da ağrılı-acılı günlər gözləyir. Aylar, illər ötür, qara buludlar Məcidin başının üstündən əskilmir. Amma o öz iradəsini, şəxsiyyətini itirmir, yeri gələndə xoş zövq ilə ürək yanğılarını poetik misralarla dilə gətirir.
Gövdeyi qənbərdə məncə milləti bikari yazım
Ağzından köpük qusur milləti bimari yazım.
Yayda cəhənnəmdə gəzir, qışda yeyir qarı yazım
Dərvazada gördüyüm min cürə iradı yazım
Cib kəsən, bıçaq çəkən min cürə şəyyadı yazım
Bunları bədbəxt eləyən hansı bir əşrarı yazım
Bunları bədbəxt eləyən siz dediyiniz Tarı yazım?
Əstəxfurullah necə mən beylə puç əfakrı yazım!
Məcid Bəndər Türkməndə yenədə maşın akumlyatoru təmirigahı açır, oğlunu şagird kimi ora qoyur. Ona tapşırır ki, məni soruşan adamlara dükanda olsam da belə tanışlıq vermə, adımı bildirmə, onlara sabah gələcəyimi söylə. Günlərin bir günündə yenə də Məmur Mahmudi Bəndər Türkməndə tapılır. Məcidi dükanda oğlundan soruşanda ki, buranın sahibi kimdi və hardadı, Məcidin oğlu buranın sahibi sabah gələcək deyə atasını gizlədir. Məmur soruşanda ki, bəs o kişi kimdi, müştəridi deyib atasına nicat verir. Məcid yenə də dükanı qoyub qaçmağa məcbur olur. Gürgan və Kürdkuy şəhərlərinə üz tutur. Həmin şəhərlərin birində şəhər işıqlandırma elektro motornu qoşub işə salandan sonra şəhridar, fərmandar və bəxşidar Məciddən xahiş edirlər ki, həmişəlik orda qalaraq bütün şəhərin işıqladırma idarə etmək üçün işçiləri və işləri öz üzərinə götürsün.
İllər ötür, aylar keçir, Məcid burada öz başın girələyir. Məmləkətin işləri də düzəlmir ki, düzəlmir. Aclıq gündən-günə çoxalır. Toxlar da acların qayğısına qalmır deyə kövrək ürəyini və həssas beynini hər zaman məşğul edir. O şeirlərinin birində yazır:
Bəzinin yox çarəsi qanın satır,
Bəzisi yamaqlı yorğanın satir.
Qoca miskin əl açır dideyi giryanın satır.
Bəzinin var kuzəsi su ilə ayranı satır.
Məcidin Eynulla adlı işçisinin nişanlısı su gətirməyə gedən zaman polis işçilərindən biri hər gün ona sataşırmış. Eynulla da bu işdən xəbər tutduqda polisin ağzını-burnunu dağıdır və həbs olunur. Məcid işçisinin ardınca polis qərargahına getdikdə və həbsin səbəbin soruşduqda polis işçisinin döyülməsi qərargah başçısı polkovnik tərədindən deyilir. Məcid işçisinin nişanlısının polis işçisi tərəfindən incidilməsini söyləyir. Polkovnik deyir ki, bu işin sənə nə dəxli var? Sənin qızına ki, sataşmayıb. Bu anda Məcid polkovikin qulağın dibinə vurduqda polkovnik yıxılıb hüşunu itirir. Ayıldıqda əmr edir ki, Eynullanı buraxıb Məcidi onun yerinə salsınlar. Lakin bunu eşidən Məcidin işçiləri şəhərin işıqların söndürürlər. İşığın nədən sönməsini soruşduqda deyirlər ki, bunu ancaq Məcid bilir. Böyük bir şəhər əhalisi ilə bərabər bəxşdar, fərmandar, şəhridar polis qərargahına üz tutaraq Məcidin azadlığını tələb edirlər. Lakin polis qərargahın polkovniki Məcidin azadlığını özünə sığışdırmayaraq onu şərləməyə plan cızır.
Polkovnik şəhərin baş həkiminin arvadına sataşması ilə Məcidi şərləyir. Eyni zamanda da onun haqqında Tehrana raport verir. Tehranın Agahi İdarəsi Məcid haqqında araşdırma aparır, kimliyi, Bakıdan gəlişi, firqəçi və sonra qaçaq olduğunu üzə çıxarır. Tehran Hərbi Məhkəməsi Məcid olan şəhərdə ona məhkəmə qurur. Məcidin keçmişi də şər ittihamlarına əlavə edilir. Tehrandan gələn məhkəmə hakimi polkovniki bir Azərbaycan türkü idi. Məhkəmə də Məcidə üzünü tutaraq birbəbir sayır ki, Bakıdan gəlmisən, firqəçi olmusan, uzun illər qaçaq yaşamısan. İndi də arvad-uşağın olaraq filan gün, filan saatda başqasının arvadına sataşırsan. Utanmırsan sən? Bununla sənə edam hökmü çıxarmalıyam. Məcid söz alaraq polkovnikə üzün tutub deyir: Cənab hakim, sizə deməliyəm ki, polis qərargah rəisi və şəhər baş həkimi düz demirlər! Siz deyən vaxtda mən xəstəxanada əməliyatda olmuşam. Bunu deyib köynəyini yuxarı qaldıraraq əməliyat olunmuş yerini göstəir və xəstəxana kağızlarını hakimə təqdim edir. Deyir ki, cənab hakim baş həkim mənə rəhm etmir heç, o öz arvadının namusunu qorumağa da layiq deyil. Məni necə şərliyirsə öz möhtərəm xanımını da şərləyir.
Hakimi bu sözlər çox düşündürür Məcidin əməliyyat olunmuş yerinin tikiş yerlərinə diqqətlə baxıb, sonra xəstəxana kağızlarını bir neçə dəfə gözdən keçirir. Bu hadisə ilə ilə rastlaşan hakim çox qəzəblənir. Xəstəxana kağızları, tikiş yerləri onu belə qərara gətiri ki, Məcidə vurulan digər ittihamlar da şərləmənin digər hissələridir. Dərhal onu məhkəmə zalında azadlığa buraxır. Məcid bir an rahat nəfəs alaraq, dərin düşüncələrə dalır. Öz-özünə deyir görəsən hakim peşman olmaz? Yaxud yenidən bu işin araşdırılmasına qayıdacaq mı? Yeni şərləmələrlə bərabər, onun qaçaqlığı üzə çıxmaz ki?
Bir çox suallar Məcidi narahat edirdi. Ona görə də daha bu şəhərdə qala bilməcəyini düşünür. Təcili surətdə dostları ilə vidalaşıb başını götürüb qaçmağa qərar verir. Ömrünün sonunadək tam gizli yaşamağı qərara alır. Özünü tərkidünya edir. Məhəmməd Rza səltənəti süquta uğrayana qədər gizli həyat yaşayır. Bunlara baxmayaraq o, rejimi tənqid etməkdən çəkinmir və firqənin yenidən qayıtma inamını əldən vermir. Rejimə qarşı yazmaqdan da əl çəkmir. Yazdıqlarını yayır. Şeirləri həmvətənlərimiz arasında rəqbətlə oxunur, dildən-dilə gəzir.
Gəl gedək növbə tutaq, bir benz suvari gəl gedək.
Cənubi Tehran da tutub qəmin qubarı gəl gedək…
Məcid bir-birini əvəz edən rejimin hökumətlərini və baş nazirlərini müxtəlif dövrlərdə tənqid atəşinə tutur və yazdığı şeirlər əhali arasında geniş yayılır:
“Əz koca avordei” mod tutub Tehran da deyir
Bunu “əmr nizam” yanındakı xan da deyir.
“Zülfüqarı” zülfünə hərdən yenə şanə çəkir,
Belə bil sözləri çox müftəxor “İran” da deyir…
Məcid Sərdar oğlu Böyükağabəyli 1368-ci (1989) ildə firqənin fəaliyyətinin, Milli Hökumətinin qayıdışınnın intizarında qalaraq, dünyadan köçür. O, həmişə dürüstkarlığına, səmimiyyətinə, səxavətinə, çalışqanlığına, vətənpərvərliyinə, millətinə sayğısına, xoş zövqünə, yüksək şəxsiyyətinə… görə daim hörmətlə xatırlanır.
Abdulla Əmir Haşimi Cavanşir
Şərhlər bağlıdır.